Rusiyada 1 mindən çox Azərbaycan vətəndaşı təhsil alır
2018-2019-cu tədris ilində Azərbaycandan olan 205 nəfərin RF-də büdcə hesabına pulsuz təhsil alması üçün kvota ayrılıb. Ümumiyyətlə, təhsilin bütün növləri üzrə, aspirantura da daxil olmaqla 11 mindən çox Azərbaycan vətəndaşı oxuyur. Onlardan 1017 nəfəri federal büdcə vəsaitləri hesabına, 10284 nəfəri kommersiya əsasında təhsil alır.
AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo” agentliyinin rəhbəri Eleonora Mitrifanova bu məlumatı RF Dövlət Dumasında keçirilmiş “Rusiya ilə Azərbaycan arasında mədəni körpülər mədəniyyətlərarası dialoqun əsasıdır” mövzusunda dəyirmi masada səsləndirib. O qeyd edib ki, Azərbaycanda 130 min nəfərlik rusdilli diaspor yaşayır. Bu, ən iri rusdilli icmalardan biridir. Digər tərəfdən, hazırda Rusiya ərazisində 2,5 milyon Azərbaycan vətəndaşı çalışır. Zəngin mədəni əlaqələr siyasi əlaqələrin mühüm əsasıdır və onları tamamlayır. İlk növbədə ölkələrimizin liderləri Vladimir Putin və İlham Əliyevin münasibətləri çox səmərəli və intensivdir. Bizim nazirlər müntəzəm olaraq görüşürlər. Keçən həftə Patriarx Kirill Azərbaycan Prezidenti ilə görüşüb. Rəmzi haldır ki, Azərbaycan Rusiyanın üçüncü ölkələrlə danışıqlar aparması üçün dəfələrlə qonaqpərvər beynəlxalq məkan kimi çıxış edib və bu missiyanı davam etdirir. Biz Azərbaycanın bu töhfəsini yüksək qiymətləndiririk”.
“Rossotrudniçestvo” agentliyinin rəhbəri xatırladıb ki, Azərbaycanda tədrisin rus dilində aparıldığı 340-dan çox məktəb var, 3 mindən çox məktəbdə isə rus dili xarici dil kimi tədris edilir. Həmin məktəblərdən 50-si Azərbaycan Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi layihəsinə daxil edilib. E. Mitrofanova sonda deyib: “Ölkələrimiz arasında ikitərəfli humanitar əlaqələr möhkəmdir və bu əlaqələrin intensiv inkişafı davam edir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət