Slimfit
  1. SİYASƏT

“Rus səfirin Qarabağ açıqlaması ziyanlıdır” - Siyasi ekspert

“Rus səfirin Qarabağ açıqlaması ziyanlıdır” - Siyasi ekspert
Sakura

“Rus səfirin Qarabağ açıqlaması ziyanlıdır” - Siyasi ekspert

Ümumiyyətlə, son vaxtlar həm Rusiya-Ermənistan münasibətləri, həm də Dağlıq Qarabağ probleminə münasibətdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında gedən müzakirələr zamanı müxtəlif ziddiyyətli fikirlər səslənir. Məsələn, Ermənistan var gücü ilə Azərbaycanın KTMT-də müşahidəçi statusu ilə təmsil olunmasının əleyhinə olduğu halda, KTMT-nin son iclaslarının birində Belarus təmsilçisi olan baş katib Stanislav Zas Azərbaycanın KTMT-yə qəbul olunacağının mümkünlüyü barədə bəyanat verib. Bu da Ermənistanda böyük narahatlıq doğurub.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı səfirinin son günlər verdiyi açıqlama Dağlıq Qarabağ probleminin indiki həlli prosesinə qəti şəkildə cavab vermir:

“O mənada ki, Azərbaycan yox, Ermənistan həmin təşkilatın üzvüdür. Azərbaycan Ermənistana bu gün hər hansı təcavüz əməliyyatında bulunmur, təcavüz planına malik deyil. Belə olan şəraitdə KTMT-nin Azərbaycan-Ermənistan münasibətlərinə hər hansı formada müdaxiləsi üçün heç bir əsas yoxdur”.

A. Quliyev qeyd edib ki, Ermənistanın təcavüzkar olduğu bu gün heç kim üçün sirr deyil:

“Ermənistan Azərbaycanla bağlı bu gün də təcavüzkar addımlar atır. Ölkəmiz sadəcə olaraq müdafiə olunur. Həm daxildə – təmas xəttində öz ərazi bütövlüyünün təmin olunması istiqamətində, həm də Ermənistanda dövlət sərhədində açıq-aşkar təcavüzə, basqılara məruz qalır. Belə olan şəraitdə KTMT ilə bağlı Rusiya səfirinin verdiyi açıqlama gedən proseslərin perspektivinə uyğun gəlmir və açığını deyim ki, ziyanlı səslənir. Çünki etiraf edirik ki, Qarabağ probleminin həllində Rusiyanın önəmli rolu var. Rusiyanın bundan da artıq təsir göstərmək imkanları, potensialı mövcuddur. Rusiya istəsə və malik olduğu bütün potensiallardan istifadə etsə, Dağlıq Qarabağ probleminin tənzimlənməsi üzrə çox böyük nəticələr əldə etmək mümkün olar. İndiki şəraitdə KTMT-nin yox, məhz Rusiyanın prosesə təsir göstərmək gücü var. Hesab edirəm ki, KTMT-nin hansısa imkanlarından danışmaq, KTMT-ni bu prosesə qarışdırmaq prosesə ziyandan başqa heç nə vermir. Yəqin ki, Rusiya səfirinin bu bəyanatı ya kontekstdən çıxarılmış fikirlərdir, ya da həqiqətən belə deyilibsə, ona aydınlıq gətirilməsi üçün yeni bəyanatlar səslənəcək”.

Qeyd edək ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin KTMT-nin, Ermənistan və Rusiyanın təhlükəsizlik sahəsində əməkdaşlığının Ermənistan-Azərbaycan sərhədində sabitliyi təmin edə biləcəyini bildirib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsindən danışan səfir deyib:

“KTMT vəziyyətin mənfi ssenariyə doğru inkişaf etməməsində, eskalasiyanın baş verməməsində əhəmiyyətli rol oynayır, buna zəmanət verir. Bu, vacib və güclü təhlükəsizlik yastığıdır. KTMT çərçivəsində Rusiya-Ermənistan ikitərəfli təhlükəsizlik əməkdaşlığı da mövcuddur. Düşünürəm ki, bu amillər sabitliyi və barışı təmin etmək üçün kifayət qədər əhəmiyyətlidir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR