Slimfit
  1. DÜNYA

Rus dilinin kökünü kəsməyə çalışan Ermənistan

Rus dilinin kökünü kəsməyə çalışan Ermənistan
Sakura

Rus dilinin kökünü kəsməyə çalışan Ermənistan

Politoloq: “Vəziyyət Kremlin Ermənistanı cəzalandırmasına qədər inkişaf edə bilər...”

Rusiyanın insan haqları üzrə müvəkkili (ombudsman) Tatyana Moskalkova bir sıra xarici ölkələrdə, o cümlədən Ermənistanda rus dilinin sıxışdırıldığını bəyan edib. “RİA-Novosti”yə açıqlamasında ombudsman deyib ki, bir sıra dövlətlərdə rus dilinin öyrənilməsinin yasaqlanması böyük problemlər yaradır və bu, rus dilində danışanların hüquqlarının kobud şəkildə pozulması deməkdir: “Bunlar Baltikyanı dövlətlər, Ermənistan, Qırğızıstan və digər ölkələrdir. Orada insanları öz uşaqlarını rus dilində təhsil almaqdan məhrum edirlər”.

Qeyd edək ki, Rusiyadan Ermənistanın ünvanına bu kimi narazılıqlar indiyədək adətən qeyri-rəsmi səviyyədə səslənirdi. Ancaq artıq Moskvadan rəsmi şəxslərin təpkiləri gəlməyə başlayıb. Ermənistanda isə xüsusən də “məxməri inqilab”dan sonra rus dilinin, bütövlükdə rus təsirini azaltmaq üçün məqsədyönlü iş aparılır. Bunu heç gizlətmirlər də. Məsələn, ölkənin yeni təhsil və elm naziri Araik Arutunyan vəzifəsinə keçər-keçməz açıq şəkildə bəyan edib ki, rus dilində yazışmalar qəbul edilməyəcək. Az sonra  İrəvandakı Rus Dram Teatrının qapadılacağı xəbəri yayıldı. Halbuki Azərbaycanda belə bir problem yoxdur. Əksinə, burada rus dilinin işlənmə dairəsi genişlənib. Rus məktəblərinə də təhlükə yoxdur. Hərçənd, Rusiya bizim yox, işğalçı ölkənin hərbi-siyasi müttəfiqidir.

Göründüyü kimi, Rusiyanın ombudsmanı neqativ mənada adını çəkdiyi ölkələrin sırasında Azərbaycanın adını çəkməyib. Azərbaycanda rus dilinə münasibətdən Rusiya ən yüksək səviyyədə məmnun olduğunu bu yaxınlarda ifadə etmişdi. Belə ki, bu il sentyabrın 27-də Bakıda keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumunda çıxış edərkən Rusiya prezidenti Vladimir Azərbaycanda rus dilinə böyük dəstək verildiyini bəyan etmişdi. Putin bildirmişdi ki, Rusiya Azərbaycanda rus dilinin hakimiyyət və cəmiyyət tərəfindən dəstəklənməsini yüksək qiymətləndirir: “Biz rus dilinə olan marağı görür və bunu yüksək qiymətləndiririk. Təkcə Azərbaycan vətəndaşlarının rus dilinə olan maraqlarını deyil, həm də dövlətdən, bələdiyyələrdən, şəhərlərdən yardım edildiyinin şahidiyik. Respublikada rus dilini tədris edən 300-dən çox məktəb fəaliyyət göstərir. Rus dilinin dəstəklənməsi istiqamətində ən mühüm baza isə insanların ürəyində, ağlındadır”.

Bəs, Ermənistanda rus dilinin və rus dilli təsisatların sıxışdırılmasının artıq Rusiya ombudsmanı səviyyəsində narazılıqla dilə gətirilməsi məsələnin ciddiliyindən xəbər verirmi? Bu məsələ Rusiyanın Ermənistanı cəzalandırmasına qədər inkişaf edə bilər?

Siyasi analitik Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Sovet quruluşunun dağılmasından sonra nəsillərin dəyişməsi ilə formalaşan yeni mədəniyyətdə postsovet ölkələrində rus dilinin  öz mövqeyini itirməsi qaçılmaz bir proses idi: “Eyni proseslər müxtəlif səviyyədə bütün postsovet ölkələrində müşahidə olundu. Amma bir neçə post sovet ölkələri var ki, bu proses yerli hökumətlərin məqsədyönlü siyasətinin təsiri  ilə baş verdi və sürətləndi. Bu kimi ölkələrə misal olaraq Baltikyanı ölkələrini misal göstərə bilərk. Lakin nə qədər təəccüblü olsa da bu proseslər həm də Rusiyanın Cənubu Qafqazda forpostu sayılan Ermənistanda da getdi, indi sadəcə, proses bir qədər də sürətlənib və rəsmi şəkil almağa başlayıb.

Odur ki, Rusiyalı ombudsmanın Ermənistanda rus dilinin sıxışdırılması ilə bağlı narahatçılığı bir az gecikmiş narahatçılıqdır. Ermənistan ölkə daxilində rus dilinin və rus dilli təsisatların sıxışdırılmasının istiqamətində uzun illərdir sistemli iş aparır. Ancaq bu fəaliyyət təkcə rus dili və təsisatlarına qarşı deyil, həmçinin etnik rus vətəndaşlara qarşı da aparılır. Məlumat üçün deyim ki, Ermənistanda 1989-cu il əhalini siyahıya alma statistikasına görə ruslar əhalinin 1,6 faizini təşkil edirdi, bu isə təqribən 56 minə yaxın etnik rus vətəndaş demək idi. 2015-ci il statistikasında isə bu göstərici əhalinin 0,3 faizini təşkil edir, bu isə 200-ə yaxın vətəndaş deməkdir. Deməli, bu illər ərzində aparılan sistemli fəaliyyət nəticəsində ölkədə etnik rus vətəndaşlar 5 dəfə azalıb.

Nəzərə alsaq ki, Rusiyada bəzi yerlərdə kompakt və digərlərində dağınıq şəkildə 2,5 milyon etnik erməni çox rahat, vətəndaşlar və gəlmələr üçün yaradılmış ən uyğun şərtlərdən yararlanaraq yaşayır, onda Ermənistanın öz etnik rus vətəndaşlarına qarşı apardığı bu sistemli fəaliyyətin Rusiyada qıcıq yaratması çox normaldır.

Ermənistanda rus dili və rus dilli əhaliyə qarşı yönəlmiş bu fəaliyyətə qarşı Rusiyada bu qədər yüksək səviyyədə narazılığın dilə gətirilməsi məsələnin ciddiliyindən xəbər verir. Belə ki Rusiyanın xaricdəki rus dilli əhalinin müdafiəsinin təşkili qurumları son illər Ermənistanda rus dilli əhaliyə və rus dilinə qarşı təzyiqlərin artığını, erməni cəmiyyətinin etnik ruslara qarşı bu ölkədə  ikinci dərəcəli vətəndaş statusunda davranıldığını, hökumətin isə bunu görməməzlikdən gəlmə siyasəti yürütdüyünü açıq şəkildə bəyan edirlər. Bu sahədə son illərin dramatik reallığı keçən il Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin bəyanatında öz əksini tapmışdı və bu prosesin dayandırılması üçün spiker rus dilinin statusunu Ermənistanda rəsmən möhkəmlətməyi təklif etmişdi".

Ekspert hesab edir ki, bu məsələ Rusiyanın Ermənistanı cəzalandırmasına qədər inkişaf edə bilər: “Rusiya artıq buna qarşı bir sıra addımlar atmağa başlayıb. Keçən il Rusiyada qüvvəyə minən, xarici hüquqlara sahib olan sürücülərə Rusiya ərazisində işləməyi qadağan edən yeni qanun qəbul edilib. Bu isə ikili vətəndaşlıq faktoru üzündən bir başa ikili vətəndaşlığa malik Ermənistan vətəndaşlarına aid idi. Bu cür addımlar Ermənistana qarşı tək nəqliyyat sahəsi üçün deyil, digər sahələr üçün də tətbiq olunacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR