Slimfit
  1. MEDİA

Ronaldinyonun diqqətini cəlb edən azərbaycanlı startapçı: Milyard dollarlıq biznes qurmaq istəyirik

Ronaldinyonun diqqətini cəlb edən azərbaycanlı startapçı: Milyard dollarlıq biznes qurmaq istəyirik
Sakura

Ronaldinyonun diqqətini cəlb edən azərbaycanlı startapçı: Milyard dollarlıq biznes qurmaq istəyirik

Oxu.Az-ın suallarını əfsanəvi futbolçu Ronaldinyo ilə “Eleven Kings” startapının siması olması üçün ilkin razılıq əldə edən təsisçisi Orxan Rzayev cavablandırıb:

- Orxan bəy, hansı universiteti bitirmisiniz?

- 2005-2009-cu illərdə Dövlət İdarəçilik Akademiyasında menecment ixtisası üzrə təhsil almışam. Hələ məktəbdə oxuyan zaman rəqəmsal dünyaya marağım olub. Sosial şəbəkələr, vebsaytlar sanki məni özünə çəkirdi. 2000-ci illərin əvvəli pulsuz vebsayt qurmağa imkan verən platformalarda vebsaytlar qururdum, reklam imkanları çıxanda onları test etməyə başlayırdım.

- Neçə ildir ki, startapla məşğulsunuz?

- 10 ilə yaxındır ki, startap ekosisteminin içindəyəm. “Endirimvar.az” adlı endirim təklifləri verən saytımız olub. “AzNetShop” “Facebook” səhifəsində “E-bay” platformasından məhsullar gətirib satırdıq, daha sonra “Manads”, “MobChannel”, “Roadinfo” və ba.qa startaplar üzərində işləmişik.

2016-cı ilin əvvəli “Mediamark” Rəqəmsal Marketinq Agentliyini təsis etdik. Qısa zamanda uğurlu işlər görməyə başladıq. 

- “Eleven Kings” startapına nə zaman başladınız?

- Hazırkı “Eleven Kings” platformasına 2017-ci ilin yayında başladıq. Mən 16 ildən çoxdur ki, futbol-menecer oyunları oynayıram. Bu sahəni çox yaxşı bilirəm. Üstəlik, 10 illik startap və rəqəmsal marketinq təcrübəmdən yola çıxraq qərara aldıq ki, özümüz futbol-menecer oyunu hazırlayaq.

Bu, çox qəliz işdir. Bəzi oyunlar var ki, bir həftəyə dizaynını, bir həftəyə də kodlaşmasını bitirmək olur. “Eleven Kings” kimi strategiya oyununda isə yüzlərlə alqoritmlər, səhifələr, funksiyalar var. İki ildən artıqdır ki, üzərində işləyirik, hələ də görülməli xeyli iş var. 

- Bəs niyə belə bir çətin işə başlamağı qərara aldınız?

- Avropaya və ABŞ-a tez-tez səfər edirəm, orada müasir biznes mühiti çox fərqlidir. Əksər uğurlu şirkətlər rəqəmsal əsaslıdır və bəzi şirkətin yaşı 10 ilə çatmasa da, bazar dəyəri milyardlarla dollardır.

Belə şirkətir gördükcə öz-özümə fikirləşirdim ki, niyə biz də belə bir şeyə cəhd etməyək? Yəni niyə qlobal, milyard dollar dəyəri olan bir biznes qurmaq üçün cəhd etməyək? Alınmasa, olsun, bu, normaldır. Azərbaycanlı birinin milyard dollarlıq startap qura bilməməsi qəbahət sayılmaz. Amma əgər alınsa, bu, artıq əla bir şey olar.

Tək mənim həyatımı yox, elə ölkənin startap mühitini də xeyli dəyişər, minlərlə istedadlı Azərbaycan gəncinə motivasiya olar. Daima düşünürdüm ki, hansı biznes ola bilər ki, o sahədə qlobal brend yaratmaq potensialımız olsun və bir gün tapdım ki, bu, elə futbol-menecer oyunu ola bilər.

Dediyim kimi, uzun illərdir, demək olar, bütün platformalarda oynamışam belə oyunları, ona görə məlumatım çoxdur. Sırf bu biznesdə qlobal səviyyədə rəqabət apara bilərik. Ona görə də qərara aldım ki, futbol-menecer oyunu quraq.

- Bu cür startapı başlamaq üçün çox vəsait tələb olunur?

- Mən bu işə on min dollarla başladım. İlk başlayanda komandada dörd nəfər idik. Bu məbləğ aylıq xərclər, ofis və sair üçün bir ilə yaxın bizə kifayət etdi, amma işlədikdə gördük ki, hələ xeyli iş qalıb, amma vəsaitimiz bitir. Bir neçə yaxın dostla görüşdüm, işi izah etdim, böyük potensialı danışdım və beş-on min dollarlıq yatırım istədim.

Cəhdlərim nəticə vermirdi. Artıq borclanmağa başlamışdım. Amma qətiyyən işi dayandırmaq barədə düşünmürdüm. Borcum artdıqca əksinə, motivasiyam da artırdı. Bir il sonra bir dostumuz 20 min dollar dəyərində investisiya etdi, oyunun Beta versiyasını istifadəyə verdik.

Artıq real məhsulu görəndən sonra insanlarda inam yaranmağa başladı və bir neçə dəfə investisiya cəlb etdik. Bu işə bu günə kimi toplam 150 min dollar xərcləmişik, hələ də xərcləyirik (gülür).  

- Hansı ölkələrdə startap tədbirlərinə qatılmısınız? İnvestorlarla görüşünüz olubmu?

- Bu ilin yanvar ayında Beta versiyanı istifadəyə verdikdən sonra San-Fransiskodan “Founders Space Akselerasiya” proqramı investorlarla görüşdürmək üçün dəvət etdi. Fevral ayında Kaliforniyada ümumilikdə dörd tədbirdə təqdimat etdim, bir neçə investorla görüşdüm.

Ümumilikdə, son bir ildə ondan çox ölkədə olmuşam, İspaniyada “World Football Summit”, Portuqaliyada “Web Summit” tədbirində, habelə Polşada, Çexiyada, Belarusda tədbirlərdə iştirak etmişəm. Bir neçə nüfuzlu şirkət və investorla danışıqlarımız davam edir.

- Dünyaca məşhur futbolçu Ronaldinyo ilə görüşünüz olub. Bu barədə danışın. Necə oldu görüşdünüz? Hansı razılaşma olub?

- Futbola marağım böyükdür. Uşaq yaşlarından futbol oyunlarını izləyirəm. Futbol tarixində Pele, Maradona, Zidan, Del Piero kimi ulduzlar olub, hazırda da Ronaldo, Messi, İbrahimoviç, Levandovski kimi ulduz futbolçular var.

Amma mənə görə, futbol tarixinin ən maraqlı siması Ronaldinyo olub. Ona görə də bu startapa başladığımız gün məqsəd qoymuşdum ki, Ronaldinyo ilə görüşüb, onunla işləyək. Görüşümüz ötən həftə Barselonada baş tutdu. 

Özü və komandası ilə görüşdüm. “Assis Moreira Group” adlı böyük şirkətləri var. Tərkibinə onlarla startap və müxtəlif bizneslər daxildir. Görüşdə “Eleven Kings”in təqdimatını etdim, gələcək hədəflərdən danışdım.

Ronaldinyonun sosial media gücündən və nüfuzundan istifadə edərək, bu oyunu qısa zamanda populyarlaşdıra biləcəyimizdən və “Assis Moreira Group”un potensial qazancından danışdım. Onlara çox maraqlı gəldi. Biznesi və gələcək planları bəyəndilər.

Məni bu işlə məşğul olan bir nəfərə yönləndirdilər. Telefonla danışdıq. Yaxın günlərdə detallı müzakirələrə başlayacağıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR