Robert Koçaryan özünü siyasi məhbus adlandırıb
Ermənistanın 2008-ci ildə konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq həbsdə olan sabiq prezidenti Robert Koçaryan tərəfdarlarına müraciət yayaraq siyasi məhbus olduğunu iddia edib.
“Report” TASS-a istinadən xəbər verir ki, müraciətdə belə qeydlər var: “Nikol Paşinyanın başçılıq etdiyi hökumət dövlət və siyasət işlərində tamamilə naşı olduğunu nümayiş etdirir. Yaxın vaxtda böyük məyusluq dalğasına şahid olacağımız şəksizdir. İqtisadiyyatda, daxili və xarici siyasətdə yol verilən kobud səhvlər bizə çox baha oturacaq. Mənim qondarma cinayət işimə gəlincə, onlar məni siyasi məhbusa çeviriblər”.
Özünə qarşı cinayət təqibinin nəticə verməyəcəyini qeyd edən sabiq prezident bir ovuc dələduzun qurub-düzəltdiyi işin artıq dağıldığını diqqətə çatdırıb: “Bu cinayət işini hüquqi zir-zibil hesab edirəm. Həbsxana ilə məni siyasi fəaliyyətdən çəkindirə bilməzlər”.
Xatırladaq ki, yanvarın 18-də məhkəmə sabiq prezidentin həbs müddətini daha iki ay uzadıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət