Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Rezidenturada epidemiologiya oxumaq: "niyə maraq azdır?"

Rezidenturada epidemiologiya oxumaq: "niyə maraq azdır?"
Sakura

Rezidenturada epidemiologiya oxumaq: "niyə maraq azdır?"

Rezidenturaya boş qalan plan yerinə ikinci qəbuldan sonra da epidemiologiya ixtisası üçün ayrılmış 6 yer yenə də rezidentsiz qalıb.

Bu yay Tibb Universitetinin məzunları rezidenturada ödənişli yerlərin ayrılmasına etiraz etsə də, qəbulun nəticələri dövlət hesablı bəzi ixtisaslara da maraq olmadığına işarə edib, o cümlədən, epidemiologiyaya.

Bu ixtisas üçün 9 yer ayrılmışdı.

Dövlət İmtahan Mərkəzi (DİM) rezidentura elanını verərkən epidemiologiya üzrə bu qədər yer ayrılmasını onunla əsaslandırmışdı ki, əhalinin sayının sürətlə artması sanitar-epidemioloji xidmətin səviyyəsinin də təkmilləşdirilməsini tələb edir.

DİM bildirmişdi ki, sanitar-epidemioloji xidmətin artan tələbatı ödəyə bilməməsi bir sıra yoluxucu xəstəliklərin sürətlə yayılmasına və epidemiya halına keçməsinə şərait yaratdığı üçün bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac var.

Ona görə də qurum namizədlərdən ixtisas seçimində bunu nəzərə almaqlarını xahiş etmişdi. Bəs namizədlər ixtisas seçimində bunu niyə nəzərə almayıblar? Epidemiologiyada ixtisaslaşmaq niyə həkimlərin diqqətini cəlb etməyib?

"182 manat maaş alıram"

"Məvacib azdır" , - Respublika Gigiyena və Epidemiologiya Mərkəzində yeni işə başlayan gənc həkim Əlicəfər Cəfərov deyir.

O, "maddi maraqlar ucbatından" gənclərin bu sahədə ixtisasını davam etdirmədiyini düşünür.

Cəfərov cəmi 182 manat maaş alır: "Özünüz qərar verin, nəyəsə kifayət edir, ya yox".

Həkim özəl tibb klinkalarda işləmək imkanlarının olmadığını deyir.

"Mən burda tam ştatdayam, saat 5-ə kimi işdə olmalıyam, ondan sonra hara gedəsən? Kim işə götürər? İşim çox maraqlıdır, əhalinin sağlamlığı baxımından da faydalıdır. Amma yerdə qalanını, səhiyyədə vəziyyətin nə yerdə olduğunu hamı yaxşı bilir".

Əlicəfər Cəfərov həmkarlarının rezidenturaya getməməsini də elə bu səbəblərlə izah edir: "Özümdən deyim. Oxudum-bitirdim, bir üstünlüyü bu oldu ki, mənə dövlət təyinatı ilə iş verildi. Bundan başqa rezidenturanın üstünlüyünü, perspektivini görməmişəm".

"Epidemiologiya sahəsidir, psixatriyadır, gedən yoxdur"

Ekspertlərin fikrincə, indiki dövrdə epidemiologiya ixtisası üzrə həkim-mütəxəssislərə tələbat daima artır.

DİM-nin şöbə müdiri Natiq Əliyev BBC News Azərbaycancaya bəzi ixtisaslara maraq olmadığını deyib: "Epidemiologiya sahəsidir, psixatriyadır, gedən yoxdur".

Hərçənd Dövlət Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev bu fikirlə razılaşmır, təhsil müəssisəsinin bütün dövrlərdə epidemiologiya, mikrobiologiya sahəsində "yetərincə və yüksək səviyyədə" mütəxəssis hazırladığı qənaətindədir. Hərçənd o, hər il nə qədər mütəxəssisin hazırlanmasından xəbərsizdir.

"Rezidenturasız da həkim işləyə bilərlər"

Tibb Universteti rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov duruma nisbətən aydınlıq gətirir, onun sözlərinə görə, rezidenturadan keçmədən də işlə təmin olunmaq mümkündür, odur ki, gənclər əlavə bir neçə il itirməyə ehtiyac görmürlər.

"Bir neçə ixtisas sahibinin şansı var, qanun da yol verir ki, rezidenturasız da işləsin. Məsələn, labaratoriya işi üzrə, mikrobiologiya, yoluxucu xəstəliklər üzrə rezidentura imtahanı vermədən də işləmək mümkündür. Kimsə rezidenturanı bitirib gedəndə görür ki, artıq başqa həmkarı iki ildir, işləyir".

Əlicəfər Cəfərov isə deyir ki, epidemiologiyaya maraq göstərən mütəxəssislər az olduğundan rezidenturaya qəbul edilməyənlər də rahatca işə götürülür. Hərçənd o hesab edir ki, həkim rezidenturada oxumaqla ixtisası üzrə təkmilləşir, əlavə bilik və təcrübə qazanır.

Bəs rezidentura bitirmədən bu sahə üzrə yüksək ixtisaslı həkim kimi yetişmək mümkündürmü?

Rizvan Məmmədov gənc mütəxəssislərin kurslara, simpoziumlara qatılaraq özlərini təkmilləşdirdiklərini bildirir.

"15 faiz əlavə maaş verilir"

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva da BBC News Azərbaycancaya söyləyir ki, bu sahəyə gələn azdır.

"Deməzdim, rezidenturaya gedən yoxdur, az da olsa var. Elə son 2-3 ildə rezidenturanı bitirmiş üç kadr bizim Mərkəzdə işə götürülüb. Ola bilsin, bu dəqiqə yoxdur, amma mikrobiologiya sahəsində, labaratoriyalarda, sanitariya üzrə bizim mərkəzlərə gələn rezidentlər də olur. Az da olsa, gəlirlər".

O ki qaldı məvacibin azlığına, "dövlətin təyin etdiyi məvacibdir. Yəni bütün səhiyyədə eyni durumdur. Hətta bizim epidemioloqlara 15 faiz əlavə maaş verilir. Bu da işin ziyanlı olması ilə bağlıdır. Mən özüm direktor müavini kimi verginı çıxanda 400 manatdan yuxarı maaş alıram" deyə Afaq Əliyeva bildirir.

"Xaricdə bu sahə prezidentə tabedir"

Tibb elmləri doktoru Adil Qeybullanın sözlərinə görə, tələbələr həm nüfuzu və gəliri olan, həm də praktik sahələrə, məsələn, cərrah, rentgenoloq, nevropotoloq olmağa meyillənirlər.

"Epidemioloqlar harda işləməlidirlər? Sanitar-edimeioloji idarələrdə. Onların da xüsusi çəkisi azdır", - Adil Qeybulla bildirir.

Halbuki professor suyun və qidanın təhlükəsizliyinə və ya yoluxucu xəstəliklərə, ümumlikdə epidemioloji situasiyaya nəzarətin çox önəmli olduğunu, başqa ölkələrdə bu qurumun və ya baş sanitar həkimin birbaşa prezidentə, ya da parlamentə tabe olduğunu vurğulayır: "Mühüm strukturdur. Amma bu, dövlətin diqqətindən asılıdır".

"Hər il 2-3 yer boş qalırdı, bu dəfə 6 oldu"

RGEM-in direktor müavini Afaq Əliyeva hesab edir ki, gəncləri bu sahəyə Tibb Universitetindən yönəltməlidirlər.

ATU-nin rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov isə boş qalmış altı yerin aqibəti ilə bağlı deyir:

"Boş qalır elə. Dövlət tələbatı nəzərə alaraq elan edir. Ancaq hər il 2-3 yer boş qalırdı, indi altısı boş qalıb. Yəqin daha sonra tələbata uyğun Səhiyyə Nazirliyinin vakant yerləri olacaq. Rezidentura müsabiqəsini keçə bilməyənlər həmin boş yerlərə ərizə verib işə düzələ biləcəklər".

"Sahənin gələcəyi parlaqdır"

Azərbaycan Tibb Universitetinin 6-cı kursunda təhsil alan Sevinc Babayeva gələcəkdə rezidenturada mikrobiologiya üzrə ixtisaslaşmaq istəyir, bu gün az üz tutulan epidemiologiya sahəsinə yaxın bir ixtisası seçir:

"Epidemiologiya günümüzün ən vacib sahələrindəndir. Müxtəlif yoluxucu xəstəliklərin istiqamətləri, profilaktikası baxımından da vacibdir".

O, tələbələrin niyə epidemiologiya üzrə rezidenturaya getməməsinin səbəbini konkret izah edə bilmir. Bunu tələbələrin şəxsi istəyi və seçimi sayır:

"Epidemiologiya üzrə dərsi çox keçmişik. Bu sahə üzrə mütəxəssisliyə doğru ilk addımları da atmışıq. Sahənin gələcəyi parlaqdır. Çünki infeksion xəstəliklər artmaqdadır, bu səbəbdən də ehtiyac artır".

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR