Slimfit
  1. MEDİA

Rəyasət heyətinin növbəti iclası keçirilib

Rəyasət heyətinin növbəti iclası keçirilib
Sakura

Rəyasət heyətinin növbəti iclası keçirilib

Yanvarın 16-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA Fizika İnstitutunda keçirilən iclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələlər haqqında tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə AMEA Rəyasət Heyəti üzvləri arasında vəzifə bölgüsündən irəli gələn kuratorluq fəaliyyətinin gücləndirilməsi məsələsi müzakirə olunub və müvafiq tapşırıqlar verilib.

Sonra Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədovun bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair məruzəsi dinlənilib. Natiq bölmənin elmi istiqamətləri üzrə aparılan tədqiqatların prioritet istiqamətləri və mühüm nəticələri haqqında təqdimatla çıxış edib. Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub, suallar cavablandırılıb, müvafiq qərar qəbul edilib.

İclasda "Azərbaycan Milli Elmlər Akademiyasının vəzifə nomenklaturası"nın, "Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti Qaydaları"nın təsdiqinə, AMEA Rəyasət Heyətinin 15 aprel 2015-ci il tarixli qərarına qismən dəyişiklik edilməsinə, həmçinin AMEA-nın müxbir üzvü Dəmir Hacıyevin 90 illik yubileyinin qeyd edilməsinə dair qərarlar qəbul olunub.

Sonra "AMEA Professorlarının Koordinasiya Şurasının  2019-cu il üçün Fəaliyyət Planı"nın təsdiqi məsələsi müzakirəyə çıxarılıb. AMEA Professorlarının Koordinasiya Şurasının sədri, AMEA-nın professoru, riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev bildirib ki, AMEA-nın professorlarının Akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaq, AMEA Nizamnaməsi ilə müəyyən edilmiş vəzifələrin icrasında, habelə kadr hazırlığında və innovativ fəaliyyətin inkişaf etdirilməsində onların fəal iştirakını təmin etmək üçün AMEA Rəyasət Heyətinin müvafiq qərarı ilə "AMEA-nın Professorlarının Koordinasiya Şurasının Əsasnamə"si təsdiq edilib. Akademik vurğulayıb ki, qərarda Şuraya "2019-cu il üçün Fəaliyyət Planı"nı hazırlayıb Rəyasət Heyətinə təqdim etmək tapşırılıb.

Rəyasət Heyəti bütün bunları nəzərə alaraq, "AMEA Professorlarının Koordinasiya Şurasının  2019-cu il üçün Fəaliyyət Planı"nı təsdiq edib, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində tapşırıqlar verib.

Gündəlikdə yer alan növbəti məsələ YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin tərkibinin və Əsasnaməsinin təsdiqi ilə bağlı olub. Çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, 1992-ci ildən fəaliyyət göstərən YUNESKO-nun Dünya Yaddaşı Proqramının əsas məqsədi ölkələrin sənəd irsini əks etdirən dünya əhəmiyyətli sənədlərin, əlyazmaların, audiovizual vəsaitlərin, kitabxana, muzey, arxivlərdə saxlanılan materialların gələcək nəsillərə çatdırılması üçün qorunmasının təmin edilməsidir.

Natiq Azərbaycan Respublikası tərəfindən təqdim olunmuş "Orta əsrlərə aid tibb və əczaçılıq əlyazmaları"nın 2005-ci ildə, "Məhəmməd Füzulinin "Divan" əlyazmasının surəti"nin isə 2017-ci ildə YUNESKO-nun Dünya Yaddaşı Beynəlxalq Qeydiyyat Siyahısına daxil olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ölkəmizin yazılı irs nümunələrinin YUNESKO-nun Dünya Yaddaşı üzrə Beynəlxalq Qeydiyyat Siyahısına daxil edilməsi sahəsində qurumlararası əlaqələrinin genişləndirilməsi və sözügedən Proqram çərçivəsində səmərəli fəaliyyətinin təmin edilməsi qurumun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin yaradılması zərurətini meydana çıxarıb.

Rəyasət Heyəti qeyd olunanları və AMEA-nın Humanitar Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, YUNESKO-nun Dünya Yaddaşı Proqramı üzrə Azərbaycan Milli Komitəsinin tərkibi və Əsasnaməsinin təsdiq edilməsini qərara alıb. Müvafiq sənədin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yanında YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına təqdim olunması da qərarda yer alıb.

Sonda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarları ilə Səbuhi Qəhrəmanov AMEA-nın "Elm" nəşriyyatının direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-nin direktoru və Rəqsanə Əzizova AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifələrinə təyin olunublar.

 

 

 

AMEA Rəyasət  Heyətinin aparatı Mətbuat və informasiya idarəsi İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidməti

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR