Slimfit
  1. MEDİA

Rəyasət heyətinin növbəti iclası keçirilib

Rəyasət heyətinin növbəti iclası keçirilib
Sakura

Rəyasət heyətinin növbəti iclası keçirilib

Aprelin 24-də Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdə yer alan məsələlər haqqında məlumat verib.

Tədbirdə AMEA-nın müxbir üzvü, Türkiyənin Akdeniz Universitetinin professoru Tərlan Məmmədov "İnsan furin zülalı geninin ko-ekspressiyası ilə terapevtik zülalların və vaksinlərin yaşıl bitki yarpaqlarında sintezi" mövzusunda məruzə ilə çıxış edib. Alim apardığı son tədqiqatlar nəticəsində insanın furin zülalının bitkilərdə funksional aktiv halda sintezinə ilk dəfə uğurla nail olunduğunu diqqətə çatdırıb. Bitki hüceyrələrində insan furin genini hədəf zülalların genləri ilə ko-ekspresiya etməklə hədəf zülalların hüceyrə daxilində furinlə kəsilərək aktiv formada sintezinə nail olunduğunu vurğulayıb.

T.Məmmədov hədəf zülalların həm enzimatik, həm də furin enzimi ilə eyni hüceyrə daxilində kəsilərək aktivləşməsi texnologiyasının ixtirası haqqında da məlumat verib. Qeyd edib ki, bu texnologiya antraks (Sibir yarası) xəstəliyinə qarşı yeni vaksin namizədin, qoruyucu antigenin dünyada ilk dəfə olaraq hüceyrə daxilində heptamer quruluş formasında bitkilərdə sintezini təmin edib. Yeni namizəd vaksin həmin xəstəliyə qarşı daha stabil xüsusiyyətlərə malikdir. Natiq sözügedən texnologiyanın müxtəlif zülalların, anticisimlərin və vaksinlərin sintezi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, müvafiq qərar qəbul edilib.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın Ümumi yığıncağının 8 iyun 2018-ci il tarixli qərarının icrası ilə bağlı müzakirə aparılıb. Akademik Akif Əlizadə bildirib ki, qarşıya qoyulan vəzifələri və müəyyən edilən prioritetləri rəhbər tutaraq ötən il akademiyanın müvafiq institut və təşkilatlarında elmi potensialın ölkənin müdafiə, enerji, ekoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi, kosmik tədqiqatların gücləndirilməsi və kimya sənayesinin yeni əsaslarla formalaşdırılması istiqamətində mühüm işlər görülüb. AMEA rəhbəri Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun qorunması və inkişaf etdirilməsi, Azərbaycan tarixinin obyektiv elmi prinsiplərlə araşdırılması, ölkənin demoqrafik vəziyyətinin respublikanın sosial-iqtisadi inkişaf perspektivləri baxımından kompleks öyrənilməsi, sənayenin və kənd təsərrüfatının inkişafı prosesində elmin rolunun artırılması və digər istiqamətlərdə də əhəmiyyətli tədbirlərin həyata keçirildiyini deyib. Akademik AMEA əməkdaşlarının sosial problemlərinin həlli istiqamətində görülən işlərin ötən il də davam etdirildiyini, alimlərin güzəştli mənzil təminatı sahəsində müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, AMEA-da təhsil alan doktorant və magistrlərin tədris müddətində yaşayış yeri ilə təmin edilmələri istiqamətində də müvafiq işlər görülüb.

Müzakirədən sonra Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, AMEA-nın Ümumi yığın­cağının 8 iyun 2018-ci qəra­rının icrası ilə bağlı görülmüş işləri qənaətbəxş hesab edib.

Tədbirdə AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən, akademik Vaqif Fərzəliyevin 80 illik yubileyi ilə bağlı məsələyə baxılıb. Alimin AMEA-nın Fəxri Fərmanı ilə təltif olunması, biblioqrafiyasının hazırlanması, yubiley iclasının keçirilməsi qərara alınıb. Digər qərarlarla AMEA-nın müxbir üzvləri Kazım Ələkbərov və Məmməd Emin Salayevin 110 illik yubileylərinin qeyd edilməsi nəzərdə tutulub.

Rəyasət Heyəti Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2019-cu ilin "Nəsimi ili" elan edilməsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi və AMEA-nın Aşqarlar Kimyası İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi barədə də qərar verib.

İclasda Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi məsələsi də müzakirə olunub. Elmin inkişafına böyük töhfələr verən və mühüm elmi nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, həmçinin Azərbaycanın bir sıra görkəmli alimlərinin xatirəsini əbədiləşdirmək məqsədilə AMEA-nın mükafatlarının təsis edilməsinin zəruriliyi vurğulanıb.

Rəyasət Heyəti qeyd olunanları nəzərə alaraq, “Akademik Əşrəf Hüseynov adına mükafat”, “Akademik Əli Quliyev adına mükafat”, “Akademik Mirəli Qaşqay adına mükafat”, “Akademik Ələşrəf Əlizadə adına mükafat”, “Akademik Vahab Əliyev adına mükafat”, “Akademik Cəlal Əliyev adına mükafat”, “Akademik Məmmədcəfər Cəfərov adına mükafat” və “Abbasqulu ağa Bakıxanov adına mükafat”ın təsisi haqqında qərar qəbul edilib.

Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Samirə Rüstəmovanın Almaniyanın Bonn Universitetinə, institutun kiçik elmi işçiləri Gülnar Abdullayevanın Böyük Britaniyanın Oksford Universitetinə və Aynurə Paşayevanın Cənubi Koreyanın Pusan Milli Universitetinin Molekulyar Biologiya Departamentinə ezam edilmələri qərara alınıb.

Sonda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarları ilə AMEA-nın müxbir üzvü Dadaş Hüseynov AMEA-nın Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Yeganə Lətifova isə həmin institutun elmi katibi vəzifələrinə təyin ediliblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR