Slimfit
  1. MEDİA

Rəyasət heyətinin növbəti iclası keçirilib

Rəyasət heyətinin növbəti iclası keçirilib
Sakura

Rəyasət heyətinin növbəti iclası keçirilib

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən AMEA-nın İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə təltif olunmuş əməkdaşlara mükafatları təqdim edib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Fərmanı barədə məlumat verilib. Bildirilib ki, sənədə əsasən, redaksiya heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sədrin birinci müavini Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, müavinləri AMEA-nın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru, akademik İbrahim Quliyev, AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevdir.

Qeyd olunub ki, Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın prezidenti, Akademiyanın Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə, məsul katibi AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyevdir.

Sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevin və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərovun AMEA-ya təşəkkürləri səsləndirilib. Bildirilib ki, mədəniyyət naziri Ə.Qarayev məktubunda ölkə Prezidenti İlham Əliyevin himayəsi və iştirakı ilə keçirilən "Yeni dünya və yeni insan formalaşdırmaq: Yaradıcılıq və insan inkişafı" mövzusunda VI Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində baş tutan tədbirlərin yüksək səviyyədə təşkilində əməkdaşlığa və göstərilən dəstəyə görə AMEA rəhbərliyinə və kollektivinə təşəkkürünü ifadə edib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Ə.Ələkbərov isə Bakıda keçirilən "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı beynəlxalq elmi konfrans və "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərginin təşkilinə göstərilən əməkdaşlığa görə Akademiya rəhbərliyinə təşəkkür ünvanlayıb.

İclasda AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli və geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Əvəz Salamovun "Abşeron yarımadasının müasir geodinamik şəraiti: təhlükəli geoloji proseslərin modelləşdirilməsi və monitorinqi" mövzusunda məruzələri dinlənilib. Bildirilib ki, son illər AMEA-nın Geologiya və Geofizika İnstitutunda və Respublika Seysmoloji Xidmət Mərkəzində Abşeron yarımadasında müasir geodinamik və seysmik şəraitin monitorinqi, geoloji dərinlik quruluşlu modellərinin tərtibi və təhlükəli geoloji proseslərin müasir metodlarla öyrənilməsi və proqnozlaşdırılması istiqamətində fundamental elmi tədqiqatlar aparılır. Məruzədə, həmçinin Abşeron yarımadasının müasir seysmo-geodinamik şəraiti, azdərinlikli təhlükəli geoloji proseslərin geoloji quruluşunun modelləş­dirilməsi və monitorinqinə dair aparılmış fundamental elmi tədqiqat işlərinin nəticələri şərh edilib.

Məruzə dinlənildikdən sonra müzakirə olunub, suallar cavablandırılıb, müvafiq qərar qəbul olunub.

Sonra elmi-təşkilati məsələlərə baxılıb. İlk olaraq AMEA-nın "Türkologiya" jurnalının 2016-2018-ci illər üzrə fəaliyyəti haqqında müzakirə aparılıb. Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullayev bildirib ki, jurnal SSRİ Elmlər Akademiyası və Azərbaycan Elmlər Akademiyasının birgə nəşri kimi "Sovetskaya Türkologiya" adı ilə 1970-ci ilin aprel ayından nəşr olunur. Qeyd edib ki, jurnal 1992-ci ildən etibarən "Türkologiya" adı altında buraxılır. Müstəqilliyin ilk illərində nəşrin ciddi maliyyə çətinlikləri ilə üz-üzə qaldığını deyən akademik vurğulayıb ki, jurnal müəyyən fasilələrlə işıq üzü görüb. 2016-cı ildən etibarən AMEA Rəyasət Heyətinin təsisi ilə ildə dörd nömrəsi nəşr olunan jurnal Azərbaycan, türk, rus və ingilis dillərində məqalə çapını həyata keçirir.

Alim nəzərə çatdırıb ki, jurnal Rəyasət Heyətinin qərarına uyğun şəkildə profilini genişləndirib, türkologiya elminin tarixini, türk xalqlarının tarixi və mədəni zənginliklərini, yazılı abidələrini, mifologiyasını, dil və ədəbiyyat problemlərini, incəsənət nümunələrini, fəlsəfi fikrini, dünya türkoloji mərkəzlərini öyrənən məqalələrə geniş yer verir.

Akademik Kamal Abdullayev vurğulayıb ki, əcnəbilərin də xüsusi diqqət mərkəzində olan jurnalda son üç ildə yerli alimlərlə yanaşı, ABŞ, Almaniya, Fransa, Polşa, Çexiya, Macarıstan, Türkiyə, Rusiya, Misir, İran, Monqolustan, Əfqanıstan, Orta Asiya ölkələri, Cənubi Koreya, Yaponiyadan olan tanınmış elm adamlarının məqalələri çap edilib.

Qeyd olunanları nəzərə alaraq, Rəyasət Heyəti jurnalın profilinin genişləndirilməsi ilə əlaqədar müxtəlif elm sahələrini əhatə edən yeni beynəlxalq məsləhətçilər şurasının tərkibinin təsdiqi və digər istiqamətlərdə tapşırıqlar verib.

Gündəlikdə yer alan növbəti məsələ "Azərbaycan faunası" – Milli İnformasiya Sisteminin yaradılması haqqında olub. AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bildirib ki, zənginliyi ilə seçilən Azərbaycan faunası dünya biomüxtəlifliyində xüsusi yer tutmaqla yanaşı, Qafqaz faunasının 70 faizini özündə əks etdirir. Akademik milli faunanın dəqiq inventarlaşdırıldığını, sistematikasının tərtib edildiyini diqqətə çatdırıb: "Alim və mütəxəssislərin 80 illik elmi axtarışları nəticəsində milli faunada 1500 növ ibtidai canlı, 1200 növ parazit qurd, 290 növ rotatori, 360 növ xərçəngkimi, 200 növ molyusk, 25000-dən çox həşərat, 2000-ə yaxın hörümçəkkimi, 12 dəstəyə aid 100 növ və yarımnöv balıq, 2 dəstəyə aid 10 növ amfibi, 3 dəstəyə aid 54 növ sürünən, 16 dəstəyə aid 400 növ quş, 7 dəstəyə aid 110 növ məməli canlı təsvir edilib, bu canlıların növ tərkibi, biologiyası və ekologiyasına dair 200-ə yaxın monoqrafiya və kitab, minlərlə elmi məqalə dərc olunub".

Bu nəşrlərin içərisində 4 cildlik "Azərbaycanın Heyvanlar Aləmi" kitabının xüsusi yer tutduğunu deyən natiq əsərdə fauna müxtəlifliyinin təsnifatı və təbiətdəki rolu ilə yanaşı, ölkənin kənd təsərrüfatında və sənayesində istifadə xüsusiyyətlərinin əks etdirildiyini vurğulayıb. Bölmənin akademik-katibi bununla belə, kitabın nəşrindən 20 ildən çox vaxt keçdiyini, bu dövr ərzində dünya zooloji tədqiqatlarında ən müasir metodların tətbiqi ilə kəskin dəyişiklik və yüksəlişlər baş verdiyini, müasir informasiya texnologiyalarının bu sahəyə də güclü siraət etdiyini söyləyib. Akademik Əhliman Əmiraslanov AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi, AMEA-nın Zoologiya İnstitutu tərəfindən Rəyasət Heyətinə bu sahədəki mövcud vəziyyətlə bağlı təkliflər verildiyini də əlavə edib.

Rəyasət Heyəti yuxarıda sadalananları, eləcə də zooloji tədqiqatların milli informasiya təminatının gücləndirilməsinin, bu sahədə "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya"da və digər müvafiq dövlət sənədlərində qeyd edilən hədəflərin həyata keçirilməsinin vacibliyini nəzərə alaraq qərar qəbul edib. Məsələ ilə bağlı AMEA-nın Zoologiya İnstitutuna müvafiq tapşırıqlar verilib.

 Tədbirdə AMEA Rəyasət Heyəti nəzdində Strateji Araşdırmalar Mərkəzinin Əsasnaməsinin təsdiqi, eləcə də mərkəzin elmi tədqiqat və texnoloji layihələrinin fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, hazırlanmış müvafiq hesabatları qəbul etmək və qiymətləndirmək məqsədilə Elmi-texniki Şuranın yaradılması və tərkibinin təsdiqi ilə bağlı qərar qəbul olunub.

Sonda kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə texnika üzrə fəlsəfə doktoru Rəna Qasımova AMEA Rəyasət Heyəti aparatının Elmi tədqiqatların koordinasiyası şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Qeyd edək ki, Rəna Qasımova müxtəlif təyinatlı sistemlərin – “Auditorlar Palatası” verilənlər bazası idarəetmə sisteminin (VBİS), “Kadrlar” korporativ informasiyası sisteminin və AMEA-nın www.science.az portalının yaradılmasında yaxından iştirak edib. 36-sı xaricdə olmaqla ümumilikdə 50 elmi əsərin müəllifi olan R.Qasımova hazırda Böyük verilənlərin analitikası problemlərinin tədqiqi mövzusunda araşdırmalar aparır, Böyük verilənlərin real-vaxt ərzində emalı, analizi və idarə edilməsi prosesində problemlərini tədqiq edir.

Rəyasət Heyətinin digər qərarı ilə Cavid Şahmuradov AMEA-nın "Elm və Texnologiya Parkı" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə təyin olunub.




AMEA Rəyasət  Heyətinin aparatı
İctimaiyyətlə əlaqələr və
elmin populyarlaşdırılması idarəsi
İctimaiyyətlə əlaqələr şöbəsi

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR