Slimfit
  1. MEDİA

Rəyasət Heyətinin iclasında “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda məruzə dinlənilib

Rəyasət Heyətinin iclasında “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda məruzə dinlənilib
Sakura

Rəyasət Heyətinin iclasında “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda məruzə dinlənilib

Rəyasət Heyətinin iclasında “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda məruzə dinlənilib

 

AMEA Rəyasət Heyətinin növbəti iclasında A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda elmi məruzəsi ictimaiyyətə təqdim edilib.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri müəyyənləşdirilməli olsa da, bu günə qədər öz həllini tapmayıb. Akademik İsa Həbibbəyli özünün rəhbərliyi ilə ilk dəfə Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası istiqamətində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aparılan müzakirələr barədə məlumat verib  və geniş ictimai müzakirələr zamanı sovet dövründəki dövrləşmə mərhələlərinin şüurlara təsir etməsinə baxmayaraq, vahid nəticəyə gəlindiyini söyləyib.

AMEA rəhbəri bildirib ki, sovet dövründə ictimai quruluşun mərhələlərə bölünməsi Marksın nəzəriyyəsinə uyğunlaşdırılmışdı və insanlar uzun müddət ondan qopa bilmirdilər. Azərbaycan tarixinin dövrləşdirilməsi ilə bağlı Tarix İnstitutunda ilkin müzakirələrin aparıldığını və bugünkü elmi məruzə ilə birinci ictimai müzakirənin təşkil edildiyini bildirən akademik İsa Həbibbəyli bu problemin Azərbaycan Humanitar və İctimai elmləri üçün prioritet məsələ olduğunu vurğulayıb.

Sonra professor Kərim Şükürovun “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” mövzusunda məruzəsi dinlənilib. K.Şükürov qeyd edib ki, təqdim olunan elmi məruzə Azərbaycan tarixinin ən fundamental məsələlərindən biri kimi böyük aktuallığa malikdir. Alimin sözlərinə görə, Azərbaycan tarixinin dövrləşdirilməsi və inkişaf mərhələlərini obyektiv şəkildə müəyyən etmək üçün öncə, ümumiyyətlə tarix nəzəriyyələrini və müasir konsepsiyaları nəzərdən keçirmək lazımdır.

Məruzəçi diqqətə çatdırıb ki, tarixə ümumi nəzəri baxışla birgə, Azərbaycan tarixinin öyrənilməsinə dair konseptual yanaşmalar ayrıca nəzərdən keçirilir və aydın olur ki, Azərbaycan tarixinin öyrənilməsinin nəzəri cəhətdən əsaslandırılmasında sovet dövrü mühüm yer tutur. Məhz bu dövrdə, xüsusilə  1950-ci illərin sonundan nəşr edilən 3 cild 4 kitabdan ibarət çoxcildlik Azərbaycan tarixində tarixi materialistcəsinə anlayış nəzəriyyəsi hakim mövqeyə malik olur. 

1980-ci illərin sonları 1990-cı illərin əvvəllərində tarixə marksist baxışın, o cümlədən formasiyalar üzrə tarixi dövrləşdirmənin ciddi tənqid hədəfinə çevrildiyini bildirən K.Şükürov  qeyd edib ki, 1998-ci ildə Azərbaycan tarixinin (latın qrafikasında reprint nəşri 2008-ci il) 7 cildlik akademik nəşrində verilən dövrləşdirmə nəzəri cəhətdən əsaslandırılmamışdır. Alim bütün bunları nəzərə alaraq, Azərbaycan tarixinin dövrləşdirilməsinin konseptual həllinin ən zəruri elmi vəzifə kimi qarşıda durduğunu deyib: “Təqdim olunan yeni dövrləşdirmənin əsas kriteriyası kimi Azərbaycan dövlətçiliyi, onun inkişaf xüsusiyyətləri çıxış edir. Buna uyğun olaraq, Azərbaycan tarixi ibtidai cəmiyyət və ya dövlətəqədərki dövr (ən qədim zamanlardan e.ə. III minilliyədək), qədim dövr (e.ə. III minillikdən Ərəb xilafətinin hakimiyyəti, İslam dininin qəbulunadək), orta əsrlər (Ərəb xilafətinin hakimiyyətindən XVI əsrədək), yeni dövr (Səfəvilərdən (1501-1736) I Dünya müharibəsinin sonlarınadək), müasir dövr (Rusiya imperiyasının süqutu, Zaqafqaziya dövlətçiliyinin yaranması (1917-ci ilin noyabrı) bizim günlərədək) kimi inkişaf mərhələlərinə ayrılır. Bu inkişaf mərhələləri və onun dövrlərinin qrafik təsviri təqdim olunur. Azərbaycan tarixinin dövrlərinə uyğun olaraq, onun daha dərindən dərk edilməsi üçün ilk dəfə olaraq Azərbaycan tarixinin sinxronlaşdırılması müəyyən edilir və onun da qrafik təsviri nümayış etdirilir”.

K.Şükürov çıxışının sonunda bildirib ki, təqdim edilən Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri əsasında Azərbaycan tarixinin yeni strukturu təklif edilir və nəticədə Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan tarixinin konkretlik və qanunauğunluğu barədə baxışlardan bəhs edilir.

Məruzə dinlənildikdən sonra geniş müzakirələr aparılıb, mövzu ətrafında akademiklər Rasim Əliquliyev, Gövhər Baxşəliyeva, Nailə Vəlixanlı, AMEA-nın müxbir üzvü Musa Qasımlı, professor Solmaz Rüstəmova-Tohidi, tarix elmləri doktoru İlhamə Məmmədova, tarix üzrə fəlsəfə doktorları Fərhad Quliyev, Mehman Abdullayev, tarixçi alim Ramin Əlizadə və başqaları çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Rəyasət Heyəti tərəfindən Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri ilə bağlı müzakirələrin davam etdirilməsi barədə qərar qəbul olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR