“Rəssamların xəyalında sülh və dostluq” adlı rəsm sərgisi açılıb
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzində “Rəssamların xəyalında sülh və dostluq” adlı rəsm sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgi Azərbaycan Rəssamlar İttifaqı və İran səfirliyinin Bakıdakı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Açılış mərasimində çıxış edən sərginin layihə rəhbəri Elnurə İsgəndərova tədbir haqqında məlumat verib. Bildirib ki, sərgidə təsviri və tətbiqi sənətin bütün növləri üzrə 100-dən çox rəssamın 150-dən artıq əsəri yer alıb. Sərgidə müxtəlif yaş qruplarında peşəkar və həvəskar rəssam, eləcə də dekorativ tətbiqi sənət ustaları iştirak edirlər.
İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin mətbuat katibi Məhəmmədrza Nəcəfi sərginin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, bugünkü dünyamızda sülhün və sabitliyin təmin olunması olduqca vacib məsələdir. Burada nümayiş olunan əsərlərdə də dünyada sülhün bərqərar olması üçün rəssamların təxəyyülü öz əksini tapıb.
Səfirliyin əməkdaşı Azərbaycan və İran arasında mədəni sahədə əməkdaşlıqdan da danışıb. Bildirib ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi, mədəni sahədə də yüksək əməkdaşlıq şəraiti mövcuddur.
Məhəmmədrza Nəcəfi Azərbaycanın işğal olunmuş ərazilərinin tezliklə azad edilməsinə və həmin yerlərdə belə sərgilərin keçirilməsinə dair arzularını ifadə edib.
Sonda sərgi iştirakçılarına və media nümayəndələrinə diplomlar təqdim olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət