Slimfit
  1. MEDİA

Rəsədxana rəsmisi: Dünya "dağılanda" burada maşın karvanı var idi, varlılar da gəlmişdi

Rəsədxana rəsmisi: Dünya "dağılanda" burada maşın karvanı var idi, varlılar da gəlmişdi
Sakura

Rəsədxana rəsmisi: Dünya "dağılanda" burada maşın karvanı var idi, varlılar da gəlmişdi

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Planetlər və kiçik səma cisimləri şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Ədalət Ətayinin Oxu.Az-a müsahibəsi:

- Ədalət müəllim, bir qədər teleskoplar haqqında məlumat verərdiniz. Ümumiyyətlə, onların ən önəmli funksiyaları nədir? Şamaxı Astrofizika Rəsədxanasında teleskoplar nə zaman quraşdırılıb?

- Teleskopların əsas funksiyası gözdən daha çox və sürətli işıq toplama qabiliyyətinə malik olmasıdır. İkincisi, obyektin nə olduğunu tez və aydın şəkildə müəyyən etməsidir. Kainatdakı cisimləri öyrənmək üçün teleskoplara və onlara qoşulmuş qəbuledicilərə ehtiyac var.

Rəsədxanamızda ilk teleskop 1957-ci ildə qurulub - xromosfer-fotosfer Günəş teleskopu. 1966-ci ildə qurulan və sentyabrın 20-də istifadəyə verilən, Almaniyanın "Carl Zeiss JENA" firmasının istehsalı olan iki metrlik teleskop üç müxtəlif optik sistemi özündə birləşdirir və əsasən, spektral müşahidələr üçün nəzərdə tutulub.

O vaxt alman alimlər 1,5 milyon dollar təklif edərək həmin teleskopu bizdən almaq istəyirdilər, lakin Yusif Məmmədəliyevin, Rəsədxananın keçmiş direktoru Hacıbəy Sultanovun sayəsində teleskopu Rəsədxanada saxlanıldı. Bu teleskop hətta SSRİ-nin yaratdığı altı metrlik teleskopun funksiyalarını yerinə yetirə bilir.

Rəsədxanadakı teleskoplarla səma cisimlərinin fotoelektrik, polyarimetrik və spektral müşahidələri aparılır, Günəş alışmalarının spektrləri, Günəş ləkələrinin vizual ölçüsü, Günəş tacı və spikulların inkişaf dinamikası, Günəşin spektral xətlərinin quruluşu tədqiq olunur, ulduz topalarının spektral təsnifatı, yeni və ifrat yeni ulduzların, komet və asteroidlərin axtarışı aparılır və s.

2019-cu ildə Şamaxı Astrofizika Rəsədxanasında parlaqlığı çox zəif olan səma cisimlərinin fotometrik müşahidələrinin aparılması üçün "Zeiss-600" teleskopunun optik gücü artırılıb.

- Əgər başqa planetlərdə həyatın mövcudluğuna dair kiçik ehtimal olarsa, gələcəkdə planetlərarası əlaqə qurula bilərmi?

- Digər planetlərdə həyatın olub-olmadığını əminliklə demək üçün mütləq kosmosa səyahət etməlisən. Bu isə külli miqdarda maliyyə vəsaiti tələb edir.

Kosmik raketlər yalnız bir milyon ildən sonra hər hansı ulduzun yanından keçə bilər. Fərz edək ki, məlumatlar toplandı və Yerə ötürüldü. Oradakı həyatın hansı formada olduğunu, insanların hansı sivilizasiyada olduğunu öyrənmək də xeyli vaxt aparacaq.

- Yəni bizdən daha müasir cəmiyyətlər ola bilər?

- Ola bilər. Kainat yalnız fizika qanunları çərçivəsində mövcuddur. Bundan kənarda heç nə mövcud ola bilməz. Bu günə qədər başqa palnetlərdə həyatın mövcud olub-olmadığını sübut edə bilməyiblərsə, deməli, orada fizika qanunlarının pozulduğu məqamlar var.

- Marsla bağlı aparılan araşdırmalar nə yerdədir?

- O vaxt Nadir İbrahimov Marsla bağlı çox ciddi araşdırmalar aparıb və orada bənövşəyi buludların olduğunu müəyyənləşdirib. Müşahidə Marsda qasırğalar baş verdiyi vaxt aparılıb. Məlum olub ki, böyük qarşıdurmalar dövründə Mars Yerə yaxınlaşır və iki planet arasındakı məsafə 55 milyon kilometr təşkil edir. Orada 4 km boyunca dağları əhatə edən "Ellada" adlı ərazi var.

Burada torpaq süxurları yüksək temperatur səbəbindən qızır, zəif toz qalxır. Bu tozun qarşısı vaxtında alınarsa, fırtınaya çevrilməz. Amma enerji verilərsə (qızma prosesi davam edərsə), ərazini bürüyər və dairədən çıxar. "Ellada" torpağından çıxan toz bütün Marsın üzünü bağlayır və bu, Marsda fırtınanın baş verməsi kimi təqdim edilir.

- Müşahidə apararaq Marsda fırtına olduğunu əvvəlcədən demək olar?

- Bunu demək üçün dörd-beş ay davamlı olaraq Marsı müşahidə etmək lazımdır. Əslində, bunu da dəqiq görmək mümkün deyil. Marsda hər hansı prosesi müşahidə etmək üçün ya mütləq ora uçmalısan, ya da yaxınlıqdakı kosmik raketdən informasiya almalısan. Biz keçən il Marsı müşahidə etmək istədik, amma planetin üzü boz idi. Bu da o deməkdir ki, fırtına yalnız Günəşə yaxınlaşma zamanı olur. Ümumiyyətlə, planetlərdə baş verən proseslər Yerə təsirsiz ötüşmür.

Bu gün müşahidə aparmaqla Marsda çox cüzi metan olduğunu deyə bilirik, amma kosmik raket daha çox olduğunu göstərir. Yəni bu iki variantdan hansının dəqiq olduğunu kənardan demək mümkün deyil.

Məsələn, ötən il "İrma" qasırğası ABŞ-a 300 milyard dollar ziyan vurdu. Kosmik raketin ötürdüyü məlumatdan qasırğanın baş verdiyi göründü, lakin onun nə vaxt yarandığını bilmədilər ki, qarşısını alsınlar.

İki okean arasındakı temperatur fərqi bu qasırğanı daha da sürətləndirmişdi. Həmin an qasırğanın qarşısında nə varsa, məhv olur. ABŞ güclü dövlət olduğu üçün bunun fəsadlarını aradan qaldırmaq mümkündür. Amma başqa bir dövlət bu cür fəlakətin qarşısında aciz qala bilər.

- Azərbaycan yaxın gələcəkdə oxşar təhlükə ilə qarşılaşa bilərmi?

- Xeyr. Hələlik elə bir təhlükəli məqam müşahidə edilməyib.

- Hazırda Yupiteri də müşahidə edirsiniz.

- Yupiterin səthində böyük qırmızı ləkə var. Bunu ilk dəfə 1675-ci ildə Kassini deyib. O, qeydlərində Yupiterin səthində oval sahə gördüyünü yazıb. Bu sahə Yerdən iki-üç dəfə böyükdür. Ümumilikdə isə Yupiterin özü həcminə görə Yerdən 1325 dəfə, kütləsinə görə isə 325 dəfə böyükdür. Yerin sıxlığı Yupiterin sıxlığından üç dəfə çoxdur. Yüngül qazlardan təşkil olunsa da, Yupiterin kütləsi 10 dəfə daha çox olsa, ulduza çevrilə bilərdi.

Həmin oval törəmələr böyük qırmızı ləkə tərəfindən udulur. Bu, çox maraqlıdır. Yupiterdə bu hadisələri müşahidə edən alimlər həmişə deyir ki, orada hər hansı bir hadisə baş versə, 1000 il davam edə bilər, Yerdə isə maksimum iki-üç gün. Heç görmüsünüz ki, Yerdə yağış başlasın və dayanmadan günlərlə davam etsin?

Aparılan araşdırmalar göstərir ki, Yupiterin torpaq qatının altında okean var. Həmin okeanda yaşayış olduğu ehtimal edilir. Amerikalılar bunu dəqiqləşdirmək üçün əllərindən gələni edir. Amma gərək orbiti dəqiq verəsən, sürəti də doğru təyin edəsən, bundan sonra Yupiterin səthinə daxil olaraq torpaq qatını deşib okeana girə biləsən. Milyonlarla dollar pul gedir, amma sən üç suala cavab tapırsan. Yupiterdə okean varmı? O okeanda həyat varmı? Varsa, o həyat hansı formadadır? Bunlar, belə demək mümkünsə, bahalı suallardır.

- Planetlər Günəşdən daha artıq enerji verə bilirmi?

- Planetlərdən ən nəhəngləri Yupiter, Saturn, Uran və Neptundur. Onlardan yalnız Uran Günəşdən aldığı enerjiyə nisbətən altı faiz artıq enerji verir. Yupiter 167 faiz, Neptun 260 faiz artıq enerji verir. Planetlər 4,5 milyard ildir, Günəş isə beş milyard ildir yaşayır. Hələ 10 milyard il də yaşayacaq.

- Günəşdə fəallıq varmı?

- Maraqlı məsələyə toxundunuz. Hərdən deyirlər ki, Günəşdə aktivlik olarsa, bu, 11 il davam edəcək. Amma əslində, bu məsələni  ilk dəfə astronom yox, alman əczaçı kəşf edib. O, bir sıra xəstəliklərin artım və azalma dövrünü müşahidə edib. Aşkar edib ki, 11 ildən bir ürək xəstələrinin sayı artır. Bunu da Günəşdə gedən proseslərlə əlaqələndirib. Bu məsələ belə yaranıb.

- Günəşin üzündəki "qara ləkə" də fərziyədir?

- Günəşin üzərində qara ləkə yoxdur. Əlimizdə kiçik bir yeri cızsaq, qızaracaq. İnfeksiya düşsə, həmin nahiyədəki temperatur ətraf hissələrlə müqayisədə daha çox olacaq. Günəşin hər tərəfi işıqlıdır, yanır. Sadəcə, Günəşin səthinin, fotosferinin orta temperaturu 6000 C°, həmin qara görünən hissədə isə istilik 4500 C°-dir. Bu bizə qara görünür, əslində, qara deyil.

Orada maqnit sahəsi elə formadadır ki, sıxılır və bəzən Günəşdə partlayış olur. Həmin partlayış hansı istiqamətdə olursa, yüklü zərrəciklər də o istiqamətə doğru atılır. Məsələn, Yerin atmosferinə gələrkən yüklü zərrəciklərin yükə malik hissəsi hərəkətdədirsə, bu cərəyandır.

Cərəyandırsa, bu, maqnit sahəsinin olduğunu göstərir. Belə olanda həmin maqnit sahəsi Yerin maqnit sahəsini pozur. Proses nəticəsində dalğa kəsilir, televizorlar, texnoloji avadanlıqlar işləmir, telefon əlaqəsi qurmaq mümkün olmur. Bundan başqa, ürək xəstələrinin vəziyyəti pisləşir, hətta ölənlər olur.

- Bəs ulduzlar nə rəngdədir?

- Ulduzların rənglərinə görə qoca və cavan olduqlarını müəyyən edirik. Ən cavan ulduzlar bənövşəyi rəngdə olur. Onlarda temperatur 25 min dərəcədən də yuxarıdır. Qırmızı ulduzlar isə ən az temperatura malikdir. Ulduzların qara, narıncı, sarı, yaşıl, bənövşəyi, qırmızı rəngləri olsa da, ağ rəng bütün rənglərin cəmindən, qara rəng isə bütün rənglərin udulmasından yaranır.

- Asteroid təhlükəsi gözlənilirmi?

- "Asteroidlər yolunu azdı, Yerə düşdü" deyə bilmərik. Asteroidlər heç vaxt yolunu aza bilməz, onlara qravitasiya təsiri olur. Onlar öz orbitindən sarsılır və atılır. Yerə gəlib çatanda buna meteorit deyirik. Bizim muzeydə Yardımlıya düşən 129 kq ağırlığında meteorit hissəsi saxlanılır.
Meteoritin düşdüyü ərazidə ağaclar varsa, orada təmiz almaz yaranır. Almaz isə təmizlənərsə, brilyant olur.

- Planetlərin paradı gözlənilirmi?

- Paradlar kiçik və böyük olmaqla iki cür olur. Kiçik parad Venera, Merkuri, Yer və Marsın bir düz xətt boyunca düzülməsidir. Onların dövr etməsi kiçik olduğundan düz xətt altına daha tez gəlirlər.

Amma Yupiter 12 ildən, Saturn 30 ildən, Neptun 168 ildən, Uran isə 84 ildən bir dövr etdiyi üçün onların bir düz xətt altında görüşməsi kifayət qədər uzun çəkir. Bu səbəbdən də planetlərin kiçik paradına rast gəlinir, böyük parad isə müşahidə edilmir.

- Dünyanın sonunun gələcəyini deyirdilər. 21 dekabr söhbəti yenidən gündəmə gələ bilər?

- Deyirdilər ki, Günəş sönəcək, dünya qaranlığa qərq olacaq, dünyanın sonu gələcək və s. Hətta imkanlı şəxslər rəsədxanaya gəlib soruşurdular ki, bu məsələ doğrudur, ya yox? Xeyli şüursuz yanaşmalar oldu. Rəsədxananın qarşısında maşın karvanı dayanırdı. Hamı soruşurdu ki, dünya dağılacaq? İzah edə bilmirdik ki, heç nə olmayacaq.

- Kosmik raket göndərmək imkanınız olsaydı, hara göndərərdiniz?

- Belə demək asandır. Məsələn, ABŞ Merkuri planetinin özünü nə üçün "qəribə apardığını" müəyyənləşdirmək üçün ora kosmik raket göndərib. Cəmi bir sualın cavabını tapmaq üçün göndərilən “Messenger” ABŞ-a 250 milyon dollara başa gəlib. Mars və Yupiter haqqında dəqiqləşdirmək istədiyim bahalı suallar var. Amma cavabsız olaraq qalıb.

- Sizə mane olan yeganə səbəb maddiyyatdır, yoxsa?

- Bu, əsas məsələdir. Amma bir məqam da var ki, əlimizdəki imkanlardan istifadə etməyə mane olanlar var. Ətrafdakı hotellər və digər obyektlərin işıqlandırılması bizim müşahidələrimizə mane olur. Dəfələrlə bununla bağlı müraciətlər etmişik, hələlik bir çıxış yolu tapılmayıb. Gözləyirik, görək, bu səssizliyin nəticəsi necə olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR