Slimfit
  1. AZƏRBAYCAN

Reklam və əmanətlərlə bağlı qanun dəyişdirilir

Reklam və əmanətlərlə bağlı qanun dəyişdirilir
Sakura

Reklam və əmanətlərlə bağlı qanun dəyişdirilir

Fevralın 15-də Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Oxu.Az-ın məlumatına görə, komitə sədri Ziyad Səmədzadə bildirib ki, bu gün ölkədə bütün sahələrdə dinamik inkişafı nümayiş etdirən hadisələr müşahidə olunur, transmilli layihələr həyata keçirilir.

Onun sözlərinə görə, ölkə prezidentinin uğurlu inkişaf strategiyası dövlətin iqtisadi yüksəlişinin daha da artması üçün geniş imkanlar yaradıb:

“Bu günlərdə mühüm tarixi qərarlar verilib, o cümlədən minimum əməkhaqqının 38 faiz artmasını təmin edən sənəd imzalanıb. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib”.

Sonra Z.Səmədzadə qeyd edib ki, gündəliyə bir sıra qanunlarda dəyişikliklərlə bağlı 10 məsələ daxil edilib. Diqqətə çatdırılıb ki, “Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliklər (3-cü oxunuş) Əqli Mülkiyyət Agentliyi tərəfindən göstərilən “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulan xidmətlərin və dövlət rüsumlarının məbləğinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. 

Belə ki, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” və “Patent haqqında” qanunlara təklif olunan dəyişikliklərə əsasən, bir sıra yeni hüquqi hərəkətlərə görə dövlət rüsumları müəyyən olunub. Bununla bağlı qanunun yeni redaksiyada verilmiş 18.11-ci maddəsində deyilir ki, ixtira üçün 20 manat, faydalı model üçün 15 manat, sənaye nümunəsi üçün 15 manat, patentə məxsus təsvirin düsturla birlikdə 30-dan artıq hər səhifəsi üçün 1 manat, digər fəaliyyət növləri üzrə müxtəlif məbləğdə dövlət rüsumunun dərəcələri təyin edilir.

“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunda edilən dəyişikliklər (3-cü oxunuş) “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” prezidentin 2018-ci il 30 iyul tarixli 222 nömrəli fərmanına uyğun olaraq hazırlanıb və əmtəə nişanları və coğrafi göstəricilər sahəsində bir sıra xidmətlərə görə nəzərdə tutulmuş “haqq”ın “dövlət rüsumu” ilə əvəz olunmasını nəzərdə tutur.

Qanun layihəsi “haqq” ödənilən xidmətlərin dairəsini dəqiqləşdirir. Belə ki, qanuna görə, haqqın ödənilməsi tələb olunan xidmətlərin siyahısı və həmin xidmətlərə görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.

Yuxarıda adı çəkilən fərmana əsasən, eyni zamanda, “Patent haqqında” qanunda (3-cü oxunuş) ixtira, faydalı model və sənaye nümunəsinin qeydiyyatı və patent verilməsi sahəsində bir sıra xidmətlərə görə nəzərdə tutulmuş “haqq”ın “dövlət rüsumu” ilə əvəz olunmasını nəzərdə tutan müvafiq dəyişikliklər təklif olunur. 

                                                              Ziyad Səmədzadə

Komitə sədri qeyd edib ki, ölkədə Reklam Agentliyi yaradılıb və qarşısına ciddi vəzifələr qoyulub:

“Bugünkü reallıq tələb edir ki, “Reklam haqqında” qanuna dəyişikliklər olunsun”. 

İclasda iştirak edən Dövlət Reklam Agentliyinin direktor müavini Orxan Əliyev “Reklam haqqında” qanuna dəyişikliklərin (2-ci oxunuş) mahiyyəti barədə məlumat verib. Bildirib ki, yeni redaksiyada verilən 26.1-ci maddəyə əsasən, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında, dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin, vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında, yeraltı keçidlərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 

Qanuna əlavə edilən 26.1-1-ci maddədə isə deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş müvafiq reklam qurğularının tikintisinə və istismarına icazə tələb olunur. Bu Məcəllədə tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Sənəddə açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısının Dövlət Reklam Agentliyindən aldığı icazənin maksimal müddətinin 1 ildən 3 ilədək artırılması və eyni zamanda, icazə müqaviləsinin ləğvi, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kv.m-dən 1 kv.m-dək azaldılması, bir sıra dəqiqləşdirmə xarakterli dəyişikliklər nəzərdə tutulur.

Sonra “Əmanətlərin tam sığortalanması haqqında” qanunda edilən dəyişikliyi Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsi Əfqan Baxışov təqdim edib. Bildirib ki, qanun 2016-cı ildə qəbul olunub və sənəddə göstərilir ki, əmanətlər üç il müddətinə tam sığortalanır:

“Həmin müddət 2019-cu ildə bitdiyinə görə, onun daha bir il uzadılması təklif olunur. Bu düzəliş bank sektorunun dəstəklənməsinə, əhalinin banklara depozit qoymasının stimullaşdırılmasına xidmət edəcək”. 

İclasda daha sonra Mülki Prosessual Məcəllədə (1-ci oxunuş), İnzibati Xətalar Məcəlləsində (1-ci oxunuş), “Telekommunikasiya haqqında” (1-ci oxunuş), “İpoteka haqqında” (1-ci oxunuş),  “Sığorta fəaliyyəti haqqında” (1-ci oxunuş), “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Reklam haqqında” qanunlarda nəzərdə tutulan dəyişikliklərə baxılıb.

Deputatlar İlham Əliyev, Vahid Əhmədov,  Şəmsəddin Hacıyev, Tahir Mirkişili gündəlikdəki məsələlər barədə fikirlərini söylədilər, dəyişikliklərin əhəmiyyətini qeyd ediblər, bir sıra təkliflər veriblər.

Müzakirələrin yekununda qanun layihələri MM-in plenar iclasına tövsiyə edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR