Slimfit
  1. MƏDƏNİYYƏT

Rejissor Oruc Qurbanovun Mədəniyyət Naziri Anar Kərimov cənablarına müraciəti

Rejissor Oruc Qurbanovun Mədəniyyət Naziri Anar Kərimov cənablarına müraciəti
Sakura

Rejissor Oruc Qurbanovun Mədəniyyət Naziri Anar Kərimov cənablarına müraciəti

Hörmətli  Anar müəllim!

Mən, Oruc İzzət oğlu Qurbanov 1949-cu ildə Bakı şəhərində anadan olmuşam. Atam 1954-cü ildə “Paris kommmunası” zavodunda iş vaxtı faciəvi surətdə həlak olub və mən Bakı şəhərinin 8 saylı internat məktəbində təhsil almışam. Əvvəlcə Bakı Dövlət İncəsənət İnstitutunu, sonra isə Mədəniyyət Nazirliyinin göndərişi ilə 1979 – 80 ci illərdə Moskvada görkəmli rejissor A. V. Efrosun rəhbərliyi altında Ali Teatr Rejissorluğu təhsilini bitirmişəm. 55 ildir ki, professional teatr sahəsində çalışıram. Yüzə yaxın teatr, bir o qədər də radio-televiziya tamaşalarına quruluşlar vermişəm. Bu illər ərzində Mədəniyyət Nazirliyinin sərəncamı ilə bir neçə teatrda baş rejissor vəzifəsində çalışmışam. 

1994-cü ildə ilk dəfə Xocalı soyqrımına həsr olunmuş “Haray” bədii filmini, 1995-ci ildə Ümummilli Liderimiz Heydər Əliyevə həsr olunmuş “Haqqa doğru” sənədli-bədii televiziya filmini çəkmişəm. Bu filmlər çoxsaylı tamaşaçı auditoriyasının rəğbətini qazanmış və  mütəmadi olaraq televiziya ekranlarında nümayiş etdirilir. 

Bir neçə dövlət tədbirinin ssenari müəllifi və rejissoru olmuşam. Həmin tədbirlərin professional səviyyəsini H. Əliyev cənabları zamanında qiymətləndirib. 2002-ci ildə Ümummilli Liderimiz H. Əliyevin fərmanı ilə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülmüşəm. 

2005-ci ildə Akademik Milli Dram Teatrında Mir Cəlalın Paşayevin 100 illiyi münasibəti ilə “Dirilən adam” romanı əsasında səhnələşdirdiyim eyniadlı pyesi tamaşaya qoymuşam. Bu əsər 2006-cı ilin ən yaxşı tamaşası elan olununaraq bir rejissoru kimi fəaliyyətim qiymətləndirilmiş və “Qızıl Dərviş” mükafatına layiq görülmüşdür.

2007-ci ildə Akademik Musiqili Teatrda hazırladığım və libretto müəllifi olduğum “Şəhərdə manyak var” və Ə. Əmirlinin “Yeddi məhbusə anası” səhnə əsərləri Azərbaycan Dövlət Televiziyasının seçim müsabiqəsində ilin ən yaxşı tamaşaları elan olunmuşdur. 

2007-ci ildə xalq yazıçısı İ. Əfəndiyevin “Geriyə baxma, qoca” romanı əsasında xalq yazıçısı Elçinlə birgə Qarabağ tarixinə həsr olunmuş eyniadlı dram əsərini səhnə variantını hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etmişik. 

2011- 2020-ci illər möhtərəm Prezident İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına layiq görülmüşəm. Lakin məlum olmayan səbəbdən 2020 ci ildən həmən mükafatı təəssüf ki, almıram. Yeganə təsəllim budur ki, bəlkə Prezident təqaüdü verildi... 

Teatrla yanaşı ədəbiyyat, dramaturgiya, sənətşünaslıq sahəsində də çoxşaxəli fəaliyyət göstərirəm. On beş cild  həcmində roman, povest, onlarla tarixi və müasir mövzuda dram əsərlərinin müəllifiyəm. Bu əsərlər bir çox mötəbər ədəbi məclislərdə, elmi-bədii şuralarda müzakirə edilib, mütəxəssislər tərəfindən layiqli qiymətini alıb.

Son ədəbi yaradıcılıq işim Molla Nəsrəddinin yubileyi münasibətilə “Molla Nəsrəddinin Teymurləngi ram etməsi” kino-romanı və  “Ağa Məhəmməd şah Qacar” kino-ssenarisidir. 

Hazırda Akademik Musiqili Teatrda bəstəkar Gövhər Həsənzadə və libretto müəllifi  yazıçı-şair Əmir Pəhləvanin “Sevənlərindir Dünya” tamaşasını hazırlayıram.

Cənab Nazir!

Azərbaycan mədəniyyətinin inkişafına verdiyim töhfələrə və bu yolda səmərəli fəaliyyətimə baxmayaraq ömrümün bu ahıl yaşında və müdrük çağında yararsız kommunal şəraiti olan ümumi sahəsi 29 kvadratmetrlik darısqal bir mənzildə qardaşımın ailəsi ilə yaşayııq. Mən yeddi nəfər ailə üzvlərimlə bir otaqlı mənzildə yaşamaqla  fəaliyyətimi davam etdirirəm.Bir oğlum üçüncü qrup əlildir. Ailəlidir…Ailədə işləyən  yeganə mənəm.

Ekranlaşdırdığım “Haray” bədii filminin doğma Qarabağımızın qarlı dağlarında çəkilişləri zamanı təsadüfü iş qəzası nəticəsində cərrahiyyə əməliyyatı keçirərək böyrəyimin birini itirmişəm.İkinci qrup əliləm. Üç aydan bir vaxtaşırı Xəzər Dəniz Gəmiçiliyi Xəstəxanasında həkimlərin müayinəsindən keçməli oluram.Lakin maddi imkansızlığım müalicə kursunu keçməkdə fasilələr yaradır və sağlamlıgım günü – gündən geriyə gedir.

Ağır durumum - evsizliyim və maddi imkansızlığımla bağlı rəsmi orqanlara saysız müraciətlər etsəm də heç bir müsbət nəticə almamışam.

Cənab Nazir! 

Elm, mədəniyyət, incəsənət xadimlərinə göstərilən diqqət, qayğı və hörmət neçə-neçə ailələrə sevinc, firavan həyat bəxş etmişdir. Qarşıdan gələn yeni il münasibəti ilə məni və ailəmi illər uzunu həsrətində olduğumuz mənzillə təmin etmənizi və Prezident təqaüdü verilməsinə köməklik göstərməyinizi Sizdən xahiş edirəm. 

Yaradıcılığım barədə hörmətli alim və ziyzlıların   rəylərini diqqətinizə çatdırım. Bu rəylər Turan xanım Cavidin təkidi ilə dahi şairimiz Hüseyn Cavidin ev muzeyində saxlanılır.  

Oruc İzzətoğlu-Qurbanovun yaradıcılığı haqqında RƏYLƏR

“... Oruc Qurbanov çox-çox sonra İzzətoğlu imzasını qəbul edib. Bunu özü belə izah edir: “Atam barədə heç bir xatirəm yox idi. İkinci dünya müharibəsində cəbhədə çəkdirdiyi yeganə fotoşəkildən başqa. Ona baxanda təsəlli tapırdım. Atamın varlığını fikirləşirdim... İzzətoğlu imzasını qəbul etdikdən sonra ürəyim sanki doğma atamı tapdı. Hər dəfə “İzzətoğlu”- deyə mənə müraciət olunanda tənhalığımı və arxasızlığımı bir anlığa  unuduram. Mənə elə gəlir ki, atamın ruhu daim mənimlədir”.

Qoy İzzətoğlu imzası həmişə ucalıqlara yazılsın”!

Yasif Nəsirli

Əməkdar incəsənət xadimi,

Filologiya elmləri doktoru.

***

“Bu axşam Sumqayıt teatrında baxdığım tamaşa uzun müddət mənim yadımdan çıxmayacaqdır. Yorgunluğuma baxmayaraq, tamaşadan, aktyorların, xüsusilə, Afət rolunu ifa edən Hicran xanımın oyunu, rejissor, rəssam, bəstəkar və əsərin quruluşunda iştirak edən səhnə ustalarının işi mənə çox dərin təsir bağışladı. Zənnimcə, bu tamaşa müasir teatrımızın tarixində ən parlaq səhifələrdən biri olacaqdır. Arzum budur ki, bu tamaşa Bakıda Əzizbəyov adına Dram Teatrda, xüsusilə, müəllifin vətəni Naxçıvan teatrında da göstərilsin ki, bu əsərə mümkün qədər çox tamaşaçı baxa bilsin.

 Öz tamaşanızla məftun etdiyiniz qoca Əziz Şərifin təşəkkürünü qəbul edin!”

Əziz Şərif

M. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru

***

“Gözəl tamaşa münasibətilə sizi təbrik edirəm. Xəstə halda tamaşaya gəlmişdim. Böyük zövqlə tamaşa etdim. Mənə elə gəlirdi ki, Parisin ən yaxşı teatırlarında tamaşaya baxıram. Tamaşanın proqramı zövqlə tərtib edilib. Fransuz stilli, maneralı tamaşadır. Afəti oynayan aktrisanıza əhsən. Hamı yaxşı oynayırdı. Sağ olsun Oruc Qurbanov”!

Niyazi

SSRİ Xalq artisti

***

“ Oruc! “Afət” tamaşasına böyük həvəslə, maraqla baxdım. Gözəl bir tamaşa, yaxşı bir rejissor işi gördüm. Uğurlar, daha böyük müvəffəqiyyətlər arzulayıram”.

Mehdi Məmmədov 

SSRİ Xalq artisti

***

“Hörmətli Oruc! İncə zövqlə, yüksək mədəniyyətlə, böyük məhəbbətlə yaratdığın “Afət” tamaşasınin xoş təəssüratından hələ də ayrıla bilmirəm. Duyğularımı və hislərimi yerindən oynatdığın üçün çox sağ ol - yaşa, yarat!”

Turan Cavid

***

“Gözəl tamaşadır. Çox təsirləndim. Baş rolu oynayan gənc aktyoru gələcəkdə türk dünyasının parlaq sənət ulduzu görürəm.Heç vaxt düşünməzdim ki, Nazim Hikmətin “Damokl qılıncı” dramını “11 sentyabr” terror hadisələri ilə bağlamaq olar”.

Şenol Dəmiröz

İstanbul Böyükşəhər Bələdiyyəsinin

Sosial və Kultur İşlər Üzrə Dairə Başqanı

***

“Zaman” teatrı bizi kövrəltdi. Oruc İzzətoğlunun Həzrət Əlinin (ə) şəhadətinin 1385 illiyinə həsr olunan “Xəyanət” tamaşası böyük rəğbətlə qarşılandı”.

“Nəbz” qəzeti” 04.11.2004.

Oruc bəyin çəkdiyi “Haray” bədii filmi olduqca təsirli və qiymətli ekran əsəridir. Hər döyüşdən qabaq bu filmi Azərbaycan əskərinə göstərmək lazımdır ki, bu günahsız cocuqların qisasını düşməndən amansizcasina alsınlar.

Xəlil Rza

Xalq şairi

***

“Mehriban xanım Əliyeva foyedə görkəmli elm, mədəniyyət və ədəbiyyat xadimləri ilə söhbətində yeni səhnə əsəri barədə fikir mübadiləsi apardı, yaradıcı kollektivin üzvlərini uğurlu tamaşa münasibəti ilə təbrik etdi.

AzərTAc

“Azərbaycan” 28 may 2005

***

“Tamaşa çox xoşuma gəldi, yaxşı baxılır, maraqlıdır. Rejissor işi çox uğurludur, aktyor tərkibi də yaxşı seçilib.Bir sözlə, Oruc Qurbanov Mir Cəlal Paşayevin “Dirilən adam” əsəri ilə ölüm ayağında olan teatrımızı diriltdi”

RAMİLƏ QURBANLI

“Xəzər” cümə 27 may 2005.

***

“Mən sizin dili bilməsəm də “Xilaskar” tamaşasından mənə hər şey aydın oldu. Olduqca gözəl, cazibəli tamaşa hazırlamısız.

Hamınızı təbrik edirəm”.

Eduard Şevernadze

Gürcüstan Respublikasının sabiq prezidenti 2009

***

Академический национальный театр Азербайджана в самой середине июля предложил вниманию публики премьерный спектакль, не только собравший полный зал, но и вызвавший ее оживленную реакцию…«Олигарх», которая прозвучала в мастерски сделанной заслуженным деятелем искусств Азербайджана Оруджем Иззетоглу постановке при участии большой группы любимых бакинцами актеров…Здесь как никогда понадобились талант и опыт этого уважаемого мастера, чтобы занятые в премьере актеры ярко сыграли двухактную комедию о людях, прямо скажем, оскорбляющих достоинство всех нас…С учетом того, что у театра такой мощный потенциал, хочется пожелать этому коллективу побольше тонких, аналитических пьес на злобу дня, которые интересно играть актерам и которые с жадностью искушенных театралов будут смотреть зрители.

Галина МИКЕЛАДЗЕ, И.А.

17.07.2012 19:00

БАКУ, – 1NEWS.AZ

***

Oruc izzətoğlunun Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə hazırladığı “Mürafiə vəkilləri” tamaşası ən möhtəşəm tamaşadır.

Aydın Dadaşov

Sənətşünaslıq doktoru

***

“Nuh Peyğəmbər” romanının təqdimat mərasimindən

“ Orucun kinodakı fəaliyyətindən, film çəkməyindən, senarilərindən çox danışmaq olar. Oruc çoxşaxəli yaradıcılıq üslubu olan istedadlı rejissorlarımızdan, yazıçılarımızdan, ziyalılarımızdan biridir. 

O, “Nuh Peyğəmbər” romanı ilə yenidən gündəmə gəlib və çəmiyyəti möhkəmcə silkələyib. Bu əsər Azərbaycan ədəbiyyatı tarixində öz orijinallığı və üslubu ilə seçilən çox ciddi və qiymətli ədəbi nümunələrdən biridir. Müəllif üslub cəhətdən roman-əsatir sujet-kompozisiyasını  ustalıqla qələmə almışdır. Romandakı hadisələr cəmi-cümlətani bir gecədə cərəyan edir. Bir gecənin hadisələrini bir romana sığışdıraraq Nuh Peyğəmbər dövründən bəşəriyyətin keçdiyi yolu ulu tariximizə bağlamaq bacarığı olduqca maraqlıdır. Oruc bunun öhdəsindən məharətlə gələ bilib”.

Xalid Əlimirzəyev

Filologiya elmləri doktoru

11.07.2003

***

“...mən hesab edirəm ki, bu, müasir nəsrimizdə roman-pritça janrının nümayişi olan, bu janrın çərçivəsini genişləndirən, bu çərçivədə yeni söz deyən bir əsərdir... .... Hesab edirəm ki, müasirliyə baxışın və tarixi hadisələrin fonunda müasirliyin qışqıran ziddiyyətlərinin bədii, poetik ifadəsi birbaşa 90- cı illər nəsrində Oruc İzzətoğlunun adı ilə bağlıdır. Və hesab edirəm ki, bu əsər uzun illər ədəbiyyat tənqidçilərinin nəzər-diqqətini cəlb edəcək və ədəbi-bədii müzakirələrin müzakirə obyekti olacaqdır.

Mürşüd Məmmədli

Filologiya elmlər namizədi

***

QAFQAZ MÜSƏLMANLAR İDARƏSİ QAZİLƏR ŞURASI VƏ ELMİ DİNİ ŞURANIN TOPLANTISI.

“Oruc İzzətoğlunun “ VII İmam Museyi Kazım” əsəri gec-tez səhnəyə gələcək. Siz müəllif kimi onu düz deyirsiniz ki, dinlə incəsənət arasında müəyyən bir körpü yaratmaq lazımdır. Siz bunu yaratmaq istəyirsiniz. Biz də istəyirik ki, sizə kömək edək... Amma o adamlar ki... İmam Museyi-Kazımı səsləndirəcək, sənətçinin şəxsi keyfiyyətləri zəngin və yetkin olmalıdır”.

Şeyxülislam Hacı Allahşükür Paşazadə

***

“Mən hörmətli dramaturq İzzətoğlunu birinci kərə bu gün gördüm və çox şad oldum tanış olmağımıza... qiyabi də olsa... Amma belə bir köhnə məsəl var, hamı onu artıq məsələ çevirib “Şəxsin bilinər rütbeyi-əqli əsərindən”. Tanımadığım, bilmədiyim bu kişinin bu əsərini oxuyanda onun əqlinin dərəcəsi, istedadı, bir dramaturq istedadı məni cəlb etdi. Mən bu cəhətdən əsərindən razıyam. Onunla da çox razıyam ki, o, özü öz əsərini məqsədini, onu qələmə aldıqda izlədiyi məramı çox düzgün ifadə elədi. Biz uzun müddət çaşmışıq. İdeal qəhrəman dedikdə, qondarma qəhrəmanlardan danışmışıq... ”.

Oruc İzzətoğlu taleyimizin və tariximizin bu xətasını göstərməklə xalqın gözündə bir baş da ucaldı...

Bəkir Nəbiyev,

akademik

***

“Mən Bəkir müəllimin fikirləriylə tamamilə razıyam. Həqiqətən də, əsəri oxuduqca Bağdad və  İmam Museyi-Kazimiyə məscidi gözlərim önündə canlandı. Bildiyiniz kimi bizim bir dahimiz də orda dəfn olunub. Bütün o lövhələr yaddaşımda vərəqləndi.

Mən bu əsəri dolğun pyes kimi, bədii əsər kimi bəyənmişəm. Və Bəkir müəllimin fikrinə qoşuluram. 

Fuad Qasımzadə,

akademik

***

“Pyesi mən də bəyənirəm və qərarım da yaxşıdır. Azərbaycan incəsənətinin bugünkü inkişaf səviyyəsi ciddi əsərlərin səhnə təcəssümünə imkan vermir. İnanırıq ki, inşaallah beş ilə bu səviyyəyə gəlib çatacağıq və onda bizim Qazilər şurası da, Elmi dini şura da həmin əsərlərin təcəssümünü də məsləhət biləcək və tövsiyyə edəcək. Amma bu gün biz sizin o gözəl əsərinizin çap olunmasını məsləhət bilirik, səhnə təcəssümünü də buraxırıq zamanın öhtəsinə. İnşaallah zaman yetişər, biz onu səhnədə görüb feyziyyab olarıq. Uğurlar olsun, Oruc müəllim! Gec-tez bu həll olunacaq. Hələlik çap elətdirin, sonrasına baxarıq. Sağ olun”.

Vasim Məmmədəliyev

Milli Elmlər Akademiyasının Həqiqi üzvü,

Elmi dini şüranın sədri.

Hörmətlə,

Oruc  Qurbanov

Əməkdar İncəsənət xadimi, 

 “Qızıl Dərviş” mükafatşısı

14. 12. 2021

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dişləri yumaq üçün 1 noxud miqdarında diş pastası kifayətdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR