Slimfit
  1. DÜNYA

"Regnum"un rəhbəri: "Paşinyan şəxsi marağı üçün Qarabağ danışıqlarını uzatmaq istəyir"

"Regnum"un rəhbəri: "Paşinyan şəxsi marağı üçün Qarabağ danışıqlarını uzatmaq istəyir"
Sakura

"Regnum"un rəhbəri: "Paşinyan şəxsi marağı üçün Qarabağ danışıqlarını uzatmaq istəyir"

Modest Kolerov: "Ermənistanda daha bir "inqilab" gözlənilir və bu, "inqilabçılar"ın öz xalqları və dövlətləri üçün əsas məsələni həll etməmələri ilə bağlıdır: onlar iş yerləri yaratmırlar"

Ermənistanın Baş naziri Nikol Paşinyan öz siyasi ömrünü uzatmaq üçün Azərbaycanla Qarabağ münaqişəsinə dair danışıqları sonsuzadək uzatmaqda maraqlıdır. Bunu "Regnum" İnformasiya Agentliyinin baş redaktoru Modest Kolerov Sputnik Azərbaycan-a müsahibəsində, ümumilikdə postsovet məkanında, o cümlədən Cənubi Qafqazdakı situasiyanı şərh edərkən deyib.

O bildirib ki, postsovet məkanında 2003-cü ildə Gürcüstanda başlayan, ötən il Ermənistada davam edən və hələ başa çatmayan "rəngli inqilablar" istənilən halda inqilab adlanır: "Halbuki bu, sadəcə ilhamverici ritorikadır və əslində "inqilablar" dövlət çevrilişindən başqa bir şey deyil. Həmin "inqilab"ın olduğu Ukrayna, Gürcüstan, Ermənistan və Moldovada özü-özlüyündə heç bir inqilabi dəyişiklik baş verməyib".

"İş ondadır ki, postsovet məkanı üçün adi olan bu "rəngli inqilablar" küçə izdihamının köməyi ilə hakimiyyət uğrunda mübarizə və səlahiyyətlərin bölüşdürülməsidir. Belə "inqilablar" texnologiyası ilə bağlı dəfələrlə yazılıb. Hakimiyyət parçalanmadan, meriyanın, yaxud da hansısa dövlət idarələrindən birinin köməyi olmadan, paytaxtlarda etiraz aksiyalarının baş tutması əsla mümkün olmazdı, onlar sadəcə susuzluqdan və aclıqdan ölərdilər" - baş direktor vurğulayıb.

Ermənistana gəlincə, Kolerov hesab edir ki, oradakı proseslər hələ başa çatmayıb: "Gələcəkdə bu ölkədə daha bir "inqilab" gözlənilir. Və bu, "inqilabçılar"ın öz xalqları və dövlətləri üçün əsas məsələni həll etməməsi ilə bağlıdır: onlar iş yerləri yaratmırlar".

Sputnik Azərbaycan-ın həmsöhbəti hesab edir ki, iş yerləri yaratmadan miqrasiyanın, kasıblığın və mədəniyyətin səviyyəsinin aşağı düşməsinin qarşısını almaq olmaz: "İş yerləri yaratmaq üçünsə regional düşüncə tərzinə malik olmaq lazımdır, təkcə qitə düşüncəsinə deyil. Axı postsovet məkanında baş verən "inqilablar" millidir".

"Bu, milli dövlət çevrilişləri prinsip etibarilə irimiqyaslı layihələr yaratmağa qadir deyil, çünki onların siyasi və iqtisadi fəlsəfəsi belədir: birincisi, götürmək və bölüşdürmək, ikincisi, ABŞ və başqa hansısa digər dövlət üçün suda batmayan aviadaşıyıcı sayaq kolonial iqtisadiyyat yaratmaq" - deyən Kolerovun sözlərinə görə, tezlikdə Ukraynada da ikihakimiyyətlilik müşahidə olunacaq.

"Ukraynada Prezident Vladimir Zelenski ilə parlament arasında ikihakimiyyətlilik yaşanacaq. Parlament seçikilərindən sonra da Zelenskinin parlamenti nəzarətində saxlaya biləcəyinə heç bir əminlik yoxdur, çünki hakimiyyətinin hər günü o, mənfi qiymət alacaq" - həmsöhbətimiz vurğulayıb.

Baş redaktor şübhə etmir ki, Zelenski "böyük islahatçıya düşmənlərinin böyük islahatlar aparmağa imkan vermədiyi" barədə güclü informasiya hay-küyü qaldıracaq: "Lakin insanlar təkcə təbliğatla yaşamırlar, həm də gündəlik qayğılarla yaşayırlar. Zelenski isə digər "inqilabçı" həmkarları kimi ümumilikdə heç nəyi dəyişdirməyəcək".

Kolerov, həmçinin əmindir ki, Ukraynanın Rusiya ilə əlaqələrində də heç nə dəyişməyəcək: "Zelenski çoxdandır Rusiyanı təcavüzkar adlandırmaqla antirus ritorikasına dəstək verir. Odur ki, bu məsələ ilə bağlı illüziya yaratmağa dəymir".

Qarabağ münaqişəsinə gəlincə, müsahibimiz deyib ki, ATƏT-in Minsk qrupunun elan etdiyi nizamlama prinsipləri, Madrid prinsipləri ilə 90% üst-üstə düşdüyü üçün Yerevan tərəfindən şərh edilmir: "Bu prinsiplərin izlənilməsi Paşinyan üçün avtomatik olaraq hakimiyyətin itirilməsi olacaq. Paşinyan isə danışıqlar prosesini sonsuzadək uzatmaq niyyətindədir ki, öz siyasi ömrünü də mümkün qədər çox uzada bilsin".

Kolerov Paşinyanın hakimiyyətə gələrkən üçüncü tərəfin danışıqlar masasına geri dönməsi ilə bağlı ortaya atdığı söhbəti də xatırladaraq qeyd edib ki, bu, prosesi uzatmağa hesablanıb: "Aydın məsələdir ki, hazırkı şəraitdə Azərbaycan heç cür belə bir qayıdışa razı olmayacaq. O da aydındır ki, elan olunmuş prinsiplər əsasında real, praktiki addımlar atmaq Paşinyan üçün yumşaq desək, çətindir".

"Regnum"un rəhbəri onu da əlavə edib ki, hazırda Ermənistanda Paşinyanın alternativi yoxdur: "Bununla belə, il ərzində Ermənistanda yaranmış böyük ümidlər getdikcə özünü doğrultmamağa, azalmağa başlayır. Paşinyanla bağlı xəyal qırıqlığına ilk olaraq ziyalılar uğramağa başlayıb və bunun üçün onların yetərincə səbəbləri var. Odur ki, hər şey hələ qabaqdadır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR