Slimfit
  1. İDMAN

Rəfael Ağayev: “Yol pulu, yemək, qalacaq yer tapmayanda…” - Şok müsahibə

Rəfael Ağayev: “Yol pulu, yemək, qalacaq yer tapmayanda…” - Şok müsahibə
Sakura

Rəfael Ağayev: “Yol pulu, yemək, qalacaq yer tapmayanda…” - Şok müsahibə

Ens.az xəbər verir ki, karate üzrə 5 qat dünya, 11 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibi Rəfael Ağayev Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Bir neçə gün öncə Zabit Səmədov, Rəşad Sadıqov, Hacı Əliyevlə birlikdə cəbhə bölgəsinə getdiniz. Təəssüratınızı bilmək istərdik...

- Əlbəttə, Azərbaycan vətəndaşı olaraq əsgərlərimizə, dövlətimizə, xalqımıza əlimizdən gələni etməliyik. Maddi və fiziki cəhətdən hər zaman əsgərlərimizin yanında olmalıyıq. Həyatda reklam xarakterli heç nə etmirəm. Əlimdən nə gəlirsə, təmənnasız onu eləməyə çalışıram. Tək mən yox, yüzlərlə idmançılarımız var ki, bu addımı atırlar, o cümlədən Zabit Səmədov, Hacı Əliyev, Rəşad Sadıqov və başqaları. Ola bilər, bəzi idmançıların adını qeyd etmək yadımdan çıxdı.

Cəbhə bölgəsinə əsgərlərimizlə görüşə getmişdik, onlara ruh verdik, həmsöhbət olduq. Bundan sonra da cəbhə bölgəsinə baş çəkəcəyik. Düşünürəm ki, Ali Baş Komandamızın rəhbərliyi altında əsgərlərimizin şücaəti ilə tez bir zamanda qələbə çalacağıq. Ordumuz xeyli irəliləyib. Düzdür, şəhidlərimiz də var. Fürsətdən istifadə edib, hər bir şəhidin yaxınlarına başsağlığı verirəm.

Bilirsiniz ki, müharibə şəraitində şəhidsiz torpaq alınmır. İnşallah, tezliklə torpaqlarımız azad edilsin, əsgərlər öz evlərinə qayıtsın və Azərbaycan xalqı böyük qələbə sevinci yaşasın.

- Siz idman sahəsində döyüşmüsüz. Dəfələrlə ermənilərə qalib gəlmisiniz. Ümumiyyətlə, düşməni necə xarakterizə edərsiniz?

- 29 ildir idman sahəsindəyəm, beş-altı erməni ilə döyüşmüşəm. Karate fəlsəfi bir idman növüdür. Biz heç vaxt tatami üzərinə çıxanda hakimlərə bildirmirik ki, onlar bizim düşmənimizdir. Orada qeyri-peşəkar yanaşıb, bizi uduzdurmağa çalışarlar. Rəqiblə ara məsafə iki metr olur. Erməni rəqiblə döyüş meydanına çıxanda Allahdan mənə ikiqat qüvvət gəlir. Bu bizə stimul verir. Heç vaxt düşünməmişəm ki, bu erməniyə uduzaram. Düzdür, idmanda hər şey olur. Qalib də, məğlub da... Allaha şükür ki, yalnız mən deyil, idmançılarımızın 95 faizi ermənilərə qalib gəlib və gələcəyik.

- Ermənilər hiyləgər millətdir, beynəlxalq tədbirlərdə tez-tez provokasiyalara əl atırlar. Siz necə, döyüş meydanında onların təxribatları ilə üzləşmisiz?

- 20 faiz torpaqlarımız düşməndə idi, ərazilərimizi işğalda saxlayırdılar. Düzdür, çox hiyləgərdirlər, amma bizim ordumuz onların layiqincə cavabını verir. Biz dözümlü xalqıq, heç kimdən də qorxmuruq. İdman sahəsində heç vaxt rəqiblərimizdən çəkinməmişik, xüsusilə ermənilərdən. Onların heç adını çəkmək istəmirəm. Provokasiyaya gəlincə, yox, belə bir halla qarşılaşmamışam. Döyüşlərdə həmişə mənimlə münasibət qurmağa, salam verməyə çalışıblar.

Biz heç nəyi unutmuruq, bizə etdiklərinin beş qatını qaytaracağıq. Sosial şəbəkələrdə ermənilər şəklimi paylaşıb, demişdilər ki, dünyada bir nömrəli idmançı Rəfael Ağayevdir, o, bir əfsanədir. Düşmən bilə-bilə bunu paylaşır. Ermənilərlə döyüşəndə birə-beş gücümü ortaya qoymuşam...

- Cəbhə bölgəsində baş verən prosesləri aktiv izləyirsinizmi?

- Bəli, izləyirəm və dövlətimiz, əsgərlərimiz üçün hər şey etməyə hazıram.

- Könüllü orduya yazılmısınız, amma bunu mətbuatdan gizli saxladınız. Səbəb nə idi?

- Sosial şəbəkələrdə bu haqda paylaşım etmədim. Aprel döyüşlərdindən sonra könüllü hərbi xidmətə yazılmışam. Amma hələ ki, zəng gəlməyib. İnanın, çağırış olduğu zaman əsgərlərimizə qoşulub Vətənimizi qorumağa bütün gücümlə hazıram. Bu, Azərbaycan vətəndaşı olaraq mənim borcumdur.

- Silahlı Qüvvələrin Yardım Fonduna da pul köçürdünüz.

- Kimsə əsgərlərimizlə görüşür, könüllü orduya yazılır, fonda pul köçürür və s. Biri onu gizli saxlayır, biri isə açıq şəkildə göstərir. İmkanım daxilində orduya dəstək oldum. Gücüm nəyə çatırsa, onu edirəm.

- Sizi karatenin Maradonası adlandırırlar. Bu mərhələyə çatana qədər hansı çətinliklərdən keçmisiniz?

- Altı yaşımda Sumqayıt şəhərində bu idman sahəsinə gəldim, ilk müəllimim Rəafel Məmmədov oldu. Düzdür, həftədə üç-dörd müəllim dəyişirdim, balaca idim. Amma ilk müəllimim, əlimdən tutub, karateni öyrəndənin Rəfael Məmmədov olduğunu qeyd etməliyəm. Bunu heç yerdə gizlətmirəm, insan keçmişini unutmamalıdır.

Mən çox kasıb ailədə böyümüşəm, 9 yaşımda Rəfael müəllim məni Füzuli Musayevin (məşhur karate ustası, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidentidir-red.) yanına apardı. 1994-cü ildə ilk karate məktəbinə başladım və bu günə qədər də mənim müəllimlərim Rəfael Məmmədov və Füzuli Musayevdir.

Nailiyyətlərimə gəlincə, dünya çempionu olduğum gündə belə otelə gəlib, məşq edirəm. Məşqdən qalmıram. Hansısa nailiyyət qazandımsa, bunun üzərindən sözün yaxşı mənasında xətt çəkirəm. Çünki mənə uduzan rəqiblər növbəti yarış barəsində düşünürlər. Artıq 35 yaşım var, 18 yaşımdan, Avropa Çempionatı başlayandan, Vətənə medalsız gəlməmişəm. Tramvalarım, əziklərim olub. Beş qızıl, bir gümüş və bir bürünc medalım var. Kariyeramda yalnız Olimpiya çempionluğu yoxdur. 2016-cı ildə Olimpiya Çempionatına karate daxil deyildi. Artıq karate idman sahəsi də olimpiya növünə daxil edilib.

Bu il Olimpiya Çempionatı keçiriləcəkdi, virusa görə baş tutmadı. Amma lisenziya almışam və bu, qüvvədə qalır. İnanıram ki, 2021-ci ildə əsgərlərimiz kimi əlimdən nə gəlirsə, edəcəm.

- Dünyada bir çox məşhur idmançılara qarşı müəyyən təxribatlar, sui-qəsdlər təşkil edilib. Yaxud özləri pis vərdişlərə cəlb olunublar.

- Biz ağıllı insanlarıq. Vaxtından əvvəl kimdənsə istilik görəndə bunu dost kimi qəbul edirik. Dost sözü ağır bir məhfumdur. Hazırkı dostlarımdan deyil, keçmişdəkilərdən aldığım zərbəni heç bir düşmənimdən almamışam.

- Bu sırada idmançılar da varmı?

- İdmançı da olub, başqa sahədə çalışan da. Çempionsan və bilirsən ki, sənin yanında nə üçün dayanır, niyə sənə zəng edirlər... Allah hər bir insanı sınağa çəkir və daşımayacaq yükü ona vermir. Ad çəkməyəcəm, yığma komandamızda da belə biri olub.

2013-cü ildə ayağıma ağır çəkidə ağırlıq düşmüşdü, bir il karatedən uzaq qaldım. Bu, psixoloji olaraq çox çətin gəlirdi mənə. 2015-ci ildə idmana döndüm və qalib olanda hönkür-hönkür ağladım. Halbuki o oyundan böyük yarışların qalibi olmuşdum. Məsələn, o müddətdə yaşlı bir nəfər mənə yaxınlaşıb dedi ki, karateni neynirsən, bu sahədən uzaqlaş və özünə başqa sənət tap. Mən isə ağsaqqal olduğuna görə ona heç nə demədim. Hörmət mənasında cavab verdim ki, çox sağ olun, fikriniz özünüzdə qalsın. Yəni bu kimi təzyiqlər olub, amma əsl dost və ailən hər zaman səni dəstəkləyir. Sözsüz ki, valideynlərim və qardaşlarımı qyed eləmək istərdim.

Elə gün olub ki, bizim evdə çörək olmayıb. Quru çörəyi suya batırıb, yemişik. Mən bunu heç vaxt deməkdən çəkinmirəm. Ümumiyyətlə, bir çox idmançılar var ki, nəyəsə nail olduqdan sonra pul qazanır, ulduz xəstəliyinə tutulur. Bunlar mənim üçün boş şeylərdir. Hər zaman deyirəm ki, çempion olmaq asan, onu qoruyub saxlamaq çətindir. Allah bizi çaşdırmasın, güc və səbr versin ki, daim bayrağımızı ucalara qaldıraq.

- Yaşadıqlarınız çətinlikləri qeyd etdiniz. Onda sizə hansısa qohumunuz maddi dəstək oldumu?

- Xeyr, müsahibələrimin birində demişdim ki, qohumlarımdan çox uzağam. Bu fikir bütün qohumlarıma aid deyil. Bizim ən çətin vaxtlarımızda xalam və dayım yanımızda olub. Yol pulum, yeməyimiz, qalacaq yerimiz olmayanda onlar bizə çox kömək ediblər. Bizim qohumların çoxu Sumqayıtdadır. Xalamın evində yaşamışıq.

- Vaxtilə sizə dəstək olmayanlar indi sizdən yardım istəyirlərmi?

- Nəinki qohumlarıma, aztəminatlı ailələrə də imkanım daxilində yardım edirəm. İnstaqramda çox mesajlar gəlir və əlimdən nə gəlirsə, edirəm. Əlbəttə, qohumlarıma da köməyim dəyir. Mən öz keçmişimi heç vaxt unutmuram.

- Ümumiyyətlə, müəyyən yaşdan sonra idmandan getməyi düşünürsünüzmü?

- Hazırda 35 yaşım var, gələn il Olimpiya Oyunları olacaq və qismət olsa, oradan medalla qayıtmağı düşünürəm. Karate sahəsində dünyada beş qat dünya çempionu olmayıb, ən çox üç qat çempion olub.

- Bir çox ölkələrdə də sizin şəkilləriniz var. Onu görərkən hansı hissləri keçirirsiniz?

- Bəli, Mərakeşdə bir çox mağazalara şəkillərim vurulub. Əlbəttə, bu, mənə çox xoş olur. İnstaqramda hətta xaricilər belə mənə xoş sözlər yazırlar. Amma məndən əvvəl də çox tanınmış idmançılar olub ki, hətta həyatlarına filmlər həsr edilib. Ancaq biri içki aludəçisi olub, biri zərərli vərdişlərə qoşulub, həyatlarını itiriblər. Ona görə hər bir addımı atanda düşünməliyik.

- Bir müddət əvvəl enerji içkisinin reklamına çəkilmisiniz. Bunu bəzi sosial şəbəkə izləyiciləri birmənalı qarşılamadılar.

- Bu, enerji içkisinin reklamı idi, hansısa spirtli içkinin yox... Yaponiyada Olimpiya çempionu pivəni reklam edir. Həbib Nurməhəmmədov dünya çempionudur, o da enerji içkilərindən birini reklam edir. Mən bu gün evdə otururam, kimsə qapımı döyüb, deməyəcək ki, get uşağına nə isə al, valideynin xəstədir, ona yardım et.

Bu gün gəlirim idman və reklamdandır. Mənim də xərclərim var, anam iki ildir xərçəng xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi, həkimi var...

- Tələbə yetişdirirsizmi? Daimi gəlir mənbəyiniz hardandır?

- Tələbəm yoxdur. Ümumiyyətlə, mənim şəxsi tələbəm yoxdur.

- Səbəb nədir? Sirlərinizi kiməsə vermək istəmirsiniz?

- Karate elə bir idman növüdür ki, 30 ildir bu sahədəyəm, bu gün də öyrənirəm. İdman kariyeram bitəndə adıma layiq zal açmağı düşünürəm. Əlbəttə, karate idman növünün az da olsa sirlərini bilirəm və Vətənimin övladlarına bunu öyrətmək istəyirəm.

Gələcəkdə Azərbaycan balalarının dünyada ölkəmizi təmsil etməsi mənim üçün fəxr olar. Gəlir mənbəyinə gəlincə "Adidas" firması ilə işləyirəm. Reklamlardan və Karate Federasiyasından maaş alıram.

- Gənclər arasına uğurlarınızı davam etdirə bilən idmançılar varmı?

- Karateni digər idman sahəsindən aşağı və yüksək hesab etmirəm. Dünya, Avropa oyunlarının qalibiyəm. Ən azı 24 il ərzində bu rekordu kiminsə təzələməsinə inanmıram.

- Sizin əldə etdiklərinizə nail olan idmançı yoxdur. Ümumiyyətlə, uğurunuzun sirri nədir?

- Çox iradəli və prinsipial insanam. Həyatda və idmanda əgər sizə qalib gəlmək istəyirəmsə, bunun üçün əlimdən gələni edirəm, üzərimdə çox çalışıram. Gecə saat üçdə, camaat yatanda mən rəqiblərimin məşqini izləyirdim, iradəliyəm. İdman sahəsində çox ağıllıyam. Tatamini çox gözəl görürəm.

- Hər hansı fərqli taktikanız varmı?

- Əlbəttə... Taktikada da beyin işləməlidir. Heç zaman demirəm ki, dünya çempionuyam.

- Xarici dil biliyiniz necədir?

- Rus dilini yaxşı bilirəm, ingilisi dilini isə heç bilmirəm. İngilis dilini bilsəm, bir neçə ildən sonra Dünya Karate Federasiyasının prezidenti olaram (gülür).

- Kinoya, ədəbiyyata marağınız necədir?

- Kitab oxumaqla aram yoxdur.

- İdmançıların çoxu kitab oxumağı sevmirlər. Buna səbəb nədir?

- Orta məktəbdə zəif oxumuşam. Bütün musiqi növünü dinləyirəm, cazdan başqa. Muğama qulaq asıram, Alim Qasımovu dinləyirəm. Film izləməyi isə çox sevirəm, bir gecədə ən azı iki filmə baxıram. Eləcə də filmə çəkilmək istəyirəm.

- Sizi gələcəkdə Türkiyədə "Survivor" verilişində görə bilərikmi? Dünya çempionu Pərviz Abdullayev həmin yarışa qatıldı.

- Pərviz Abdullayev ilk azərbaycanlı idmançıdır ki, həmin verilişdə iştirak etdi. "Survivor"a mənim qatılmağıma gəlincə, ən azı iki il orada məni görmək mümkün olmayacaq. Bəlkə də gələcəkdə mümkün ola bilər. Çünki dediyim kimi Olimpiya Oyunlarında iştiraka hazırlaşıram. Məşqlə məşğul olmalıyam ki, Azərbaycana medal gətirim.

İdman kariyeram bitdikdən sonra, ola bilər, hansısa filmə çəkilim, yaxud məni verilişdə də görə bilərsiniz. Hazırda yalnız idman kariyeramı düşünürəm.

- Həyatınız haqqında film çəkmək təklifləri olubmu?

- İtalyanlar sənədli film çəkiblər, 35 dəqiqəlik. Ruslar haqqımda bədii film çəkiblər. Filmdə özüm danışmışam və ekran əsərini izləyəndə ağlamışdım. Yaponiyadan transfer təklifi ilə yanaşı film təklifi gəlmişdi, "yox" dedim. Çünki onlar karate Olimpiya Oyunları olmayana qədər məni çəkmirdilər. Karate idman növü olduqdan sonra çəkmək istədilər.

Yaponiyada hər hərəkətimə diqqət edirlər. Oteldən çəxarkən belə yaponlar sadəcə gülüşümü çəkmək üçün gəlirlər. Çünki mənim məşqimin üzərində on məşqçi, bir idmançı işləyir. Bu da asan deyil. Bilirsiniz ki, karate Yaponiyada yaranıb. Doğrudan da bunun üzərində işləmək çox çətindir.

- Yaponiyadan başqa hansı ölkələrdən sizə təkliflər gəlib?

- Fransa transfer etmək istəyib. İrandan, Türkiyədən, Qazaxıstandan təkliflər gəlmişdi. 2015-ci ildə Avropa Oyunlarından sonra daha çox tanınmağa başladım. Məni ötən il Rusiyanın yığma komandasına baş məşqçi kimi dəvət etdilər və yox cavabı verdim. Çünki Azəycanda yarımçıq qalan işlərim var.

- İdman sahəsində kimlərlə dostluq edirsiniz?

- İdmançıların çoxu mənim qardaşlarımdır.

 

Müəllif: Rəqsanə Həsənova, Mənsur Rəğbətoğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR