Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Rasim İbrahimov Səxavət oğlu

Rasim İbrahimov Səxavət oğlu
Sakura

DOĞUM TARİXİ: 18/04/1962 VƏFAT TARİXİ: 26/06/1992

18 aprel 1962-ci ildə Bakı şəhəri Əzizbəyov rayonunun Çilov adasında neftçi ailəsində doğulmuşdur. 1969-cu ildə buradakı 131 saylı məktəbin birinci sinfinə getmiş və səkkizinci sinfədək həmin məktəbdə təhsil almışdır. Rasimin arzusu hərbçi olmaq idi. Elə bu məqsədlə də o, 1977-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbə daxil olur. R.İbrahimov 1979-cu ildə məktəbi müvəffəqiyyətlə bitirərək, təhsilini Bakı Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbində davam etdirir. O, bütün təlimlərdə fəal iştirak edir, zabitlik peşəsinin sirlərini və hərbi texnikanı həvəslə və inadla öyrənirdi. 1983-cü ildə ali təhsilini başa çatdıranda onu Almaniyaya hərbi qulluğa göndərirlər. Motoatıcı taqımın komandir müavini kimi xidmətə başlayan gənc azərbaycanlı zabit Vətəndən uzaqda olmasına baxmayaraq çalışırdı ki, mənsub olduğu xalqın başını həmişə ucaltsın. O, hərbi xidmətini başa vurduqdan sonra, 1988-ci ildə Azərbaycana qayıdır. Bir müddət Respublika Hərbi Komissarlığında çalışır. Sonra Ağsu rayon Hərbi Komissarının müavini vəzifəsinə təyin edilir. Burada işlədiyi müddətdə Baş Qərargahın Saratov şəhərindəki 3 aylıq kursunda oxuyur. Sonra Füzuli rayonunda hərbi komissarın müavini kimi çalışmağa başlayır.

Həmin vaxtlar erməni silahlı birləşmələri tez-tez Azərbaycanın sərhəd bölgələrinə hücum edir, kəndləri, şəhərləri atəşə tuturdular. R.İbrahimov bu çətin, qarışıq vaxtda Füzuli rayonunun mərd oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradır. Təcrübəli zabit olduğunu nəzərə alaraq onu tabora komandir təyin edirlər. Tabor Füzuli rayonunun sərhədlərini rəşadətlə qoruyurdu. Döyüşlərdə göstərdiyi şücaətə görə Rasimə mayor rütbəsi verildi.

Tabor 1992-ci il iyunun 26-da Tuğ kəndi uğrunda döyüşə atılır. Bir neçə saat çəkən döyüşdə düşmənə ağır zərbələr vurulur və bir neçə mühüm dayaq nöqtəsi ələ keçirilir. Onlar Tuğ kəndinin 5 kilometrliyinə qədər irəliləyirlər. Lakin digər dəstə vaxtında köməyə gəlib çıxmadığına görə tabor mühasirəyə düşür. Cəsur komandir döyüşçülərin mühasirədən çıxması üçün öz canını fəda edir. O, ayağından yaralansa da, döyüşə rəhbərliyi davam etdirirdi. Vəziyyətin ümidsiz olduğunu görən Rasim son anda düşmən əlinə kcçməmək üçün əl qumbarası ilə özünü həlak edir. Cəsur komandirin son sözü bu olur: “Azərbaycan zabiti heç vaxt düşmənə təslim olmayacaq!”

Ailəli idi. Bir qızı, bir oğlu var. Oğlu bu gün atasının yolunu davam etdirir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr tarixli 1994-cü il 203 saylı fərmanı ilə İbrahimov Rasim Səxavət oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Vaxtilə təhsil aldığı 131 saylı orta məktəb indi onun adını daşıyır. Çilov adasında abidəsi ucaldılıb, onun adına xatirə bağı salınıb.

 

Mənbı: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR