Slimfit
  1. AZƏRBAYCAN

Ramiz Mehdiyev AMEA-dan çıxarılmalıdır – Millət vəkili

Ramiz Mehdiyev AMEA-dan çıxarılmalıdır – Millət vəkili
Sakura

Ramiz Mehdiyev AMEA-dan çıxarılmalıdır – Millət vəkili

Bütün dünya pandemiyanın yaratmış olduğu ağır vəziyyətin içindədir. Azərbaycan dövləti bu böyük bəladan az itki ilə çıxmaq üçün bütün imkanlarını səfərbər edib. Dövlət başçısı səviyyəsində bütün proseslər nəzarət altındadır. Xalqımız dövlətimizlə bərabər Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə uyğun olaraq virusa qarşı mübarizə aparır. Çox təəssüf edirəm ki, uzun müddət Azərbaycanda kifayət qədər yüksək vəzifə daşıyan, bir çox məsələlərdə özünü həlledici şəxs qismində göstərən və qanunlardan kifayət qədər xəbəri olan Ramiz Mehdiyev Azərbaycan qanunlarına əməl etmədən, pandemiyanın yaratmış olduğu məhdudiyyətləri nəzərə almadan, Operativ Qərargahın qəbul etdiyi kütləvi tədbirlər, eyni zamanda toy məclislərinin keçirilməsi ilə bağlı qadağalara əhəmiyyət vermədən, həm də ictimai rəyi nəzərə almadan nəvəsinin toy mərasimini təşkil edib. Mən bunu pisləyirəm və tamamilə qəbuledilməz hesab edirəm.

Ens.az Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, Ramiz Mehdiyevin bu davranışı Azərbaycan dövlətinə, Azərbaycan qanunlarına meydan oxumaqdadır:

“Şübhəsiz ki, həlledici söz onundur. Onun razılığı olmadan bu toy mərasimi keçirilə bilməzdi. Onun razılığı olmadan toyda iştirak edən qonaqlar evinin kandarında belə görünə bilməzdi, bu işlərin təşkilatçısı odur. O, Azərbaycan qanunlarını təpiklər altına ataraq, Azərbaycan xalqını təhqir edərək, özünün hər kəsdən üstün mövqeyə malik olduğunu nümayiş etdirir. O bu gün elimizin məbədi hesab olunan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidentidir. Bu vəzifənin daşıyıcısı olaraq sözün həqiqi mənasında alimlərə məxsus olan nəcibliyi, qanun və qaydalara ciddi şəkildə əməl etməyi, bütün cəmiyyətimiz tərəfindən hörmət bəslənilən ziyalılığı nəzərə almalı və bu addımı atmamalı idi. Bu keyfiyyətlər isə Ramiz Mehdiyevdə yoxdur. Düşünürəm ki, onun AMEA-nın prezidenti vəzifəsini daşımağa heç bir mənəvi haqqı yoxdur, bu vəzifədən uzaqlaşdırılmalıdır. Eyni zamanda çoxsaylı hökümət təltifləri var ki, bu təltiflərdən məhrum edilməlidir. Mən inanıram ki, dövlətimiz Ramiz Mehdiyevin atdığı bu addımları ciddi şəkildə tənbeh etməklə, onun haqqında ciddi tədbirlər həyata keçirəcəkdir. Bu təkcə mənim yox, sosial şəbəkələrdə də görüldüyü kimi, bütün Azərbaycan xalqının istəyi və arzusudur”.

Millət vəkili hesab edir ki, Ramiz Mehdiyev bu addımı ilə bir daha özünün Azərbaycan xalqı ilə bir olmadığını, mənəvi dəyərlərimizi təpiklər altına atdığını sübut etdi:

“Necə ola bilər ki, on minlərlə valideyn evinə gəlin gətirmək, gəlin köçürmək üçün aylardır pandemiyanın tez bitməsini gözləyir, övladına xonça hazırlayanın xonçasını toz basıb, o toy edə bilmir. İstənilən halda övladına ad günü keçirmək, yaxud sünnət mərasimini keçirmək üçün pandemiya qanunlarını pozduğuna görə, yaxud dostları ilə hansısa kafedə əyləşdiklərinə görə onlar haqlı olaraq Azərbaycan qanunları çərçivəsində cəzalanırlar. Bəs Ramiz Mehdiyevin o insanlardan nəyi artıqdır? Heç nəyi. O demək deyil ki, onun külli miqdarda sərvəti var, uzun illər boyu Azərbaycan dövlətçiliyində post tutdu. O postu tutmaqla Azərbaycan xalqına, dövlətinə böyük problemlər yaradıb, xəyanətlər edib. Mənsub olduğu komandanın tapşırıqlarını yerinə yetirib. Bu gün bəlli oldu ki, toy mərasimini təşkil edən, gəlin köçürən atası sabiq deputat İlham Əliyev məhkəmənin hökmü ilə 15 sutkalıq cəzalandırılıb. Bu, çox düzgün yanaşmadır. Mənə elə gəlir ki, bu, kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunu nümayiş etdirən addımdır. Lakin bu, kifayət deyil. Ən vacib addımlardan biri uzun illərdən bəri Azərbaycan dövlətinin ayaqları altına basılmış mina olan Ramiz Mehdiyevin zərərsizləşdirilməsidir”.

Toy məclisində iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov haqqında danışan Fəzail Ağamalı onun bu davranışı ilə özünü gözdən saldığını bildirib:

"Məndə olan məlumata görə, Ramiz Mehdiyev Abel Məhərrəmovun cəzalandırılmasında, onun rektorluqdan uzaqlaşdırılmasında çox ciddi, həlledici rol oynayıb. Bunu bilə-bilə Abel Məhərrəmovun həm də akademikə yaraşmayan yaltaq mövqe nümayiş etdirib, o cür çıxış etməsini gözləmirdim. Məlum oldu ki, o kifayət qədər şəxsiyyətinə hörmət edən adam deyil. Xalqın adından danışmaq kimi cəsarətli yükü öz üzərinə götürməsi ən böyük məsuliyyətsizlikdir. Mən Abel Məhərrəmovu hansı cəzanı gözlədiyini bilmirəm. Amma ən böyük cəza insanların onu tənbeh etməsi, onu görəndə üzünü çevirməsidir. Mənə elə gəlir ki, Abel Məhərrəmovda zərrə qədər özünə hörmət varsa, bu, ona mənəvi işgəncə verməlidir. Abel Məhərrəmov BDU-nun rektorluğu vəzifəsindən azad edildiyi zaman mənə suallar ünvanlayırdılar. Mən Abel Məhərrəmova təsəlli verəcək sözlər demişdim. Demişdim ki, hər bir insanın həyatında səhvlər olur, o səhvlərdən birini də Abel Məhərrəmov edib, cəzasını aldı. Onun ətrafında müzakirə aparmağa ehtiyac yoxdur, akademik, alimdir, uzun illər BDU-nun rektoru vəzifəsini icra edib. İndi təəssüf edirəm ki, Abel Məhərrəmov haqqında "o ziyalıdır, alimdir" sözlərini işlətməyə dilim gəlmir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR