Ramin Bayramlı: “16 milyon doza peyvənd üçün razılaşmalar imzalanıb”
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Anadolu” agentliyinə Azərbaycanda vaksinasiya tədbirləri ilə bağlı müsahibə verib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, Azərbaycanın keçmiş sovet respublikaları arasında vaksinasiyaya ən tez başlayan ölkələrdən biri olduğunu qeyd edən R.Bayramlı yanvarın 18-də başlanan peyvənd müddətini uğurla həyata keçirdiklərini deyib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin “SinoVac” peyvəndinin Türkiyədəki distribütoru vasitəsi ilə həm Çindəki digər istehsalçılardan, həm də digər ölkələrdən vaksin təminatı üçün xüsusi səy göstərdiyini vurğulayıb.
Vaksinasiya prosesinin Bakının bütün poliklinikalarında və regionda 90 məntəqədə həyata keçirildiyini bildirən İdarə Heyətini sədri bu günə qədər 800 min doza peyvəndin tətbiq edildiyini qeyd edib.
O, “SinoVac”dan əlavə “AstraZeneca” və “Pfizer” peyvəndlərini alacaqlarını da deyib.
R.Bayramlı tibb işçilərinin peyvəndlənməsi ilə başlanan tədbirlərin 65, daha sonra 50 yaşdan yuxarı vətəndaşların vaksinasiyası ilə davam etdiyini bildirib:
“Hazırda 40 yaşdan yuxarıların vaksinasiyasına başlanılıb. Bu proses çox sürətlə davam etdirilir. Ölkəmiz ən uğurlu peyvənd tətbiq edən ölkələrdən biridir. Hədəfimiz ölkə əhalisinin 80 faizinin vaksinasiyasıdır. Səkkiz milyon insanın peyvəndlənməsi üçün 16 milyon doza peyvənd üçün razılaşmalar imzalanıb. Bu, epidemiyanı sona çatdırmaq üçün əhəmiyyətli bir rəqəmdir. Vaksinasiyanı yay aylarına qədər müvəffəqiyyətlə tamamlayacağımızı düşünürük”.
R.Bayramlı peyvənd vurduranlardan çox azının koronavirusa yoluxduğunu, ancaq bu insanların xəstəliyi çox yüngül keçirdiyini və hər hansı bir ağır halla qarşılaşmadıqlarını sözlərinə əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət