Slimfit
  1. ƏDƏBİYYAT

Qurban Səid - Əli və Nino/XXV hissə

Qurban Səid - Əli və Nino/XXV hissə
Sakura

Qurban Səid - Əli və Nino/XXV hissə

Xəritə üzərindəki parlaq və qarmaqarışıq rənglər bir-birinə qarışmışdı. Şəhərlərin, dağların və çayların adlarını oxumaq mümkün deyildi. Xəritə divanın üstünə sərilmişdi. Mən də əlimdə balaca rəngbərəng bayraqlar tutmuşdum. Əlimdə bir qəzet də var idi. Orada da şəhərlərin, dağların və çayların adları xəritədəki kimi səhv yazılmışdı. Onların hər ikisini diqqətlə izləyib, qəzetdəki səhvləri xəritədəki qarışıq adlarla uyğunlaşdırmağa çalışırdım. “Yelizavetpol/Gəncə” sözü yazılan yerin yanındakı bir dairənin içinə kiçik bir yaşıl rəngli bayraq-qoydum. Lakin adın son beş hərfi Zonquldağ dağlarının üzərinə basılmışdı. Qəzetin yazdığına görə, Xoy şəhərindən olan vəkil Fətəli xan Gəncədə azad Azərbaycan Cümhuriyyətini elan etmişdir. Xəritədə Gəncənin şərqindəki sancdığım balaca yaşıl bayraqlar Ənvər paşanın göndərdiyi ordunun mövqelərini göstərirdi. Sağdan Nuri paşanın alayları Ağdaş şəhərinə yaxınlaşırdılar. Solda Mürsəl paşa İlisu vadilərini işğal etmişdi. Orada isə Yeni Azərbaycan Cümhuriyyəti könüllülərinin taburldarı vuruşurdular. İndi xəritə tamamilə anlaşılır və oxuna bilən bir hala düşmüşdü. Rus işğalındakı Bakının ətrafına çəkilən Türk Çəmbəri yavaş-yavaş qapanırdı. Balaca yaşıl bayraqları bir azacıq da tərpətsən, düşməni göstərən qırmızı bayraq Bakını ifadə edən qatmaqarışıq nöqtədən sıxışdırılıb çıxarılardı.
Hərəm xidmətçisi Yəhya Qulu arxamda səssizcə durub, mənim xəritə üzərində oynadığım qəribə oyunumu çox maraqla izləyirdi. Balaca bayraqların rəngarəng böyük kağız üzərində hərəkət etməsi deyəsən ona, qüdrətli bir sehrbazın ağlasığmaz ovsunları kimi gəlirdi. Bəlkə də, o belə fikirdə idi ki, vətənimi kafirlərdən xilas etmək üçün Bakını təmsil edən qırmızı ləkənin üzərinə yaşıl bayraqları sancmaqla səmavi gücləri yardıma çağırmanın yetərli olacağına inanırdı.
Yəhya Qulu mənim bu sirli oyunuma mane olmaq istəmirdi, yalnız vəzifəsini yerinə yetirərək ciddi bir tonla mənə məlumat verməyə başladı:
Ay xan, gör başıma nə oyun gəlib. Nino xanımın dırnaqlarını xına ilə boyamaq üçün ona ən bahalı xına almışdım. Onun dırnaqlarını xına ilə boyamaq istədiyim zaman, Nino xına çanağını devirdi. Səhər tezdən onu pəncərənin qabağına apardım, başını yavaşca əllərimin arasına alıb, istədim ki, ağzını açsın. Ay xan, axı onun ağzında çürük dişi olub olmadığını və nəfəsindən iyi gəlib gəlmədiyini yoxlamaq mənim vəzifə borcumdur. Lakin buna əks olaraq xanımınız başını kobudca geriyə çəkərək, sağ əlini qaldırıb var qüvvəsiylə mənə bir sillə vurdu. Sillə o qədər də ağrıtmadı, amma qürurum çox qırıldı. Nökərinizi bağışlayın, xan. Amma mən onun bədənindəki tükləri qırxmağa cəsarət etmirəm. O, həqiqətən qəribə bir xanımdır. O, qolbağı taxmır, qarnında daşıdığı uşağı qorumaq üçün də heç bir tədbir görmür. Doğulacaq uşaq əgər qız olarsa, məni yox, ey xan, Nino xanımı məzəmmətləyərsən. Hər halda, onun içində, pis bir ruh var ki, ona toxunan kimi başlayır titrəməyə. Əbdül Qasım məscidin yaxınlığında bir qoca qarı tanıyıram. Pis ruhları qovmaqda onun bərabəri yoxdur. Mənə elə gəlir ki, o qarını buraya çağırsaq yaxşı olar. Bir fikirləşin, xanımın dərisi pozulsun deyə, o səhərlər üzünü buz kimi soyuq su ilə yuyur. O, dişlərini hamı kimi sağ əlinin şəhadət barmağı ilə yumaq əvəzinə, dişlərini kobud bir fırça ilə elə yuyur ki, dişlərinin ətləri qanayır. Onu belə davranmağa ancaq bədənə girmiş murdar ruhlar məcbur edə bilər.
Mən onun dediyi sözlərə heç qulaq asmırdım. Demək olar ki, o hər gün evimə gəlib biri-birinə oxşayan məlumatları mənə çatdırırdı. Onun gözləri qayğı hissi ilə dolu idi. O namuslu bir adam kimi sadəcə vəzifəsini yerinə yetirmək istəyirdi. Çünki o, gələcək uşağım üçün məsuliyyət daşıdığını hiss edirdi.
Nino onunla uğursuz, amma inadkar bir mübarizə aparırdı. O, yastıqları Yəhya Qulunun üstünə tullayır, evin ətrafındakı bağça divarının üstünə çıxıb orada çadrasız gəzir və otağın divarlarına gürcü qohumlarının fotaşəkillərini vururdu. Yəhya Qulu bütün bunları mənə qəmgin halda və böyük təlaşla xəbər verirdi. Nino isə axşamlar divanda oturub ertəsi gün üçün savaş planını hazırlayırdı.
O, fikirli halda çənəsini ovxalaya-ovxalaya “nə deyirsən, Əli xan, sabah nə edim?” deyə soruşdu. Gecə onun üzünə azacıq su mu fışqırdım, yoxsa sabah səhər onun üstünə pişik mi atım? Yox, mən nə atacağımı hələ ki, bilmirəm. Mən hər gün
fəvvarənin yanında gimnastika ilə məşğul olacağam, sonra onu da gimnastika etməyə məcbur edəcəyəm, çünki o çox kökəlməyə başlayıb.
Nino qorxunc intiqam planları hazırlayırdı. O, yuxuya gedənə qədər onların üzərində işləyirdi. Ertəsi gün hərəm xidmətçisi dəhşət içində gəlib mənə dedi:
“Əli xan, Nino xanım fəvvarənin yanında durub, qolları və ayaqları ilə çox qəribə hərəkətlər edir. Qorxuram, ağa. O, bədənini gah qabağa, gah da arxaya elə əyir ki, elə bil bədəni sümüksüzdür. O, istəyir ki, mən də onun etdiyi hərəkətləri təkrar edim. Amma xan, mən mömin müsəlmanam və yalnız Allahın qarşısında əyilib alnımı yerə qoyuram. Xanımın sümükləri və ruhunun gələcəyi üçün çox qorxuram.
Hərəm xidmətçisini qovmaq heç bir şeyi həll etməyəcəkdi. Çünki onun yerinə başqası gələcəkdi. Hərəm xidmətçisi olmayan ev, ev sayılmırdı. Evin təsərrüfat işini kimsə apara bilməzdi, ev işini görən qadınlara və pulun hesabatına nəzarət kimsə edə bilməzdi. Bunları yalnız hərəm xidmətçiləri edərdilər. Onlar arzu deyilən şeyləri duymadıqları üçün, onların rüşvətlə satın almaq da mümkün deyildi.
Buna görə də mən susurdum və bütün diqqətimi Bakının ətrafını bürüyən bir sıra kiçik yaşıl bayraqlara vermişdim...
Hərəm xidmətçisi yavaşca öskürüb dedi:
– Əbdül-Qasım məscidinin yaxınlığında oturan qadının evə çağırtdırım, gəlsin mi?
– Nə üçün, Yəhya Qulu?
– Nino xanımın bədəninə girmiş murdar ruhları çıxartmaq üçün.
Mən dərin bir ah çəkdim. Çünki Əbdül-Qasım məscidinin yanında oturan müdrik qadın Ninonun bədəninə girmiş Avropa ruhlarını çıxarda biləcək iqtidarda olacağını sanmırdım.
– Buna ehtiyac yoxdur, Yəhya Qulu. Mən özüm də pis ruhları bədəndən çıxarda bilirəm. Vaxtı gələndə mən hər şeyi qaydaya salacağam. Amma indi bütün gücümü bu balaca yaşıl bayraqların üzərinə toplamağım lazım gəlir.
Xidmətçinin gözlərində qorxu və maraq hissi oyandı:
– Yaşıl bayraqlar qırmızıları sıxışdırdığı zaman sənin vətənin azad olacaq? Elədirmi Əli xan?
– Bəli elədir, Yəhya Qulu.
– Bəs niyə yaşıl bayraqları götürüb elə indi öz yerinə sancmırsan?
– Bu mümkün deyil, Yəhya Qulu, çünki buna mənim gücüm çatmır.
O dərin bir qayğıkeşliklə mənə baxdı:
– Allaha dua etməlisən ki, sənə güc versin. Gələn həftə məhərrəmlik başlayır. Məhərrəm ayında nə diləyiniz varsa onu Allahdan istəyin, o, mütləq sənə gərəkli gücü verər.
Mən xəritəni bükdüm. Yorğun və çaşqın idim. Xidmətçinin boşboğazlığına uzun zaman dözmək mümkün deyildi.
Nino evdə deyildi. Onun valideynləri Tehrana gəlmişdilər. Nino indi tanınmış knyaz ailəsinin kirayə etdiyi evdə saatlarla qalırdı. Orada o, başqa avropalılarla görüşürdü. Bunu da məndən gizləməyə çalışırdı. Amma bundan mənim xəbərim var idi. Mən sadəcə susurdum, çünki ona acıyırdım. Xidmətçim farağat durub mənim əmrimi gözləyirdi. Bir neçə günlüyə Tehrana gəlmiş dostum Seyid Mustafa yadıma düşdü. Onu nadir hallarda görürdüm, çünki o, bütün günlərini məscidlərdə, müqəddəslərin məzarları üstündə və cır-cındır içində olan dərvişlərlə maraqlı söhbətlər etməklə keçirirdi.
Nəhayət diləndim.
– Yəhya Qulu, Seyid Mustafanın yanına gedərsən. O, Sipəhlisar məscidində qalır. Ondan xahiş et ki, iltifat edib buraya təşrif gətirsin.
Xidmətçi getdi. Mən evdə yalqız qaldım. Həqiqətən də yaşıl bayraqları Bakıya sancmaq üçün mənim gücüm çatmırdı. Haradasa, vətənimin çöllərində türk batalyonları və onlarla birlikdə də Azərbaycanın yeni bayrağı altında könüllülərdən ibarət yaranmış hərbi hissələr düşmənlə vuruşurdular. Mənim bu yeni bayraqdan, könüllü qoşunların sayından və onların harada vuruşduqlarından xəbərim var idi. İlyas bəy də könüllülərin cərgəsində vuruşurdu. Mən də bu döyüşdə onunla birlikdə iştirak edib sabahın erkən çağında vuruş meydanlarına atılmağa can atırdım. Lakin cəbhəyə gedən yol bağlı idi. Rus və ingilis hərbi hissələri sərhədləri tutmuşdular. İranı müharibə meydanı ilə bağlayan Araz çayı üzərindəki geniş körpüyə isə tikanlı məftillər çəkilmişdi. Körpü pulemyot və əsgərlərin mühasirəsində idi.
İran isə qabığına sığınmış İlbiz kimi öz durğunluğu içinə çəkilmişdi. Döyüş gedən, mikroblu əraziyə nə bir adamın, nə bir siçanın və nə də bir quşun keçməsinə izin verilməyirdi. Bunun əksinə olaraq Bakıdan İrana çoxlu qaçqın gəlirdi. Çərənçi Arslan ağa da onların arasında idi. O, çayxanalarda olur türklərin qələbəsini Böyük İsgəndərin müzəffər yürüşləri ilə müqayisə edərək məqalələr yazırdı. Onun yazdığı məqalələrdən birini qadağan etmişdilər: çünki senzura İsgəndəri tərifləyə-tərifləyə göylərə çıxararkən, onun bir zamanlar İsgəndər tərəfindən fəth edilmiş İrana qarşı gizli, çirkin hərəkət kimi başa düşmüşdü. Bu əhvalatdan sonra Arslan ağa özünü əqidəsi uğrunda şəhid olan bir şəxs kimi qələmə verirdi. O, bir gün məni görməyə gəldi və mənim Bakını müdafiə edərkən göstərdiyim qəhrəmanlıqların ən kiçik təfərrüatınadək təsvir edirdi. Onun fikrincə guya düşmən regionları yalnız mənim gülləmdən ölmək üçün, arxasında oturduğum pulemyotun qabağında yürüşlə keçiblərmiş.
Onun özü isə döyüş zamanı bir mətbəənin zirzəmisində gizlənib, xalqı həyəcana gətirən atəşli müraciətnamələr hazırlayırmış. O, müraciətnamələr heç bir yerdə oxunmamışdı. O, bunları mənə oxudu və xahiş etdi ki, bir qəhrəmanın əlbəyaxa vuruşda duyduğu hissləri ona danışım.
Ona şirniyyat yedirdib, qapıya qədər ötürdüm. O, mətbəə boyasının iyi gələn, qatı açılmamış bir dəftəri otağımda qoyub getdi ki, əlbəyaxa döyüşündə bir
qəhrəmanın keçirtdiyi hissləri oraya yazım. Dəftərin ağ vərəqlərinə baxanda, Ninonun kədərli baxışlarını yada salıb, qarmaqarışıq həyatımı düşünərək qələmi ələ aldım. Amma bir qəhrəmanın əlbəyaxa döyüşdə nələr duyduğunu yazmaq niyyətində deyildim. Əksinə, bizi – Nino ilə məni Şəmiran sarayının ətir saçan bağçasına gətirib çıxardan və onun gözlərindən sevinci yox edən yolu cızmaq üçün qələmə əl atdım.
Bağçada oturub İranın qamış qələmi ilə yazımı yazmağa başladım. Hələ məktəb illərində yazmağa başladığım xatirələrimin dağınıq qeydlərini səliqəyə salırdım. Bütün keçmişim gözlərimin qabağında canlandı. Seyid Mustafa otağıma girib, çopur sifətini çiynimə toxundurana kimi keçmişin xəyalına dalmışdım.
– Seyid, – dedim – mənim həyatım qarmaqarışıq hala düşüb. Cəbhə yolu bağlıdır. Nino gülməsini unudub, mən də qan yerinə mürəkkəb axıdıram. Axı nə etməliyəm, Seyid Mustafa?
Dostum sakit və böyük maraqla mənə baxdı. Onun əynində qana libas var idi, özü də arıqlamışdı. Arıq vücudu elə bil sirli bir yükün altında bükülmüşdü. O, əyləşib dedi:
– Əllərinlə heç bir şey edə bilməzsən, Əli Xan. Lakin insanın əllərində daha artıq şeylər vardır. Mənim libasıma bax, nə demək istəyəcəyimi başa düşəcəksən. İnsanlar üzərindəki qüvvə gözəgörünməzin əlindədir. O sirrə bir dəfə toxun, qüdrəti sənə keçəcəkdir.
– Səni başa düşmürəm, Seyid. Ruhum əzab içindədir və mən bu qaranlıq zülmətdən çıxış yolu axtarıram.
– Çünki sən üzünü bəndələrə tutmusan, Əli xan. Bəndələri idarə edən gözəgörünməzi isə yaddan çıxardırsan. Hicrətin 680-cı ilində din düşmənləri tərəfindən təqib edilən Peyğəmbərin nəvəsi Hüseyn Kərbəlada şəhid edildi. Dünyanın xilaskarı, sirr sahibi, külli-ixtiyar olan o doğan və batan günəşi onun qanı ilə boyadı. Şiə icmasına on iki İmam hökmranlıq etmişdir: birincisi Hüseyn idi, axırıncısı da hələ bu gün də gizlindən şiə cəmiyyətini idarə edən Sahib-əz-Zaman gözə görünməz İmamdır. Bu gizli İmam bütün əməllərinə zahir olur, amma buna baxmayaraq o, yenə də gözəgörünməz olaraq qalır. Mən onu doğan günəşdə, toxumların möcüzəsində, fırtınalı dənizdə görürəm. Onun səsini pulemyotun şaqqıltısında, qadınların naləsində və əsən küləklərdə eşidirəm. Gözəgörünməz buyurub deyir ki: Kərbəla çöllərində Hüseynin axıdılmış qanı üçün yas saxlayın. Ona görə də hər ilin bir ayı Hüseynə matəm tutulur. Bu ay Məhərrəm ayıdır. Dərdi olan bu kədərli ayla ağlamalıdır. Məhərrəm ayının onuncu günündə şiələrin aqibəti həqiqətə çevrilir. Çünki o gün şəhidin ölüm günüdür... O gün Hüseynin öz üzərinə götürdüyü dərd yükü, dindarların boynuna qoyulmalıdır. Kim bu dərdin bir hissəsini öz üzərinə götürərsə, onun şəfaətinə nail olacaqdır. Bax, elə buna görə də dindarlar məhərrəm ayında sinə döyürlər, çünki bu dünyanın dərdləri ilə çıxılmaz vəziyyətə düşənlər özlərini şallaqlayarkən və sinələrini döyməklə
çəkdikləri ağrılar sayəsində qurtuluş sevincini tapırlar. Bax, elə budur Məhərrəmin sirri.
Mən yorğun və əsəbi halda soruşdum:
– Seyid, mən evimə xoşbəxtliyi yenidən necə qaytara biləcəyimi soruşuram, çünki dərin bir dəhşət içindəyəm. Sən isə mənə məktəbdə oxuyarkən öyrəndiyimiz din dərslərindəki müdrik kəlamları təkrar edirsən. Demək istəyirsən ki, məscidlərə gedib zəncirlə sinə döyüm? Mən dindar bir müsəlmanam və dini vəzifələri də yerinə yetirirəm. Mən də gözəgörünməzin sirrinə inanıram, Əli xan. Lakin mənim xoşbəxtliyimə gedən yolun həzrəti Hüseynin şəbihindən keçdiyinə inanmıram. Sən məndən xoşbəxtliyə gedən yolu soruşdun, mən də sənə onu göstərdim. Mən başqa yol tanımıram. İlyas bəy Gəncə cəbhəsində qan tökür. Sənin isə Gəncəyə getməyə imkanın yoxdur. Ona görə də, Məhərrəm ayının onuncu günündə səndən bunu tələb edən gözəgörünməz üçün sən də öz qanını tökməlisən. Yox, sus. Demə ki, bu müqəddəs qurbanlıq mənasızdır. Bu kədər dünyasında heç bir şey mənasız deyil. Məhərrəm ayında sən də Gəncədə vuruşan İlyas bəy kimi vətən uğrunda döyüşə giriş.
Mən susdum. Pəncərələri pərdə ilə örtülmüş karet həyətə girdi. Şüşələrin tutqunluğundan Ninonun sifətini güclə görmək olurdu. Hərəmxana bağçasının qapısı açıldı və Seyid Mustafa qəflətən durub getmək üçün hazırlaşdı.
– Sabah Sipahlışar məscidinə gələrsən. Söhbətimizi orada davam etdirərik – dedi.

 

XXVI hissə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR