Slimfit
  1. ƏDƏBİYYAT

Qurban Səid - Əli və Nino/XVII hissə

Qurban Səid - Əli və Nino/XVII hissə
Sakura

Qurban Səid - Əli və Nino/XVII hissə

Məmməd Heydər yerindən sıçradı. Onun gözləri lap balacalaşmışdı. “Mən atları yəhərləyərəm!” deyib bayıra qaçdı. Sifətim yanırdı. Qan gicgahıma vururdu, başımda bir gurultu vardı. Elə bil gözəgörünməz bir qüvvə dəyənəklə başıma zərbə vururdu. İlyas bəyin səsi elə bil çox uzaqlardan gəlirdi: “Özünü itirmə, Əli xan, səbirli ol. Onları yaxalayacağıq. O vaxta qədər özünü ələ al”.
İlyas bəy qabağımda durmuşdu. Onun incə sifəti son dərəcə solmuşdu. Üstündə Qafqaz xəncəri olan kəməri belimə bağladı. Sonra “götür” deyib əlimə də bir tapança verdi:
– Yenə deyirəm, səbirli ol, Əli xan – dedi – qəzəbini Mərdəkan yoluna saxla.
Nə etdiyimi bilmədən tapançanı cibimə qoydum. Seyd Mustafanın çopur sifəti mənə tərəf döndü. Mən onun qalın dodaqlarının qımıldandığını gördüm və söylədiyi qırıq-qırıq cümlələrini eşitdim: “Evdən çıxdım ki, gedib molla Hacı Maqsudla görüşüm. Onun qaldığı ev operanın yanındadır. “Saat on birdə Molla Maqsudun evindən çıxıb operanın yanından keçirdim. Tamaşa sona çatmışdı. Birdən gördüm ki, Nino Naçararyanla avtomaşına minirlər. Amma maşın yerindən tərpənmədi. Onlar maşının içində bir-birilə danışırdılar. Naçararyanın sifətinin ifadəsi heç xoşuma gəlmədi. Qaranlıqda onlara yaxınlaşıb danışıqlarına qulaq asmağa başladım. Nino “olmaz” deyirdi, “mən onu sevirəm”. Naçararyan da cavab verirdi ki, “mən səni ondan da çox sevirəm” deyirdi. Bu ölkənin daşı daş üstündə qalmayacaq! Mən səni Asiyanın əlindən alıb qaçırdacağam. Nino cavab verdi ki, “yox, məni evimizə apar”. Naçararyan motoru işə saldı. Mən maşının arxasına atıldım. Avtomaşın Kipianigilin evinə yaxınlaşdı. Yoldakı danışıqlarını eşidə bilmədim. Nino ağlayırdı. Naçararyan birdən Ninonu qucaqlayıb üzündən öpdü. “Sən bu vəhşi insanların əlinə düşməməlisən” – deyə Naçararyan səsləndi. Sonra pıçıltı ilə nəsə dedi. Mən yalnız onun axırda dediyi sözü eşidə bildim: “Mənim Mərdəkandakı evimə gedirik. Biz Moskvaya gedib kəbin kəsdirərik, oradan da İsveçə gedərik”. Mən gördüm ki, Nino onu itələdi. Naçararyan maşını işə saldı və onlar getdilər. O zaman avtomaşının arxasında asıldığım yerdən atlanıb var gücümlə qaçdım ki...
O, sözünü axıra kimi deyə bilmədi, bilmirəm, bəlkə də mən ona axıra kimi qulaq asmamışam. Məmməd Heydər qapını taybatay açıb içəri girdi: “Atlar hazırdır!” – deyə bağırdı. Biz tələsik meydançaya qaçdıq. Ay işığında kişnəyən və nalları ilə yavaş-yavaş yeri eşələyən yəhərli atları gördüm. Məmməd Heydər atın birinin yüyənini mənə uzadıb: “Tut bunu, bu sənin” dedi. Mən ata baxanda heyrətimdən yerimdə quruyub qaldım. Bu at, alay komandanı Məlikovun Qarabağda ad çıxarmış kəhər atı idi. Məmməd Heydər üz-gözünü turşutdu:
– Komandan xəbər tutsa, özündən çıxacaq. Çünki bu atı indiyə kimi özgə adam minməyib. Bu at ildırım kimi çapır. Ona heyifin gəlməsin. Sən onlara ancaq bu atla çata bilərsən.
Mən cəld atın yəhərinə sıçradım. Qamçını bu möcüzəli atın arxasına vurdum. At bir sıçrayışla məni kazarmanın həyətindən bayıra çıxartdı. Qaçanları izləmək üçün mən atı dəniz sahili ilə sürdüm. İçim nifrət və hirslə dolu idi. Hər şeyi yaddan çıxartmışdım. Atı tez-tez qamçılayırdım. Atın nallarından qığılcım çıxırdı. Şəhər evləri bir-bir arxamda qalırdı. Qəzəbim get-gedə artırdı. Hirsimdən atın yüyənini dartdım. At dik durdu. Sonra yenə dördnallı uçmağa başladı. Nəhayət, ay işığı düşmüş tarlaları və Mərdəkana gedən dar yolu gördüm. Hava sərin idi. Gecənin sərin havası əsəblərimi bir az sakitləşdirirdi.
Yolun sağında və solunda qarpız, yemiş bostanları uzanırdı. Ay işığında yumru qarpızlar iri qızıl halqalar kimi parıldayırdı, yemişlər isə qızıl külçələrə oxşayırdı.
At dördayaq çapırdı. Adamın heç ruhu da incimirdi. Mümkün olduğu qədər özümü atın boynuna yaxın əymişdim. Üzüm onun sarı yalına toxunurdu. Birdən birə hər şey gözlərimin qabağında canlandı...
Mən onların danışdıqları hər sözü sanki eşidirdim. Mən indi hər şeyi lap yaxşı başa düşürdüm. İndi dərk edirdim ki, Naçararyanın planı sadə və real bir plandır: Ənvər paşa Anadoluda vuruşur. Çarın taxtı laxlamağa başlamışdı. Böyük knyazın ordusunda erməni batalyonu var. Cəbhə çökdüyü təqdirdə, Osmanlı ordusu Ermənistana, Qarabağa və Bakıya axıb gələcəkdi. Naçararyan bunun nə nəticə verəcəyini yaxşı başa düşən bir adamdı. Ona görə də Naçararyan saysız-hesabsız qızıl külçələrini İsveçə göndərirdi. Qafqaz xalqlarının qardaşlıqlarından artıq heç nə qalmamışdı. O gecə operadakı loja gözlərimin qabağında canlandı. Naçararyan və Nino lojada oturub söhbət edirlər:
– Prinses, Şərq ilə Qərb arasında heç bir körpü ola bilməz, hətta məhəbbət körpüsü belə yoxdur.
Nino susaraq Naçararyanın dediklərini dinləyirdi.
– Osmanlı qılıncının təhlükəsi altında olan bizlər gərək əl-ələ verib birləşək. Biz Avropanın Asiyadakı elçiləriyik. Prinses, mən səni sevirəm. Biz bir-birimizə layiqik. Stokholmda həyat bizim üçün çox rahat olacaq. Stokholm Avropadır, Qərbdir.
Bu sözlər qulağımda elə cingildəyirdi ki, elə bil mən də lojada onların yanında oturmuşdum:
– Osmanlı ordusu gələrsə, bu ölkənin daşı daş üstə qalmayacaq.
Naçararyan sözünü tamamlayaraq dedi:
– Talehinizin necə olacağını şəxsən özünüz müəyyən etməlisiniz, Nino. Müharibədən sonra Londona köçərik. Bizi sarayda qəbul edəcəklər. Axı Avropalı özü öz taleyini müəyyən etməyi bacarmalıdır. Mən də Əli xana hörmət edirəm, ancaq o, səhranın əbədi qulu olan bir barbardır.
Bu sözlər xəyalımda səslənəndə atı qamçıladım. Məndən vəhşi bir bağırtı çıxdı. Çöl qurdları ayı görəndə belə ulayırlar. Mən də qurdlar kimi sürəkli və kədərli bir tərzdə ulayırdım. Qışqırmaqdan boğazım ağrıyırdı. Axı ay işığı düşmüş Mərdəkan yolunda niyə qışqırıram? Qəzəbimi sonraya saxlamalıyam. Kəskin külək qamçı kimi üzümə vururdu. Gözlərimdən yaş gəlirdi. Yox, yox mən ağlamıram. Göz yaşlarıma səbəb başqa şey deyil, ancaq küləkdir. Mən hətta Şərq və Qərb arasında körpünün, eləcə də məhəbbət körpüsünün olmadığını birdən-birə anlasam da ağlamıram. Ah, o hiyləgər, gülümsəyən gürcü gözləri! Bəli, mən çöl övladıyam, türklərin boz qurdundan törənmişəm. Gör Naçararyan hər şeyi necə ustalıqla planlaşdırmışdı: “Moskvada kəbin kəsdirib, sonra da Stokholma getmək”. Sən bir buna bax, Stokholmda bir otel. Təmiz, isti və ağappaq yorğan-döşək. Londonda da bir villa? Hirsimdən başımı atın boynuna yaxın əyirəm. Birdən qeyri-iradi olaraq atın boynunu dişlədim. Ağzım duzlu qan dadı ilə doldu. Villa? Naçararyanın Mərdəkandakı meyvə bağlarının içində bir villası vardı. Bakının bütün varlılarının
da burada villaları var idı. Naçararyanın villası ağ mərmərdən tikilib, Roma üslubunda sütunları olan və dənizin qırağında yerləşən bir villa idi. Görəsən, avtomaşın ilə Qarabağ atı hansı sürətlə gedə bilərlər? Naçararyanın villasını görmüşdüm. Qırmızı ağacdan düzəldilmiş enli bir çarpayısı vardır. O çarpayının üstünə Stokholm otelində olduğu kimi ağappaq döşək ağı sərilmişdi.
Bilirəm, o bütün gecəni oturub Ninoya filosofluq etməyəcək.
O ancaq öz işini görəcək...
Naçararyanın çarpayısı gözlərimin qabağında idi. O çarpayı və şəhvətlə dolu, qorxu pərdəsi altında gizlənmiş o gözəl gürcü gözləri gözümün qabağında canlandı. Bu dəfə atın boynunu bərk-bərk dişlədim. O gözəl at dördnalla çapırdı. Tələs, tez tələs! Özünü itirmə, Əli xan, onları yaxalayana kimi qəzəbini içində saxla!
Mərdəkana gedən bu yol nə dar yol imiş. Birdən-birə qəhqəhə çəkib gülməyə başladım. Nə böyük xoşbəxtlikdir ki, biz Asiyada yaşayırıq, geridə qalmış, sivilizasiyadan uzaq olan Asiyada. Qarabağ atları üçün yararlı cığırları olan Asiyada! Görəsən bu dar yollarda avtomobil böyük sürətlə gedə bilər, ya Qarabağın kəhər atları? Qərbdə istehsal olunmuş avtomobillər üçün bizim geniş və rahat yollarımız yoxdur.
Yolun qırağındakı bostanlardan qarpız və yemişlər elə bil mənə baxırdılar. Elə bil onların sifətləri var idi və onlar dil açıb deyirdilər: “Bu yollar xarici avtomobillər üçün deyildir. Bu yollar Qarabağ atlarını çapanlar üçündür”.
Görəsən bu at sürətə tab gətirə biləcəkmi? Heç sanmırdım. Bu anda knyaz Melikovun sifəti gəldi durdu gözlərimin qabağında. O, Şuşadakı günəşli günlərin birində qılıncını şaqqıldadıb demişdi: “Yalnız çar həzrətləri müharibə elan etdikləri zaman mən bu möcüzəli atı minəcəyəm”. Eh, nə olursa olsun, istəyirsə qoy, o qoca Qarabağlının atı üçün ağlamaqdan lap ürəyi partlayıb ölsün, mənə nə var. Ata daha iki qamçı vurub fit çalaraq havanı yardım. Yolun kənarları yabanı kolluqlarla dolu idi. Nəhayət, uzaqdan avtomobil motorunun səsini eşitdim. İndi iki böyük faranın kələ-kötür yollara işıq saçdığını gördüm. Bu avtomobilin saçdığı işıq idi. Asiyanın yararsız yollarında Avropa avtomobili səndələyə-səndələyə gedirdi. Ata daha bir qamçı vurduqdan sonra, artıq avtomobilin sükanı arxasında oturan Naçararyanı gördüm. Nino isə büzüşüb bir küncdə oturmuşdu. Axı, nə üçün onlar atın nallarının səsini eşitmirdilər?
Məgər Naçararyan gecə sükutunda kənardan gələn səsi eşitmirdi. Hər halda Naçararyan Mərdəkan yolunda sürdüyü Avropa avtomobilində özünü arxayın hiss edirdi. Mən əlimi tapançaya atdım. Gəl mərifətini göstər Belçika malı, indi növbə sənindir öz-özümə deyib tapançanın tətiyini sıxdım. Atılan güllənin işığı ani olaraq qaranlığı yardı. Avtomobilin sol arxa təkəri boşalıb əyildi. Çapıb maşına yaxınlaşdım. Qan beynimə vurdu. Tapançanı kənara tulladım. Artıq nə etdiyimi bilmirdim. Qorxudan gözləri təpəsinə çıxmış iki sifət mənə baxırdı. Naçararyan titrək əlini tapançaya uzadır. Aha, deməli o, Avropa avtomobilində o qədər də
arxayın deyildi. Onun iri və kök barmaqlarının birində iri brilyantlı üzüyünü gördüm. Tez, cəld ol, Əli xan! İndi bütün qəzəbini büruzə verə bilərsən! Xəncəri çəkdim. Yox, bu titrək əl atəş aça bilməz. Xəncər xoş bir ahənglə havada vıyıldadı. Mən belə xəncər atmağı harada öyrənmişdim? İrandamı? Yoxsa Şuşadamı? Hər hansı bir yerdə! Bu qabiliyyət bizim əcdadlarımızdan mənə miras qalmışdı. Hindistana yürüş edib, Dehlini dizə çökdürən ilk Şirvanşirdən mənə miras qalmışdır. Gözlənilmədən təəccüblü bir qışqırıq səsi gəldi. Naçararyanın biləyindən qan fışqırırdı. Mərdəkan yolunda düşmənin qanını görmək nə böyük xoşbəxtlikdir. Tapança onun əlindən yerə düşdü. Sonra iri bir cəmdək avtomobildən çıxıb, yerlə sürünməyə başladı. Yolu keçərək, yol kənarındakı yabanı kolluqların içində itdi. Xəncəri götürüb qınına qoydum.
Nino avtomobilin yumşaq oturacağında quruyub qalmışdı. Onun sifətində ən kiçik ifadə belə yox idi. O, daşdan yonulmuş heykəl kimi hərəkətsiz idi. Uzaqdan nal səsləri gəlirdi. Tez kolluğa tullandım. Tikanlı kolluqlarda cızılmış əllərimdən qan axırdı. Quru budaqlar da əllərimi kəsirdi. Quru xəzəllər ayaqlarımın altında xışıldayırdı.
Oradan bir az kənarda qovulan vəhşi bir heyvanın – Naçararyanın səsi gəlirdi. Buna bax, Stokholmda otel! Ay gördün ha, o oteli! Qalın, kobud dodaqların ay dəydi ha Ninonun yanaqlarına. İndi onu görürəm. Naçararyan büdrəyir, iri kök əlləri ilə sıx kolluqları yarmağa çalışırdı. O kolluqları keçəndən sonra bostanların içindən dəniz sahilinə doğru qaçırdı. O alçağı görən kimi tapançam yadıma düşdü. Hanı mənim tapançam? Aha, yadıma düşdü. Tapançanı avtomobilin yanında tullamışdım. Mən də yabanı kolluqların içindən keçərək, onun dalınca qaçmağa başladım. Kolluqların tikanlarından cızılmış əllərim qanamışdı. Budur, bostana çatdım. Bostanda gördüyüm ilk qarpız mənə yumru, kök və sarsaq bir adamı xatırladırdı. Onun üstündən keçdim. Qarpız ayağımın altında partlayıb tikə-tikə oldu. Yüyürüb bostanı keçdim . Ayın solğun şüası qarpız və yemiş bostanına zəif işıq salırdı.
Ey Naçararyan, bil ki, qızıl külçələri İsveçə apara bilməyəcəksən!
İndi, birdən Naçararyanın çiynindən yapışdım. O, üzünü çevirdi və kötük kimi qarşımda durdu. Gözlərindən görünürdü ki, o ifşa olunmuşdu. Artıq mən onun kim və nə olduğunu bilirəm. Onun birinci yumruğu çənəmə dəydi. İkinci yumruğu isə döşümə ilişdi:
Naçararyan, sən boks vuruşmasını Avropada öyrənmisən. Başım gicəlləndi. Bir saniyəlik nəfəsim tutuldu. Mən ancaq Asiyalıyam, Naçararyan. Mənə qurşaqdan aşağı yumruq vurmaq sənətini heç vaxt öyrətməmişlər.
Mən bir çöl qurdu kimi qəzəbdən yalnız qızışa bilirəm – deyib Naçararyanın üstünə atıldım. Onun gövdəsindən yapışdım. Elə bil ağac kötüyünü qollarım arasına almışdım. Ayaqlarımla onun yekə qarnını sıxıb, əllərimlə də yoğun boynundan yapışdım. Naçararyan Avropada öyrəndiyi bütün vuruşma qaydalarını unudaraq məni vəhşi kimi yumruqlamağa başladı. Aşağı əyildim və
birlikdə yerə yıxıldıq. Yerdə fırlanırdıq. Birdən mən onun altına düşdüm. Onun xirtdəyimə keçirdiyi barmaqları məni boğmağa başladı. Naçararyanın zədələnmiş sifətinin bir tərəfi əyilmişdi. Ayaqlarımla onun piyli qarnına vururdum. Bir anlığa əlimdən çıxanda onun yaxasının cırıldığını gördüm. Birdən dişlərimlə onun ağ yoğun boğazından yapışdım. Bəli, Naçararyan, biz Asiyalılar belə vuruşuruq! Qurşaqdan aşağı vurmuruq! Boz qurd kimi yapışırıq düşmənin boğazından. Onun damarlarının döyüntüsünü hiss edirdim.
Naçararyan əlini mənim belimdəki xəncərimə uzadırdı. Döyüşün qızğın çağında belimdəki xəncəri tamamilə yadımdan çıxartmışdım. Xəncərin tiyəsi gözümün qabağında parladı. Qabırğamda bir ağrı hiss etdim. Gör nə qədər qanım isti imiş. Xəncərin ucu qabırğalarımın üstündən sürüşdü. Onun boğazını buraxıb, yaralı əlindən xəncəri qapdım. İndi o, mənim altımdadır, üzü də aya tərəf baxırdı. Xəncəri havaya qaldırdım. O başını dala atıb nazik səsi ilə qışqırmağa başladı. Onun bütün sifəti dəhşətdən, qorxudan açılmış ağızdan ibarət idi.
Axı niyə vurmuram? Nəyi gözləyirəm? Arxamdan bir səs gəldi: “Gəbərd onu, Əli xan, gəbərd!”
Bu Məmməd Heydərin səsi idi:
– Xəncəri ürəyinin başına endir və girdiyi yerdən aşağa doğru çək.
Mən ölüm nöqtəsinin harada olduğunu bilirəm. Amma bir an gözləyib, düşmənimin fəryad səsini bir daha eşitmək istəyirəm.
Sonra xəncəri qaldırdım. Əzələlərim artıq gərilmişdi. Xəncəri düşmənin düz ürəyinin başına endirdim. O, arxası üstə çapalayıb can verirdi. Yavaş-yavaş ayağa durdum. Paltarım qana bulaşmışdı. Kimin qanı idi bu? Mənim, yoxsa onun? İndi bunun heç bir fərqi yox idi. Məmməd Heydər dişlərini qıcayıb dedi: “Əli xan, mən sənə ömrüm boyu hörmət edəcəyəm”.
Qabırğam ağrıyırdı. Məmməd Heydər qoluma girdi. Kolluğun içindən çıxıb Mərdəkana gedən dar yolda durmuş, böyük bir qutunun yanına gəldik. Orada dörd at və iki atlı dayanmışdı. İlyas bəy mənə əl verib salamlaşdı. Seyid Mustafa yaşıl əmmaməsini bir az yuxarı qaldırdı. O, atının tərkində Ninonu otuzdurub bərk-bərk tutmuşdu. Nino susurdu.
Seyid Mustafa yumşaq bir səslə:
– Arvadla nə edəcəksən? Onu xəncərlə sən öldürəcəksən, yoxsa mən öldürüm? – deyə dilləndi.
Məmməd Heydər mənə tərəf xəncər uzadıb: – Öldür onu, Əli xan – dedi. Mən İlyas bəyə baxırdım. Onun üzü təbaşir kimi ağarmışdı: – “Biz cəsədi dənizə atarıq” – dedi.
Ninoya yaxınlaşıram. Onun gözləri qorxudan böyümüşdü...
Böyük tənəffüs vaxtı o, əlində məktəb çantası gözlərindən də yaş sel kimi axa-axa küçəni keçərək bizim məktəbimizə gələrdi. Bir dəfə imtahan vaxtı partasının altında gizlənib, pıçıltı ilə ona deyirdim: “Böyük Karlın başına 800-cü ildə Axendə tac qoyulmuşdu”.
Nəyə görə Nino susur. Nə üçün Nino o zaman böyük tənəffüsdə yardım istəmək üçün yanıma gəlib göz yaşlarını axıdıb ağladığı kimi ağlamır? Böyük Karlın başına nə zaman tac qoyulduğunu bilmədiyi üçün onun təqsiri yox idi. Mən onun mindiyi atın boynunu qucaqlayıb Ninonun üzünə baxdım. Baxışlarımız rastlaşdı. Ay işığında gözlərini əlimdəki xəqcərə dikmiş, Seyid Mustafanın atının yəhərində oturan Nino nə qədər gözəl idi. Dünyanın ən gözəl qanı gürcü qanıdır. Gürcü dodaqları da gözəldir. Amma onları İsveçə qızıl külçələrini qaçırmaq istəyən Naçararyan öpmüşdür!
– İlyas bəy, mən yaralıyam. Prinses Ninonu evlərinə apar. Hava soyuqdur, Ninonun çiyninə bir şey salarsan. İlyas bəy, eşidirsən, əgər prinses Nino sağ-salamat evinə çatmasa səni öldürəcəyəm. Eşitdin? İlyas bəy, bu mənim qəti sözümdür. Məmməd Heydər, Seyid Mustafa özümü halsız hiss edirəm. Məni evə aparın. Evə qədər mənə yardım edin. Qan itirdiyimdən taqətdən düşüb zəifləmişəm.
Qarabağ atının yalından yapışdım. Məmməd Heydərin köməyi ilə atıma mindim. İlyas bəy Ninoya yaxınlaşdı, qayğı ilə onu öz yumşaq yəhərinə oturtdu. Nino müqavimət göstərmirdi... ilyas bəy pencəyini çıxardıb nəvazişlə Ninonun çiyninə saldı. Onun rəngi hələ də solğun idi. İlyas bəy başını mənə tərəf çevirib sağollaşdı. Bilirəm, İlyas bəy Ninonu sağ-salamat aparıb evinə çatdıracaq. İlyas bəylə Nino bizdən uzaqlaşdılar.
Məmməd Heydər atının yəhərinə atıldı: “Əli xan, sən qəhrəmansan. Aslan kimi döyüşdün, vəzifəni də yerinə yetirdin”.
Seyid Mustafa isə başını aşağı salıb dedi: “Əli xan, onun həyatı sənin əlindədir. Sən onu öldürə də bilərsən, istəsən bağışlaya da bilərsən şəriət hər ikisinə icazə verir”.
Seyid Mustafa fikirli-fikirli gülümsəyirdi. Məmməd Heydər atın yüyənini mənə verdi.
Biz Bakının nazlı-nazlı sayrışan işıqlarına doğru dinməz-söyləməz atlarımızı gecə yolu ilə sürməyə başladıq.

 

XVIII hissə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR