Qubalı arıçılara 189 min 830 manat subsidiya ödənib
Quba meyvəçilik rayonu kimi tanınsa da, rayonumuzda arıçılıq da inkişaf edir. Mən özüm dədə-babadan arıçılıqla məşğulam. Təsərrüfatımı qurmağa 4 arı ailəsi ilə başlamışam. İndi 50-dən çox arı ailəsi saxlayıram. 2018-ci ildə hər arı ailəsinə görə 10 manat subsidiya almışam. Dövlətimizin bizə olan böyük dəstəyi arıçılığın inkişafına təkan verəcək. Subsidiyaların verilməsi təsərrüfatçılara arı ailələrinin sayının artırılmasına da maraq yaradıb.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində qubalı arıçı Telman Balabəyov söyləyib.
Telman Balabəyov kimi Quba rayonundan, ümumilikdə, 673 arıçıya subsidiya verilib.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Aydın Qədiməliyev bildirib ki, rayon komissiyası tərəfindən ötən il Qubada 18 min 983 arı ailəsi qeydə alınıb. Arıçılıqla məşğul olan 673 arıçının təsərrüfatındakı arı ailələri pasportlaşdırılıb və hər arı ailəsinə identifikasiya kodu verilib. Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının iclasında həmin arıçılara subsidiyanın verilməsi barədə qərar qəbul olunub. Qubalı arıçılara, ümumilikdə, 189 min 830 manat subsidiya ödənib.
O bildirib ki, 2019-cu il üçün arı ailələrinin qeydə alınmasına mart ayından başlanılacaq. Bu il Qubada 20 minə yaxın arı ailəsinə görə arıçılara subsidiyanın verilməsi nəzərdə tutulub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət