Quba-Xınalıq yolu bağlanıb
İyunun 13-də Qubada yağan güclü leysan yağışları rayonun Bostankeş, Qalaxudat və Dərk kəndlərində fəsadlar törədib.
Leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, bir neçə evə ziyan dəyib. Bundan başqa, kəndlərdə fərdi təsərrüfatlar və yol infrastrukturu da sel nəticəsində yararsız hala düşüb.
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda kəndlərdə selin törətdiyi fəsadlar haqqında ətraflı məlumat toplanılır. Tezliklə kəndlərə dəyən ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək.
Sel suları Quba-Xınalıq yolunun müvəqqəti bağlanmasına da səbəb olub. Belə ki, yolun 50-56-cı kilometrliklərində dağlardan qopan torpaq kütləsi və daş parçaları yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkətinin bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub.
Mənbə: Xəzərxəbər.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət