Qrip — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi
Qrip (fr. grippe) — qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Bunların arasında boğaz ağrısı, qızdırma və öskürək ən çox rast gəlinənləridir. Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnə bilər, bu isə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları azyaşlı və qoca insanlarda daha çox baş verir. Qrip səbəbiylə immunitet sistemi o qədər zəifləyir ki, digər infeksiyalara qarşı bir şey edə bilməz vəziyyət gəlir.Qrip digər qripə bənzəyən xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur və fərqli virusla yoluxma nəticəsində baş verir.
Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür. Qrip virusu gün şüası, dezinfeksiyaedici və təmizləyici vasitələrin təsiri altında aktivliyini itirir. Qrip virusu sabunun təsiri ilə aktivliyini itirdiyinə görə, mütəmadi olaraq əllərin sabunla yuyulması qripə yoluxma riskini azaldır. Qrip bütün dünyada mövsümi epidemiya şəklində yayılır və hər il orta hesabla 250.000 ilə 500.000 nəfər arasında insanın ölümünə səbəb olur. Böyük epidemiya olan illərdə isə illik insan ölümlərinin sayı bir neçə milyona çata bilər. Statistikaya görə ABŞ-da 1979-cu ildən 2001-ci ilə qədər hər il orta hesabla 41.400 nəfər qripdən vəfat edib.
Qripə qarşı peyvənd inkişaf etmiş ölkələrdə geniş yayılıb. Onlar mütəmadi olaraq insanlara və təsərrüfat quşlarına vurulur. Peyvəndnəticəsində əmələ gələn qrip insandan insana ötürülmür, həmçinin çox zəif gücə malik olur. Qrip virus sürətlə təkamül etdiyinə görə müəyyən bir il üçün tətbiq edilən peyvənd növbəti il təsirini itirə bilər.
Təsnifatı
Hal-hazırda qrip virusunun 2000-dən artıq variantı elmə məlumdur. Virus təsnifatına görə qrip virusu 3 tipə ayrılır. Bunlar A tipli Qrip Virusu, B tipli Qrip Virusu və C tipli Qrip Virusudur. A tipli qrip virusunun əsas daşıyıcıları su hövzələrində yaşayan vəhşi quş növləridir. A tipli Qrip Virusları ən təhlükəli viruslar sayılır və böyük epidemiyalara səbəb olan əsas viruslardır. Bunlara nümunə kimi 1918-ci ildə baş yayılan İspan Qripi və 2009-cu ildə yayılan Donuz Qripini göstərmək olar. Hər iki epidemiyaya A tipli qrip Virusuna aid olan H1N1 virusu səbəb olmuşdur. 2005-ci ildə yayılan Quş Qripi isə H5N1 virusu vasitəsilə yayılmışdır. Bundan başqa bu tipdə olan viruslara H2N2, H7N7, H1N2, H9N2, H7N2, H7N3, H10N7 virusları aid edilir.
B tipli Qrip Virusuna isə yalnız insanlar yoluxur və A tipli virusa nisbətən daha az rast gəlinir. Bu tip qripə yoluxan yeganə heyvan növləri suitilərdir. B tipli Qrip Virusu A tipli virusa nisbətən 2-3 dəfə daha aşağı sürətlə mutasiya edir, genetik olaraq daha az müxtəlifliyə malikdir, bu səbəbdən B tipli virusa qarşı immunitet insanlarda aşağı yaşlardan etibarən formalaşır.
C tipli Qrip Virusuna isə insanlarda, donuzlarda və itlərdə rast gəlinir. Bu virus tipi daha az yayılıb, yalnız lokal səviyyədə epidemiyaya səbəb ola bilir.
Strukturuna görə hər üç virus tipi bir-birinə oxşardırlar. Virus dənəciyinin diametri 80-120 nanometrə bərabərdir və sferik formaya malikdir. Qrip virusu yalnız canlı mühitə düşdükdə çoxalmaq qabiliyyətinə malik olur.
Yoluxma
Asqırma qripin yayılmasına səbəb ola bilər
İnsanın qrip virusu ilə yoluxması simptomların ortaya çıxmasından bir gün əvvəl başlanır və bu 5-7 müddətində davam edir. Həmin müddətdə qrip olan insan digər insanları da yoluxdurma qabiliyyətinə malik olur. Virusa yoluxmadan 2-3 gün sonra insan ətrafdakıları daha çox yoluxdurma ehtimalına sahib olunur, sonrakı günlər isə bu ehtimal azalmağa başlayır. Temperaturu daha yüksək olan insanlar adətən virusu daha çox yayırlar. Uşaqlar daha çox virusu yaymaq qabiliyyətinə malik olurlar, onlar yoluxmadan sonrakı iki həftə sonrakı müddət ərzində belə digər insanları bu virusa yoluxdura bilərlər. Qrip virusunun yayılmasının riyazi modelini qurmaq mümkündür, bu isə mütəxəssislərə qripin əhali arasında yayılma dərəcəsini təyin etməyə imkan verir.
Simptomları
Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilk simptomlar asqırma olur, lakin qızdırma da bura daxil edilir. Belə ki, yoluxmadan az sonra bədən temperaturu 38-39 °C kimi qalxır. Bəzi insanlar qripi çox ağır formada keçirir, günlərlə yataqda qalır, bütün bədəndə, xüsusilə ayaqlarda və beldə kəskin ağrılar keçirirlər. Qripin əsasən aşağıdakı simptomları olur:
- Qızdırma və titrəmə
- Öskürək
- Bədəndə ağrılar (xüsusilə boğaz və baş ağrıları)
- Halsızlıq
- Gözlərin yaşarması
- Gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması
Müalicəsi
Qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunur. Lakin qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejimində qalmalıdır. Vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır. Qripin qızdırmalı dövründə bol maye içmək məsləhətlidir, çünki yüksək qızdırması olan insan böyük həcmdə maye itirir. Xəstə olan otağın mütləq havası dəyışdirilməlidir. Qripə yoluxan insan mütləq spirtli içkidən və siqaretdən imtina etməli və çoxlu istirahət etməlidir. Oseltamivir (həmçinin Tamiflu da adlanır) və Zanamivir(Relenza) dərmanları qripin bədənə yayılmasının qarşısını aldıqları üçün effektiv dərman hesab olunurlar.
Proqnozu
Qrip virusu əleyhinə laboratoriyada aparılan araşdırmalar
Qripin təsiri zökəmə nisbətən daha ağır və daha uzunmüddətli olur. İnsanların çoxusu qripə yoluxduqdan bir və ya iki həftə sonra sağalırlar, lakin bəzilərində qrip həyat üçün təhlükəli olan başqa xəstəliklərə yol açır (məsələn sətəlcəm) Buna görə qrip azyaşlı, qoca, zəif və xroniki xəstəliklərə malik olan insanlar üçün ölümcül ola bilər. Siqaretçəkmə də qripdən ölüm riskini artıran amillərdən biridir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, "Hər qış dünyada on milyonlarla insan qripə yoluxur. Yoluxan insanların çoxu bir həftə ərzində iş və ya təhsildən kənarda qalırlar, lakin yuxarı yaş qrupuna aid insanlar xəstəlik nəticəsində ölüm riski altında qala bilərlər. Məlumdur ki, hər il dünyada yüm minlərlə insan bu xəstəlik nəticəsində dünyasını dəyişir. Lakin hətta inkişaf etmiş ölkələrdə belə ölən insanların qripdən yoxsa qripə bənzər digər xəstəlikdən öldüyünə dair dəqiq statistika aparılmır."
Tarixi
Qrip haqqında ilk yazılı məlumata təxminən 2400 il əvvəl qədim yunanalimi Hippokratın yazılarında rast gəlinir. Qrip bütün tarix boyu çoxlu epidemiyalara və kütləvi ölümlərə yol açsa da, baş verən bu faciələrə qrip virusunun və ya qripəbənzər digər tənəffus yolları xəstəliklərinə səbəb olan virusların səbəb olmasını təyin etmək çətindir. Xəstəlik Avropadan Amerikaya yayılmışdır. Belə ki, Xristofor KolumbunAmerikaya gəlişindən az sonra 1493-cü ildə Antil Adalarının demək olar ki, bütün əhalisi avropalılar tərəfindən gətirilmiş qrip virusuna yoluxma nəticəsində məhv olmuşdur. Digər bir qeydə alınmış epidemiya 1580-ci ildə Rusiyada başlamış və Afrika vasitəsilə Avropaya yayılmışdır. Nəticədə təkcə Roma şəhərində 8.000 insan həlak olmuşdur, İspaniyada isə bir neçə şəhərin əhalisi ümumiyyətlə məhv olmuşdur. 17-ci, 18-ci və 19-cu əsrlərdə də qrip virusu epidemiya şəklində yayılmış və çoxlu ölümlərə yol açmışdır. Lakin indiyə qədər elmə məlum olan ən böyük və dağıdıcı qrip virusu 1918-ci ildə yayılan və İspan qripi adı ilə tanınan H1N1 virusu səbəb olmuşdur. Bu virus 1 il ərzində davam edən epidemiyaya səbəb olub və 20 milyondan 100 milyona qədər insanın ölümünə səbəb olub. Bu tibb tarixində Qara ölümdən sonra qeydə alınan ən böyük epidemiya sayılır. İspan qripi, ona yoluxanların 2%-dən 20%-nə qədərinin ölümü ilə nəticələnirdi. Anomal şəkildə güclü təsirə malik olan bu virus hətta Arktikaya və Sakit Okeandakı adalara qədər geniş ərazilərə yayılmışdı.
Qriplə mübarizədə ən böyük uğurlardan biri də 1944-cü ildə ABŞ-da qripə qarşə peyvəndin kəşf olunması idi. Hal-hazırda qripə qarşı daha güclü vasitələrin hazırlanması üçün molekul səviyyəsində tədqiqatlar aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət