Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Qoruyucu maskadan istifadə etməkdən niyə çəkinirik?

Qoruyucu maskadan istifadə etməkdən niyə çəkinirik?
Sakura

Qoruyucu maskadan istifadə etməkdən niyə çəkinirik?

Tibbi maskalar ən vacib tibb ləvazimatlarından biri hesab olunur. Dünyanın əksər ölkələrində bu maskalardan geniş şəkildə istifadə edilsə də, təəssüf ki, bizdə hələ də bu ənənə formalaşmayıb. Qış aylarında kəskin virusların yayıldığı bir dönəmdə belə, insanlar buna məhəl qoymurlar. Məsələn, bu yaxınlarda şəhərin əksər yerlərində qatı toz dumanı ilə bağlı olaraq maskalardan istifadə edilməsinə dair xəbərdarlıq edildi. Amma demək olar ki, heç birimiz buna riayət etmədik. Ancaq əksər ölkələrdə belə hallar yaşanarkən, əhali kütləvi surətdə qoruyucu tibbi maskalardan yararlanır. Bizdə isə nədənsə, qoruyucu maskalara qarşı kompleks var. Görəsən bunun səbəbi nədir? Qoruyucu maskadan istifadə etməkdən niyə çəkinirik?

Həkim-terapevt Məlahət Abbasova deyir ki, tibbi maskalar infeksion xəstəliklərin hava-damcı yolu ilə orqanizmimizə düşməsinin qarşısını alır: “Bu maskalar həkimlər və digər insanların istifadəsi üçün nəzərdə tutulub. Xüsusilə, allergiya və həssaslığı olan insanların bu maskalardan istifadə etməsi vacibdir. Qoruyucu maskaların da müxtəlif növləri olur. Məsələn, elə sahələr var ki, orada  çalışan insanlar üçün nəzərdə tutulan maskalar 3-4 qatlı olur. Bu, toza və digər maddələrə qarşı daha yaxşı müdafiə olunmaq üçündür”.

Həkim deyir ki,  əslində bu maskalardan daimi şəkildə istifadə etmək məsləhət görülmür: “Çünki orqanizm bəzi infeksiyaları görüb tanımalıdır. Bu maskalardan infeksiyaların, virusların kəskinləşdiyi dövrdə istifadə etmək lazımdır. Xüsusilə, yaz və payız aylarında viruslar daha da aktivləşir. Bundan başqa, xəbərdarlıq edildiyi təqdirdə belə, maskalardan istifadə etməkdə fayda var. Amma davamlı olaraq bu maskalardan istifadə etməyə ehtiyac yoxdur. Çünki orqanizm hər şeyi görüb özününküləşdirməlidir. Yaxşı olardı ki, bədənin immun sistemi gücləndirilsin. Çünki viruslarla mübarizənin ən yaxşı yolu immun sistemini gücləndirməkdir”.

Sosioloq Lalə Mehralı deyir ki, qoruyucu  maskaları taxan insanlara qarşı bizdə münasibət birmənalı deyil: “İnsanlar maskalı insan görəndə qınayır. Fikirləşirlər ki, həmin insan hansısa yoluxucu xəstəliyin daşıyıcısıdır, ağır xəstəliyi var. Bununla da özündən yoluxmanın qarşısını alır. Buna görə də  həmin şəxsə yaxınlaşmaq istəmirlər. Metroda, avtobusda, ümumi ictimai nəqliyyatda heç kim həmin insanlarla yan-yana durmaq istəmir. Elə hesab edirlər ki, hava, tənəffüs yolu ilə ondan hansısa ağır bir xəstəliyə yoluxa bilər. Kimsə düşünmür ki, o, öz sağlamlığını qorumaq üçün maskadan istifadə edir. İnsanlar o qədər qıraqdakını qınamağa, irad tutmağa öyrəşiblər ki, kimdəsə elə bir şey görəndə, onun, ağır xəstəlik daşıyıcısı olduğunu hesab edirlər. Mənim yaxın tanışımın 8-9 yaşlı uşağı xərçəngdən müalicə alırdı. İctimai nəqliyyata minəndə anası onun ağzına maska keçirirdi. Ətrafdakılar uşağa yaxın durmaq istəmirdilər. Hətta uşaq oturanda yanındakılar bir az kənara çəkilirdilər. Düşünürlər ki, uşaq hansısa ağır xəstəliyin daşıyıcısı olar və bu da yoluxar. Düşünmürlər və məlumatlı deyillər ki, insan ətrafdakı mikroblardan qorunmaq üçün o maskalardan istifadə edir. Biz bilirik ki, xərçəng müalicəsi çətin olan  və ətrafdakı mühitdən qorunması vacib olan xəstəlikdir. Körpə uşağın mikroblardan, viruslardan qorunması üçün ictimaiyyət içinə çıxanda maskalanması vacibdir. İnsanlar bunu bilmədiyi, məlumatlı olmadığı üçün onun özünün xəstəlik daşıyıcısı olduğunu və ətrafa virus yaydığını düşünürlər. Biz bilirik ki, bu, belə deyil. Xərçəng xəstəsi hava, tənəffüs yolu ilə xəstəliyini yoluxdura bilməz. Hər şeyin başında məlumatsızlıq və savadsızlıq dayanır. İnsanlar öz sağlamlığına olduqca biganədirlər. Demək olar ki, öz sağlamlıqları barədə heç nə düşünmək istəmirlər. Kimsə kiminləsə küçədə rastlaşanda öpüşür, görüşür, onun hansısa xəstəlik daşıyıcı olduğunu fikrinə də gətirmir. Amma ağzında maska, sağlam bir insan gördükdə onun xəstə olduğu qənaətinə tez varırlar”.

Sosioloq hesab edir ki, maskalardan istifadə yoluxucu xəstəliklərin qarşısını müəyyən dərəcədə alır: “Məsələn, bu maskalar vərəm çöplərinin qarşısını ala bilər. Adi allergik xəstəliklər ola bilər ki, insan özünü ətrafdan qorusun. Toza qarşı allergiyası olan insanlar maskadan istifadə etməklə, öz sağlamlıqlarını təmin etmiş olurlar. Əgər vərəmli bir xəstə ictimaiyyət içinə çıxanda tez-tez asqırır və öskürürsə və bununla ətrafına xəstəlik yaydığının fərqinə vararaq maska taxırsa, biz onu yalnız alqışlaya bilərik. Çünki o, özü ilə bərabər ətrafın bu xəstəliyə yoluxmasını istəmir,  cəmiyyətə verəcəyi xəstəliyin fərqindədir. Mən çox adam tanıyıram ki, vərəm xəstəsidir, amma öz övladı ilə bir boşqabdan yemək yeyir. Övladı ilə üzbəüz oturub asqırır, öskürür. Yəni, vərəm  çöplərinin yayılmasının bir növ səbəbkarı olur. Maskalardan istifadə etməklə, insan həm öz ətrafını, həm cəmiyyəti xəstəliklərdən sığortalamış olur. Üstəlik, bu maskalar xəstə olmayan insanları xəstəlikdən qorumuş olur. Yoluxucu xəstəliklərin yayılma arealını nəzərə alsaq, bu, çox faydalıdır. Təbii ki, cəmiyyətin damğası bizə icazə versə. Biz qınaqdan, iraddan özümüzü qoruya bilmirik. Mental dəyərlərimiz də elədir ki, irada, qınağa çox tez təslim oluruq”.

 

 

Şəbnəm Mehdizadə

Mənbə: Gəncailə.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR