Son zamanlar eniş edən təyyarələr küləyin sürətinin daha güclü dəyişikliyinə məruz qalır
İngiltərənin Redinq Universitetinin alimləri iddia edirlər ki, qlobal istiləşmə aydın səmada turbulentliyin artmasına səbəb olacaq, bu isə aviasərnişinlər üçün böyük təhlükədir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Washington Post yazır.
Tədqiqatçılar aşkar ediblər ki, Arktikada istiləşmə stratosferin aşağı qatında havanın temperatunu aşağı salır. Bununla eyni zamanda ekvator üzərində troposferin yuxarı hissəsi qızır.
Ekvatorla qütblər arasındakı temperatur fərqi nə qədər yüksək olarsa, Şimali Atlantika üzərindən qərbdən şərqə doğru yüksək hava axınları da bir o qədər güclü olur. Troposferin aşağı hissəsində əks-tendensiya yaranır: temperatur mülayimləşir və hava axını zəifləyir.
Hər iki proses bir-birini kompensasiya etsə də, son zamanlar küləyin sapmasının gücləndiyi müşahidə olunur: atmosferin nisbi kiçik hissəsində küləyin istiqaməti və sürəti əhəmiyyətli dərəcədə dəyişir. Yuxarı hava axını dəyişmir, aşağı isə zəifləyir. Beləliklə, eniş edən təyyarələr küləyin sürətinin daha güclü dəyişikliyinə məruz qalır. 1979-cu ildən etibarən küləyin şaquli yerdəyişməsi 15% artıb.
İqlim modelləri XXI əsrin ortalarına doğru turbulentliyin aydın səmada 2-3 dəfə artacağından xəbər verir. Bu hal aviaqəza törətməsə də, sərnişinlərin və ekipaj üzvlərinin ciddi zədələr almalarına səbəb ola bilər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət