Slimfit
  1. ARXİTEKTURA

Qız qalası

Qız qalası
Sakura

Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsi

Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsi. Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür. Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

Daşdan hörülmüş bu tavanların ortasında dairəvi deşiklər vardır. Deşiklər şaquli xətt istiqamətindədir. Belə ki, VIII mərtəbənin tavanının ortasında olan dairəvi deşikdən baxdıqda birinci mərtəbənin döşəməsini görmək mümkündür. Qalaya yeganə giriş yolu onun qərb tərəfində, yerin əvvəlki səthindən 2 m hündürlükdə və 1,1 m enində olan tağlı qapı yeridir.

Azərbaycanın emblemlərindən biri olan Qız qalası Azərbaycan pul əskinaslarının üstündə də dəfələrlə təsvir edilmişdir.

Son illərdə Qız qalasında və onun ətrafndakı meydanda hər il Novruz bayramı şənliklərinin keçirilməsi ənənəsi yaranmışdır

Tarixi

Tikilməsi

Tikilmə çağı ətrafında mübahisələrin heyrətləndirici böyük zaman intervalı çərçivəsində aparılması baxımından memarlıq tarixində Qız qalası ilə müqayisə edilə biləcək abidə yoxdur. Belə ki, abidənin yaşının Şumer dövründən başladığını iddia edən mütəxəssislər də var, XII yüzildə tikildiyini sübut etməyə çalışanlar da. Burda zaman fərqi tikilmə tarixi bilinməyən başqa abidələrdə olduğu kimi bir neçə il deyil, hətta bir neçə əsr də deyil, 3.000 ildən artıqdır.

Qala divarları üzərindəki bir kitabədə ərəb dilində bu sözlər yazılmışdır: "Davudun oğlu Məsudun qülləsi". Bəzi tədqiqatçılar bu şəxsin Qız qalasını tikdirən feodal hakim olduğunu ehtimal edirlər. Lakin bu cür lokanik məzmunlu kitabələrdə adətən memarların adının qeyd edildiyi nəzərə alınsa, "Davudun oğlu Məsud"un Qız qalasını inşa edən memar olduğunu söyləmək mümkündür. Kitabənin yazı üslubu və xətti XII əsr yazısına yaxın olduğuna görə Qız qalasının məhz bu dövrdə tikildiyi ehtimal edilir. Digər tərəfdən bir çox alimlərin fikrinə görə Kufi yazılarından X-XII əsrlərdə istifadə olunduğu üçün Qala (üst qatı) həmin əsrlərdə inşa olunub. Lakin, bəzi alimlər bu fikirlərin səhv olduğunu iddia edirlər. Daşların qatışıq məhlulundan – əhəng qarışığından istifadə olunmasından İlyas Babayev, Qara Əhmədov kimi arxeoloqlarımız müəyyən nəticəyə gəliblər. Onlar Qəbələdəki birinci minilliyin ilk əsrlərinə aid edilən abidəni əsas götürüblər. Orada da abidə eynən belə əhəng qarışığı ilə tikildiyindən, Qız Qalasını da antik dövrə aid ediblər. Bu fikri Sara xanım Aşurbəyli də təsdiq edib.

Funksiyası

Qız qalasının tikilmə tarixi kimi funksiyası barədə də irəli sürülən mülahizələrin bir çoxu inandırıcı arqumentlərə arxalandığı halda, fərziyyə və uydurmadan irəli getməyəni də var. SSRİ dövrü mətbuatında yayılan Qız qalasının guya Roma imperatoru Domisianın (I əsr) şərəfinə ucaldılmış "Kesar məbədi" olması haqqında yayılan informasiya bu cür, heç bir tarixi, elmi əsası olmayan, tendensiyalı uydurmadır.

Funksiyaca Qız qalasının zikkuratın Abşeron variantı, atəşpərəstlik məbədi, sükut qülləsi, göz qülləsi, rəsədxana, passiv müdafiə tikilisi və s. olması haqqında ziddiyyətli fikirlər irəli sürülmüşdür. Prof. Cəfər Qiyasi qeyd edir ki,

"Qız qalasının əvvələr hansı məqsədlə inşa edilməsi üzərində dayanmadan demək olar ki, abidədə uzunmüddətli passiv müdafiə üçün tikilmiş qüllə tippli qalaların səciyyəvi cəhətləri var: divarları çox qalındır (aşağıda 5 m, yuxarıda 4 m) , qülləyə basqını çətinləşdirmək üçün birinci və ikinci mərtəbə arasında pilləkən quraşdırılmayıb, divarı içərisində ağzı üçüncü mərtəbəyə açılan su quyusu qurulub, gövdəsinə bitişik bürclü qala divarı gedir və s. Ən başlıcası isə iç məkan quruluşu baxımından Qız qalası Abşeron qəsrlərinin dairəvi qüllələri ilə bir olub, onlardan kəmiyyətcə – böyük hündürlüyü və mərtəbələrinin çoxluğu ilə seçilir."

Qalanın 1870-ci ildə çəkilmiş fotosu

 

Abidənin quruluşuna əsaslanaraq onun tarixini qədim dövrlərə çəkib aparan tədqiqatçılar Qalanın Zərdüşt dövrü – Zərdüşt daxması, atəşpərəstlik məbədi, Mitravə Anahita ilahələri ilə əlaqədar tikili olduğunu söyləyirlər. Bu tədqiqatçıların ehtimalına görə atəşgah məbədi olan Qız qalası e.ə. VIII-VII əsrlərdə Kaspiana və Midiyanın bürclü məbədlərinin təsirilə Xəzər dənizi sahilində, təbii yanan atəşlərin arasında məhz qədim od şəhəri "Atəşi Baquan"da tikilə bilərdi.

Bir çox alimlərin fikirlərinə görə, Qız qalasının Çıraqqala müdafiə qalasına bənzərliyini əsas götürüb onun Gilgilçay müdafiə sisteminə aid olduğunu da söyləmək olar. Qız Qalasının Şimal-Şərqi Albaniyanın müdafiə qalalarındakı memarlıq elementləri ilə oxşarlığını qeyd edərək onu eramızın V-VI əsrlərinə də aid edən mütəxəssislər də vardır. Tarixdən məlumdur ki, Qafqaz Albaniyasının cənub şəhərlərindən sayılan Bakı, Sasanilərin təsiri altında idi. Ehtimal etmək olar ki, Qız qalası Sasani imperiyasının, şimaldakı mərzbanlığında, məhz Albaniya ərazisində tikdirdikləri müdafiə sisteminə daxil idi.

Əsrlər boyu müxtəlif döyüşlərdə zərər görmüş Qız qalası tədricən bərpa edilərək orta əsrlərdə, Bakı Qala divarı ilə bərabər şəhərin müdafiə işinə xidmət etmişdir. Bunu abidənin tikinti quruluşundakı dəyişikliklər də sübut edir. Qala elə bir formadadır ki, şəhər düşmən tərəfindən fəth edildikdə dövrün hökmdarı və ya ona yaxın olan adamlar qalanın qapılarını bağlayaraq uzun müddət müqavimət göstərə bilsinlər. Bütün bunlar müdafiə əhəmiyyətli qalalar üçün xarakterik olduğuna görə hər hansı məbəd, gözətçi qülləsi və ya rəsədxana üçün belə müdafiə tədbirlərinin tətbiqi zərurət təşkil edə bilməz.Əlbəttə abidədən öz dövrünə görə məqsədyönlü istifadə edilməsi təkzib edilmir. Qız qalasının Abşerondakı müdafiə tipli möhtəşəm qalalara (Mərdəkan, Ramana, Şüvəlan, Nardaran qalaları) bənzərliyini qeyd etmək olar.

Memarlıq xüsusiyyətləri

Stamp of AzSSR-Qız qalası-50r.jpgStamps of Azerbaijan, 2003-655.jpg

Ucalığı və bayır görkəmi ilə Abşeronun, eləcə də bütün Azərbaycanın müdafiə qüllələri içərisində tayı olmayan Qız qalası, daha çox planının bənzərsiz biçimi ilə diqqəti cəlb edir. Bu bənzərsizliyi dairəvi qülləyə bitişik çıxıntı əmələ gətirmişdir. Çıxıntını araşdırmaçılar gah kontrfors – dayaq divarı, gah dalğaqıran, gah da gizli xəzinə yeri saymışlar. C. Qiyasi qeyd edir ki, funksiyası dəqiqəşdirilməyən bu ayrıntının üstü qala müdafiəçiləri üçün əlavə döyüş yeri də ola bilərdi.Abşeron qalalarının bütün müdafiə gücü onların damlarında toplanırdı və qalaya edilən basqınlara müqavimət başlıca olaraq qüllələrin yastı damlarından aparılırdı. Qız qalasında çıxıntının dairəvi qüllə ucalığında qalxması, onların üst meydançaları arasında vaxtilə birbaşa bağlılığın olduğunu göstərir. Çıxıntı həm də qalaya ən çox hücum gözlənən şərq tərəfdən qoyulmuşdur. Azərbaycan memarlığında, qala tikintisində müdafiəni gücləndirmək üçün irəli çıxarılmış qurğuların varlığına başqa örnək olaraq Cavanşir qalasını göstərmək olar.

Abşeron qəsrlərinin qüllələrində olduğu kimi Qız qalasında da uca silindrik tutum bayırda aşağıdan yuxarıya doğru yüngülcə daraldığı halda, içəridə əksinə mərtəbələr yuxarı qalxdıqca genişlənir (birinci mərtəbədə iç diametr 6,25 m, sonuncu mərtəbədə 7,0 m). Bu yolla qalanın mühəndis və baxış dayanıqlığı güclənir.

Qız qalası nəhəng qaya üzərində tikilmişdir. Ən uca tutum-hündürlüyü 30 metrə çatan dairəvi qüllə enişli sal qayanın yuxarısında yerləşir. Qüllədən ayrılan çıxıntı bir az alçaqdır. Çıxıntının uca və qalın daş kütləsi qüllənin çevrəsinə toxunandır. Sanki çıxıntı burularaq qüllə silindrinə çevrilir. Kənardan və yuxarıdan baxdıqda isə bu doqquz görüntüsü yaradaraq binanın "9" şəklində tikilməsi effektini verir.

Qüllə çıxıntısının üst hissələrinin qabarıq üfüqi daşı sıraları ilə plastik üzlənməsi (bu sıralar arası çökəkliklər ilkin çağında ağ əhəng kütləsi ilə dolu olub.) səthlərdə özümlü bədiilik, spiralvari əlavə hərəkət yaradır. Qız qalasının görkəmində dinclik və gərginlik üzvi şəkildə birləşərək yenilməzlik, alınmazlıq rəmzi yaratmışdır. Bakı Qız qalası dahi sənətkar bacarığının güclü bədiilik dərəcəsinə yüksəltdiyi, əzəmət simvoluna çevirdiyi sadəlik nümunəsidir.

Qalanın birinci mərtəbəsinin hündürlüyü 3, digər mərtəbələrin hündürlüyü isə orta hesabla 2,5 m-dir. Mərtəbələrarası əlaqə qalanın cənub-şərq divarının içərisində düzəldilmiş pilləkənlər vasitəsilə saxlanır. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında əlaqə yaratmaq yalnız tavanda olan dairəvi deşikdən nərdivan və ya ip vasitəsilə mümkündur. Qalanın qapısı keçmişdə bir neçə qatdan ibarət olmuşdur. Uzunluğu qala divarının eni qədər olan qapı yerinin tağlı tavanında qalmış tikinti qalıqları bunu sübut edir. Bundan əlavə, qapının ağzında keçmişdə bir neçə quyu da olmuşdur. Beləliklə, Qız qalasına orta əsrlərdə daxil olmaq istəyən hər kəs həmin quyuların yanından ehtiyatla keçərək, nərdivan vasitəsilə qapıya qalxmalı, giriş yolu üzərində olan qapılardan keçməli və nəhayət birinci mərtəbəyə çatmali idi. Ortadakı deşikdən yuxarı mərtəbələrə qalxmaq üçün ip nərdivandan istifadə olunurdu.

Qalanın cənub və cənub-şərq tərəflərini, xüsusilə dənizi nəzarət altında saxlamaq üçün mazğallar düzəldilmişdir. Bunlar qalanın içərisinə təmiz hava daxil olmaq işinə də xidmət etmişdir. 1962- 1963-cü illərdə qalanın birinci mərtəbəsinin döşəməsində arxeoloji qazıntı işləri aparılmışdır. 5 m dərinliyə qədər davam etdirilən həmin qazıntı nəticəsində məlum olmuşdur ki, abidənin bünövrəsi dəniz tərəfə enişli olan nəhəng bir qayanın üzərində tikilmişdir. Buradan belə bir nəticəyə gəlmək olur ki, abidəyə dəniz tərəfdən bitişik olan kontrfors həmin enişin qarşısında qalaya əsas dayaq rolunu oynamışdır.

1964-cü ildə qalada tədqiqat işləri aparılan zaman bünövrədən 14 m hündürlükdə içəriyə doğru uzanan böyük ağac tirlərin olduğu müəyyən olunmuşdur. Onların nə məqsədlə istifadə edilməsi məlum deyil. Ola bilsin bu tirlər kontrforsun içində gizli bir tikinti ilə əlaqədardır və ya zəlzələyə qarşı amortizasiya rolunu oynamışdır. Dəqiq hesablama əsasında müəyyən edilmişdir ki, qalanın divarının eni bünövrə hissədə 5 metrdirsə, yuxarı hissəsində təqribən 4,5 mertdir.

Qız qalasının tikinti quruluşunda maraqlı cəhətlərdən biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusudur. Diametri 0,7 m olan bu quyu qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılmışdır. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olmuşdur ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunmuş, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilmişdir. Quyunun ağız hissəsi Qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 m davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər. Onun şimal və cənub divarında enib qalxmaq üçün 10-12 sm dərinlikdə ayaq yerləri vardır. Quyunun 12 m dərinliyində divar genişlənir. Qız qalası və Şirvanşahlar Sarayı arasında gizli yeraltı yolun məhz su quyusunun aşağı hissəsindən başlanması ehtimal olunur.1982-ci ildə İçəri Şəhərin şərq tərəfində aparılan genişmiqyaslı arxeoloji qazıntılar nəticəsində aşkar edilən ilk yeraltı yol orta əsrlərdə Bakının mərkəzi ticarət küçəsi sayılan Şamaxı Qala qapısından başlayıb Salyan darvazasına doğru gedən baş küçənin şərq tərəfində şimal-cənub istiqamətində yerləşir. Maraqlıdır ki, yolun xətti XIV əsrdə tikilmiş Multani karvansarasının altından keçərək Qız qalasına doğru gedir.

Qalanın cənub-qərb tərəfdəki divarı daxilində ikinci mərtəbədən başlayaraq yeddinci mərtəbəyə qədər daşdan səliqə ilə hörülmüş, quyu formasında şırım (oyuq) vardır. Hər mərtəbədə həmin şırım olan yerdə yarımdairə şəklində taxça açılmışdır. Şırımın içərisinə uzunluğu 40-45 sm, diametri 25-30 sm, divarının qalınlığı isə 2,2 sm olan saxsı tünklər yuxarıdan aşağıya doğru bir-birinin içərisinə geydirilməklə yerləşdirilmişdir. Tünklərin bir-birinə geydirilmiş hissələri (çöl tərəfi və divarının xarici) əhəng məhlulu ilə möhkəmləndirilmişdir. Birinci mərtəbədən başlayaraq qalanın özül hissəsinə qədər gedən tünkləri 22 x 18 sm ölçüdə dördkünc formalı saxsı novçalar əvəz edir. Həmin novçalar divarın içərisi ilə bayıra yönəlir. Saxsı tünklər və novçalar üzərində dulus çarxının izləri aydın görünür.

Qız qalasının kənardan görünüşü

 

Qız qalasının planı. Dəniz göy rənglə qeyd olunmuşdur.

 

Tədqiqi

Qız Qalasının daxili interyeri, daş döşəməli mərtəbə qatı

Qalada təşkil edilmiş muzeydə Azərbaycan xalqının etnoqrafiyasını əks etdirən eksponatlar

 

Qız qalasının arxeoloji tədqiqinə keçən əsrin 20-ci illərinin əvvəllərində başlanılmışdır. Professor Zummerin rəhbərliyi altında bir qrup tələbə Qız qalasında arxeoloji qazıntılar aparmışdır 

Tarixi və funksiyası məsələlərində bu qədər çaşğınlığın yaranmasının başlıca səbəbi Qız qalasının yazılı qaynaqlarda birbaşa anılmamasıdır. Orta əsr müəllifləri içərisində Bakı abidələrinin təsvirinə mühüm diqqət ayırmış Arif Ərdəbilinin "Bakı qəbristanlığında elə bir günbəd var ki, onu hər kim görsə heyrətdən əl çalar" kimi dəqiq ünvanı olmayan, yayğın məlumatlar isə bu məsələlərə heç bir işıq salmır.

Qız qalasının bayır səthində yerdən 14 m ucalıqda olan kiçik bir kitabə də araşdırmaçılar arasındak mübahisəni kəsə bilməmişdir. Birincisi ona görə ki, kitabə Dairəvi Mərdəkan qalası və Nardaran qalasında olduğu sayaq üzlük hörgüyə üzvi daxil edilməmişdir və bu səbəbdən də mütəxəssislərin əksəriyyəti onun sonradan divara quraşdırıldığını qəbul edirlər. İkincisi analogiyası olmadığından kitabənin mətni – "Məsud Davud oğlunun qübbəsi" (başqa bir oxunuşa görə qülləsi) çətin izah olunur. Belə ki, Abşeron qalalarının sahibləri – sifarişçiləri çox varlı, nüfuzlu, başlıca olaraq yüksək vəzifəli dövlət adamları olduğundan kitabələrdə özlərinin dəbdəbəli titullarını sayıb "tikdirmişdir", "tikməyi əmr etmişdir" ifadələri ilə tikintidəki rollarını konkret göstərirlər. Belə kitabələr arabir, məsələn Dairəvi Mərdəkan qalasında olduğu kimi "sahib" sözüylə başlıyır.

Qalaların müəlliflərinə gəldikdə çox yığcam kitabələrdə onların adları önündə "əməlidir", "ustad", "memar" sözləri yazılırdı. Qız qalasının kitabəsinin Abşeronun monumental xəttatlıq ənənələrində bənzəri tapılmadığından Məsud Davud oğlunu araşdırmaçıların bir qismi XII yüzildə yaşamış Səlcuq bəyi ilə eyniləşdirir, bəziləri isə bakılı memar hesab edirlər.

Kitabənin xətti üslubca XII yüzilə aid edilsə də, Qız qalasının həmin çağda tikilməsi fikrini bir çox mütəxəssislər qəbul etmirlər. Çünki başqa Abşeron qalalarında tikinti zamanı hakimiyyətdə olan Şirvanşahböyük təntənə və dəbdəbə ilə kitabələrdə göstərildiyi halda, Abşeronun ən möhtəşəm abidəsində belə kitabə göstəricisi yoxdur. Bu səbəbdən Qız qalasının Şirvanşahlar çağında ucaldılması fikri birmənaı olaraq rədd edilmişdir. Şirvanşahlar olsa-olsa XII yüzildə bu qədim abidədə bərpa və yenidənqurma işləri aparmışlar. Qız qalasının ilkin olaraq hansı məqsədlərlə inşa edilməsi məsələsi müəyyən edilməsə də, abidənin XII yüzildən Bakının müdafiə sisteminə daxil olduğu və Şirvanşahların ən möhkəm qalalarından olan Bakı qalasının baş qülləsi rolunu oynadığı mütəxəssislər tərəfindən qəbul edilmişdir.

İçərişəhərin şimal-şərq küncündə yerləşən qalanın miflər və əfsanələrlə əhatə olunmuş tarixi müxtəlif sivilizasiyalar və xalqlarla əlaqələndirilir. Lakin bununla belə ərazidə ilk insan məskunlaşmasının Paleolitdövrünə təsadüf etməsi sübut edilmişdir.

Bakının tarixi və memarlıq abidələri haqqında geniş tədqiqatların müəllifi olan prof. Sara xanım Aşurbəyli qalanın özülünün qayanın 15 m dərinliyinə qədər getdiyini qeyd etməklə yanaşı, onun IV – VI əsrlərdə inşa edilməsi ehtimalını da irəli sürmüşdür. Tanınmış alim akademik Bretanski də qalanın V – VI əsrlərdə inşa edilməsi ehtimalını qeyd etmişdir

Qız qalasının yeganə giriş qapısı

Poçt markası (2010)

 

Qız qalası ətrafında qazıntılar haqqında

Belə bir fikir söylənilmişdir ki, Qız qalası Abşeronun başqa müdafiə tikintiləri kimi qala rolunu oynamış, şəhərin müdafiəsi üçün istifadə edilmişdir . Həmin abidənin dini səciyyə daşıması haqqında da fikirlər var . Başqa bir fərziyyə isə Qız qalasının rəsədxana kimi istifadə olunmasını irəli sürür .

Qız qalası ətrafında aparılan qazıntılar zamanı üzə çıxarılmış monumental binanın zirzəmisinin tədqiqi də maraqlı tapıntılardan olub, şəhər memarlığının bəzi mübahisəli məsələlərinə aydınlıq gətirmək üçün mühüm elmi əhəmiyyət kəsb edir 

Dini xarakterli tikili qalıqları da 1998-ci ildə Qız qalası ətrafında aparılmış arxeoloji qazıntı zamanı üzə çıxarılmışdır. Qız qalasının ətrafında aparılan qazıntı zamanı Bakının qədim memarlıq abidələrindən biri, X əsrə aid edilən məscidin qalıqları üzə çıxarılmışdır

Bərpası

Abidədə müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə bərpa işləri aparılmışdır. İlk bərpa işlərinin Şirvanşahlar dövləti zamanında aparıldığı güman olunur. Daha sonra Bakı xanlığıdövründə qalanın möhkəmləndirilməsi məqsədiylə bərpa işlərinin aparılması müəyyən edilmişdir. Abidədə geniş bərpa və tədqiqat işləri Azərbaycan SSR qurulduqdan sonra aparılmışdır. 1963-1965-ci illərdə qala ətraflı tədqiq edilmiş, prof. Əhmədov tərəfindən birinci mərtəbədə və qalanın ətrafında arxeoloji qazıntılar aparılmış, qala divarının içində yerləşən su quyusu kəşf edilmişdir. 2000- ci ildə İçərişəhər Bakı qalası və Qız qalasıyla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınmışdır. Elə həmin il Bakıda baş verən zəlzələdən sonra qala 2004-2009-cu illərdə abidə Təhlükədə olan Ümumdünya İrsi abidələri siyahısına salınmışdır. Bundan sonra abidənin bərpası və qorunmasıyla bağlı əlavə tədbirlər keçirilmiş və UNESCO-nun 1 fevral 2010 – cu il tarixində keçirilən sessiyasında qala təhlükədə olan abidələr siyahısından çıxarılmışdır.

Mədəniyyətdə

Qız qalasıyla bağlı əfsanə Azərbaycanda bir çox poema və teatr tamaşalarının mövzusu olmuşdur. 1940-cı ildə böyük bəstəkar Əfrasiyab Bədəlbəyli həmin əfsanənin motivləri əsasında ilk Azərbaycan baleti olan Qız qalası baletini yazmışdır.Balet ilk dəfə Azərbaycan Dövlət Opera və Balet Teatrında səhnələşdirilmişdir.

Qız qalası baletinin premyerası zamanı Q. Almaszadə Gülyanaq, və K. Bataşov isə Polad rolunda

 

Maiden-tower-baku.jpg

 

Qız qalası 1992-2006-cı illərdə 1 və 250 manatlıq[32], 2006-cı ildən 10 manatlıq və 5 qəpiklik pul əskinaslarında təsvir edilmişdir.

2010-cu ildən etibarən, hər il Qız Qalasının yaxınlığında Heydər Əliyev Fondunun, "Qız Qalası" Bədii Qalereyasının, Bakı Müasir İncəsənət Muzeyinin və "İçəri şəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun təşkilatçılığı ilə beynəlxalq "Qız Qalası" Beynəlxalq incəsənət festivalı keçirilir.

Xaricdə tanınması

2015-ci ilin fevral ayında Yaponiyanın Hokkaydo adasında rəsmi açılışı olan 66-cı Sapporo qar fiqurları festivalında Azərbaycan qardan düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları ilə təmsil olunmuşdu. Sapporo şəhərinin mərkəzində yerləşən Odori parkında təşkil edilmiş festivalda qar və buzdan düzəldilmiş müxtəlif ölçülü 207 heykəl nümayiş etdirilir. Onlar dünyanın müxtəlif ölkələrindən gəlmiş heykəltəraşlar tərəfindən düzəldilib.

Azərbaycanı festivalda ilk dəfə Hokkaydo Universiteti Xarici Tələbələr Assosiasiyasının prezidenti Əlibəy Məmmədovun təşəbbüsü ilə düzəldilmiş Qız qalası və milli geyimli insan fiqurları təmsil edilmişdi. Festival yalnız Yaponiyada deyil, bütün dünyada populyarlığı ilə seçilən qış tədbirlərindəndir. Hər il bu festivalı yerli sakinlərlə yanaşı, xarici ölkələrdən gəlmiş iki milyondan çox insan ziyarət edir

 

Qalereya

Azərbaycan manatında Qız qalası təsvirləri

1992-ci ildə buraxılmış əskinazlar

1992-ci ildə buraxılmış 1 manatlıq əsginas

1992-ci ildə buraxılmış 10 manatlıq əsginas

1992-ci ildə buraxılmış 250 manatlıq əsginas

 

 

1993-cü ildə buraxılmış əskinazlar

1993-cü ildə buraxılmış 1 manatlıq əsginas

1993-cü ildə buraxılmış 5 manatlıq əsginas

1993-cü ildə buraxılmış 10 manatlıq əsginas

1993-cü ildə buraxılmış 50 manatlıq əsginas

1993-cü ildə buraxılmış 100 manatlıq əsginas

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR