Qış üçün odun neçəyə satılır?
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Meşə Təsərrüfatı Mərkəzləri soyuqların düşməsinə qədər qazlaşdırılmamış kəndlərin əhalisinin odunla təmin olunmasına start verib. Artıq hər bir bölgə üzrə Regional Meşə Təsərrüfatı Mərkəzləri tədarük olunan odun dəyəri ödənilmək şərtilə təyin edilmiş ünvanlarda odun satışını həyata keçirir.
Maraqlıdır, bəs qazlaşdırılmamış kəndlərin sakinləri qışda qızınmaq üçün odunu neçə manata əldə edir?
Mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentindən Axar.az-a bildirilib ki, oduncağın qiyməti Regional Meşə Təsərrüfatı Mərkəzləri tərəfindən tənzimlənir:
“Hər region üzrə qiymət fərqlidir. Bu da bölgələrə əsasən yox, hər bölgə üzrə fəaliyyət göstrərən Regional Meşə Təsərrüfatı Mərkəzlərinin oduncağı daşıdığı məsafəyə əsasən dəyişir. Qiymətə həmçinin oduncağın çeşidlənməsi və cinsi də aiddir. Bu səbəbdən hər region üzrə qiymət fərqli ola bilər.
Regional Meşə Təsərrüfatı Mərkəzləri dağdan odunu özləri tədarük edir. Bunun daşınmasını da özləri həyata keçirir və odunu yaşayış məntəqələrinin yaxınlığına qədər daşıyır. Odunun daşınma məsafəsinə, sərf edilən yanacağın miqdarına görə qiymət dəyişə bilər. Oduncağın bir kubunun qiyməti maksimum 20 manat da ola bilər, 15 manat da ola bilər. Yəni qiymət standart olmur. Daşınma məsafəsi, xərclənən yanacaq, çeşidlənmə hamısı qiymətə təsir edən amillərdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət