Qırğızıstanda qızqaçırmaya görə cəzalar sərtləşdirilib
Qırğızıstanda nikah bağlamaq məqsədilə qızqaçırmaya görə həbs cəzasının müddəti 7 ildən 10 ilədək artırılıb.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə “Dünyanın qadın bankı” qeyri-hökumət təşkilatının lideri Gülsanə Abıtova məlumat verib.
“İlin əvvəlindən qüvvəyə minən yeni Cinayət Məcəlləsində 18 yaşına çatmayan qızları qaçıran və onları nikah bağlamağa məcbur edən şəxslər üçün cəzalar sərtləşdirilib”, - deyə Gülsanə Abıtova bildirib.
İndi qız qaçıran şəxsləri 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Onları nikah bağlamağa məcbur edənlər isə 200 min som (3 min ABŞ dollarından çox) cərimə ödəməli olacaqlar.
Hüquq-müdafiə təşkilatlarının məlumatına əsasən, hər gün Qırğızıstanda 30 qızqaçırma hadisəsi qeydə alınır, il ərzində isə onların sayı 10 mini ötür. Ölkənin şəhərlərində nikahların 20 faizi, kənd yerlərində isə 60 faizə yaxını bu yolla bağlanır. Qeydə alınan nikahların təxminən 60 faizi qızın iradəsindən kənar baş verir.
2018-ci ilin mayında BMT-nin Qırğızıstandakı nümayəndələri respublika hakimiyyətini qadınların nikah bağlamağa məcbur edilməsi praktikasına son qoymağa və onları zorakılıqdan qorumaq üçün tədbirlər görməyə çağırıb. Bundan sonra ölkə hakimiyyəti bu növ cinayətlərə görə cəzaların sərtləşdirilməsinin zəruriliyini bəyan edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət