Slimfit
  1. DÜNYA

Qələmi ilə Amerikanı ikiyə bölən qadın-Harriyet Biçer

Qələmi ilə Amerikanı ikiyə bölən qadın-Harriyet Biçer
Sakura

Qələmi ilə Amerikanı ikiyə bölən qadın-Harriyet Biçer

Qələmi ilə Amerikanı ikiyə bölən qadın-Harriyet Biçer

Harriyet Biçer 1811-ci il, iyunun 14-də ABŞ-ın Konnektikut ştatının Litchfield qəsəbəsində dindar bir ailədə anadan olub. Atası onu 8  yaşında ikən miss Sarah Pierce məktəbinə qoyur. 5 il burada oxuduqdan sonra 13 yaşında ikən bacısı Yekaterina tərəfindən əsası qoyulan Hartford Qız Akademiyasına daxil olur. Akademiyada təhsil aldığı müddətdə o, fransız, italyan və latın dillərini öyrənir.

1833-cü ildə “Vestern Monthly Magazine” adlı bir dərgidə nağıl müsabiqəsinin keçirildiyi barədə elan oxuyur. Hər zaman qəlbində yazmağa böyük bir həvəs duyan Harriyet kiçik bir nağıl yazaraq müsabiqəyə göndərir. Və heç gözləmədiyi halda müsabiqədə birinci yeri tutur. 1834-cü ilin aprel ayında onun bu nağılı “Vestern Monthly Magazine”də dərc olunur. Bu, Harriyeti yazmağa daha da həvəsləndirmişdi.

1836-cı ildə özündən 9 yaş böyük olan professor, din xadimi, həm də köləliyə qarşı mübarizə edən Calvin Stove ilə ailə həyatı qurur. Bu evlilik Harriyetin tanınmış yazar olmasını illərlə ləngidir.

7 uşaqlı və maddi sıxıntı içində keçən bir həyatı olan Harriyet hər zaman həyat yoldaşına dayaq olmağı və çətinliklərə sinə gərməyi bacarır. Buna baxmayaraq ailənin maddi durumu ağır olaraq qalmaqda davam etdiyini görən Harriyet qələmini əlinə alır və bu yolla ailənin ağır maddi durumunun aradan qaldırılması üçün az da olsa ərinə yardım etmək fikrinə düşür. Beləliklə, Harriyetin yazıları müxtəlif qəzet və jurnallarda dərc olunmağa başlayır…

Yazıları dərhal diqqəti cəlb edir, onu minlərlə oxucunun sevimlisinə çevirir. Aldığı qonorarlarla ailənin maddi durumunu yaxşılaşdıran Harriyet daha irihəcmli əsərlər yazmağa girişir. Bu işdə onun ən böyük dayağı və ilhamvericisi yenə də əri idi…

ABŞ Prezidenti Avraam Linkoln onunla üz-üzə gəldikdə: “Demək, bu böyük savaşı başladan kitabı yazan balaca qadın sizsiniz”, – demişdi. Linkolnun həvəslə oxuduğu “Tom dayının daxması” kitabında, köləlik rejiminin kəskin tənqid edilməsi və bu sistemin saxlanmasının həm ağlar, həm də qaralar üçün ləkə olduğu həssas bir şəkildə təsvir edilmişdi. Onun bu əsəri qısa bir müddətdə satılmış və nəşriyyat kitabı 3 milyon nüsxə çap etdirsələr də oxucuların ona olan tələbatını ödəyə bilməmişdilər.

Harriyet bütün Amerikanı sarsıdan “Tom dayının daxması” kitabında şahidi olduqlarını, kölə sahiblərinin zənciləri necə doğmalarından ayıraraq satdıqlarını və onların başlarına gətirilən dəhşətli işgəncələri ürəkağrısı ilə qələmə almışdı. Qeyd edək ki, “Tom dayının daxması” əsəri qələmə alınan illərdə ABŞ-da ağasından qaçan kölələr təqib edilərək ələ keçirilir və onlara amansız işgəncələr verilirdi.

Kitab dünyanın 50-dən çox dilinə tərcümə edildi. Amma köləlik tərəfdarları Harriyetin yalan yazdığını iddia edirdilər. Bunu görən Harriyet əsəbiləşərək “Tom dayının daxmasınin açarı” adlı əsərini yazdı.

O, bu kitabında o dövrdə kölələrin məruz qaldıqları zülm barədə və onların heyvan kimi alınıb-satılması barədə qəzetdə verilən yazıları sübut kimi ortaya qoydu. Bu əsərin ona böyük şöhrət gətirməsindən ruhlanan Harriyet Biçer 1856-cı ildə “Dred” romanını yazır. Bu əsər də tezliklə satıldı və müəllifinin şöhrətini daha da artırır.

Harriyet köləliyi ifşa edən və Amerika və Avropanı silkələyəcək bu əsərini yazarkən kiçik qızı hələ südəmər idi. Ona görə də gündüz işlərini bitirdikdən və körpəsini yatdırdıqdan sonra yuxusuz gecələr keçirərək bu əsərini yazmışdı

Çox keçmir onun əsərlərinin  təsiri altında ABŞ-ın şimalında köləliyə qarşı mübarizə başlayır. Bu isə köləliyin qızğın tərəfdarı olan Amerikanın cənubunda narazılıq doğururdu. Nəticədə, belə bir vəziyyət ABŞ-ın cənubu ilə şimalı arasında vətəndaş müharibəsinin başlamasına gətirib çıxardı.

1854-cü ildə köləliyə qarşı mübarizə geniş vüsət alır və ölkədə yeni demokratik təməllərə sahib olacaq  Respublikaçılar Partiyası yaradılır.1860-cı ildə Avraam Linkolnun başçılıq etdiyi bu partiya hakimiyyətə gəlir və köləliyi qoruyub saxlamaq istəyən cənuba qarşı müharibə başladır. Müharibə şimalın qələbəsi ilə başa çatır və köləlik rəsmən ləğv edilir.

Bu mübarizədə minlərlə insanın qanı axsa  da, nəticədə köləlik əleyhdarı şimalın köləlik tərəfdarı cənub üzərində qələbəsi ABŞ-da yeni, demokratik bir dövrün təməlini qoyur. Bununla da Harriyet Biçer özünün də dediyi kimi, qələmi ilə qılıncın görə bilmədiyi böyük bir zəfərə imza atır və adını tarixin axarını dəyişən qadınlar sırasına yazdırır.

Vətəndaş müharibəsi başa çatdıqdan sonra Harriyet ailəsi ilə birlikdə bir müddət Floridada yaşayır. O burada qadın hüquqları müdafiəçilərinə  qoşulur. Harriyet “Heart and Home” adlı dərgidə qadınların haqlarını müdafiə edən yazılar yazmağa başlayır. Floridadan geriyə Hartforda dönən Harriyet burada “Müqəddəs tarixin qadını” (“Voman in Sacred History”) adlı əsərini yazır. Köləliyin ləğv edilməsində böyük əməyi olan və qələmi ilə böyük bir ordunun görə bilmədiyi işi görən Harriyet Biçer 1896-cı ildə 85 yaşında vəfat edir.

 

Mənbə:Umayclub.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR