Qəlbin notlarını oxumaq insanın həyat fəlsəfəsidir
Həyat bizə verilmiş bir hədiyyədir.
Bəzən ən yaxşı hədiyyələr tozlu bağlamalarda insana verilir. Bəlkə elə xoşbəxtlik də belə bağlamanın içində verilir bizə. Amma tozlu olduğundan onu kənara atıb təəssüf ki, vaxtında açmırıq. Xoşbəxtliyimizi isə uzaqlarda axtarırıq. O bizim üçün hədəfə çevrilir. Amma əslində xoşbəxtlik bir hədəf deyil, yaşamaq, var olmaq duyğusudur.
İnsan bu dünyada hər şeyə sahib yeganə canlıdır. Ağacların, heyvanların sahib olmadığı hər şeyə sahibdir. Amma nədənsə elə hey nələrəsə sahiblənmək duyğusu ilə yaşayır.
Ağacların var olması da kiçik bir toxumdan başlayır. Ağacların yenicə böyüməyə başlamış zərif kökləri sərt qayalara nüfuz etdikcə cücərib günəşə doğru ucalır. İmkansız görünsə də yaşamaq üçün sərt qayaları parçalayıb "yoluna" davam edir.
Bəzi kəpənəklərin ömrünün bir gün olmasına baxmayaraq, yenə də böyük həvəslə yaşamağa önəm verir. Sevə-sevə, doya-doya yaşayır. Sanki sonsuzluğa qucaq açır. Çaylar, dənizlər, ucu-bucağı görünməyən okeanlar kiçik bir su damlasından yaranmışdır. Amma çaya dəniz, dənizə də okean sığmaz. Xoşbəxtliyin insanın içinə sığmadığı kimi...
Həyat yolu da kiçik addımlardan başlayır. Bu yol insanın öz zirvəsini kəşf etməsinə qədər davam edir. Hər bir insan öz zirvəsinin alpinisti olmalıdır. Amma qalxacağı zirvədə yolların qarla örtüləcəyini də unutmamalıdır.
Yeddi not ilə bütün dünyaya səs salmaq olar. Amma musiqinin dili yoxdur. Qəlbin də dili yoxdur. Qəlbin notlarını oxumaq insanın həyat fəlsəfəsidir. Musiqi bəstələnərkən fortepianonun təkcə ağ dillərdən istifadə olunmur. Həyat da belədir. İnsan həm asan, həm də çətin günlərini yaşamalıdır. Hər bir çətinlik yaşayacağımız xoşbəxtliyin açarıdır. Fırtınalı dənizdə ölümlə yaşam arasında mübarizə aparan gəmi kapitanı kimi...
Kapitanı kapitan edən o fırtınanın şiddəti, dalğaların üsyanıdır. Bu şiddət, bu dalğalar necə olursa-olsun kapitanın iradəsini sındırıb onun idarə etdiyi gəminin səmtini dəyişdirməməlidir.
Xoşbəxtlik həm də bir ananın doqquz ay bətnində daşıdığı uşaq kimidir. Üzünü görmədən, ona toxunmadan necə ki onun varlığını hər nəfəs alanda hiss edir, səbrlə dünyaya göz açmasını gözləyir. Biz də hər an xoşbəxtliyin qapımızı döyəcəyi günü gözləyirik. Onu görə bilmirik, toxuna bilmirik, ancaq varlığına bütün varlığımızla inanırıq. Təkcə fərq ondanır ki, biz xoşbəxtliyimizi uşaq kimi qoruya bilmirik.
Xoşbəxtliyin "məni uzaqlarda axtarma", "mən sənin varlığındayam, sənin içindəyəm, səninlə birgə yaşayıram" yalvarış sədalarını eşitmək istəmirik.
Xoşbəxtlik bizlərik. Bu gün nəfəs alırıqsa, görürüksə, eşidiriksə, yaşayırıqsa deməli xoşbəxtik. Xoşbəxtlik çox şeyə sahib olmaq deyil, bədbəxtlərlə müqayisədə özündə var olanlara şüküranlıq edərək yaşamaqdır. Həyat da var olan insanların yaşayarkən qiymətini bilməkdir.
Əlbəttə ki, həyatın acısı da var. Amma acı yeməklərdə, şirinliyi duyaraq yaşamaq da gözəl olur...
Mənbə: Metbuat.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət