Qədim Şəkinin tarixi məkanları məktəblilərin marağına səbəb olub
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan Ağcabədi, Ağdam, Ağstafa, Bərdə, Beyləqan, Daşkəsən, Qazax, Tovuz və Göyçay rayonlarının məktəblilərindən ibarət qruplar şimal-qərb bölgəsinə səfərin ikinci günü – martın 24-də qədim Şəkinin tarixi məkanları ilə tanış olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzinin qarşısında şəhər rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar.
Şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova məktəblilərə qədim Şəkinin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib.
Bildirilib ki, Şəkinin 2700 ildən çox yaşı var. Bu qədim diyar dünya əhəmiyyətli tarixi-memarlıq abidələri ilə məşhurdur. Şəkidə dövlət qeydiyyatına alınan 84 tarix və mədəniyyət abidəsi var. Hazırda şəhər öz qədimliyini və tarixiliyini qorumaqla yenidən qurulur, tarixi binalar, evlər bərpa edilir. Füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, özünəməxsus sənətkarlığı, həmçinin zəngin irsinin qorunması nəticəsində Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilib. Şəkidə mütəmadi olaraq keçirilən beynəlxalq festivallar şəhərin turizm potensialının genişləndirilməsində və regionun beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayır. Nəticədə Şəki turistlər üçün daha da cəlbedici məkana çevrilib. 2018-ci ildə bu qədim diyara 200 minə yaxın turist gəlib.
Diqqətə çatdırılıb ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilib, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilib, 2017-ci ildə isə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına salınıb. Hazırda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Şərq memarlığının nadir incisi hesab olunan “Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESCO-nun Ümumdünya İrs Komitəsinin siyahısına daxil edilməsi üçün iş aparılır.
Sonra tur-aksiya iştirakçıları orijinal layihə əsasında inşa edilən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Bildirilib ki, Mərkəz Ümummilli Liderin xatirəsinə dərin ehtiramın parlaq nümunəsidir. Burada Ulu Öndərin mənalı həyatını və çoxşaxəli fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar və eksponatlar yer alıb.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra tur-aksiyada iştirak edən 9 rayonun məktəbliləri şəhərin qədim tarixi hissəsinə - “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisinə gəliblər. Məlumat verilib ki, qoruq Şəkiyə gələn yerli və xarici turistlərin ən çox üz tutduqları tarixi məkanlardan biridir. Qoruğu əhatələyən əzəmətli qala divarlarının təxminən 1743-1755-ci illərdə tikildiyi ehtimal edilir.
Azərbaycan memarlığının nadir incilərindən olan Şəki xanlarının sarayı tur-aksiya iştirakçılarında böyük maraq doğurub. Məktəblilərin diqqətinə çatdırılıb ki, saray XVIII əsrə aid nadir tarixi-memarlıq abidəsidir. Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə, 1761-1762-ci illərdə inşa edilən bu sarayın dünyada bənzəri yoxdur. Sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Məktəblilər sarayın gözəlliyinə heyran qaldıqlarını bildirib, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Tur-aksiya iştirakçılarının diqqətinə çatdırılıb ki, qoruğun ərazisində ötən il istifadəyə verilən “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizin, əsasən də Şəki rayonunun tarixi keramika ənənələrinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindən ibarətdir. Bura həm də Qafqazda ilk Keramika Mərkəzi kimi tarixə düşüb.
Məktəblilər sonra qoruğun ərazisində yerləşən V-VI əsrlərə aid memarlıq abidəsi Dairəvi Məbədlə tanış olublar. Hazırda burada Xalq Tətbiqi Sənəti Muzeyi fəaliyyət göstərir.
Şəki Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, 1925-ci ildən fəaliyyət göstərən muzeydə 5 minə yaxın eksponat saxlanılır.
Məktəblilər qoruğun ərazisində fəaliyyət göstərən sənətkarlıq emalatxanalarına da baş çəkiblər. Diqqətə çatdırılıb ki, Şəki əsrlər boyu sənətkarlar məskəni olub. Şəki sənətkarlarının yüzillər boyu əldə etdikləri təcrübə nəsildən-nəslə keçməklə zəmanəmizədək gəlib çatıb.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Zaqatala rayonunun tarixi məkanları ilə tanış olacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət