Qatarlar niyə tez-tez sıradan çıxır
Son vaxtlar Bakı Metropolitenində bir-birinin ardınca qatarların xarab olması və stansiya və ya tuneldə qalması, metronun işinə bir neçə dəqiqəlik fasilə verilməsi müşahidə olundu. Bu isə sərnişinlər arasında narahatlıq yaratmaqla bərabər, həm də qatarların artıq istismar müddətini başa vurması kimi qəbul edilməkdədir.
Mövzu ilə bağlı Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun Axar.az-a müsahibəsini təqdim edirik:
- Qatarlarda son vaxtlar ardıcıl baş verən texniki nasazlıqları necə qiymətləndirirsiniz?
- Fikrimcə, qatarların nasazlığının artması zahiri və şişirdilmiş təəssüratdır. Qısa müddətdə iki qatarda texniki nasazlığın baş verməsi və guya qatarların üz-üzə gəlməsi kimi informasiyaların sosial şəbəkələrdə rezonans doğurması bu effekti verib. Məsələn, sonuncu hadisə - “Elmlər Akademiyası”nda baş vermiş nasazlıq həmin qatarın ardınca sınaq qatarının getməsi - “iki boş qatar, deməli, iki nasaz qatar” kimi anlaşılıb. Hərçənd aparılan təmirin tələblərinə uyğun olaraq, sınaq qatarının xətdə yoxlanılması normal haldır. Həmin qatarlar depodan xəttə verilir və sərnişinsiz hərəkət edir.
- Bəzi vaqonların oturacaqları, hətta görünüşü də onların həddən artıq köhnə olduğunu göstərir. Sizcə, bu o demək deyilmi ki, bəzi qatarlar artıq istismar müddətini başa vurub?
- Bakı Metropoliteni QSC yaradıldıqdan sonra həyata keçirilən ilk mühüm layihələr sırasında vaqonların texniki xidməti, təmiri ilə bağlı məsələlərin optimal şəkildə həllini tapması xüsusi yer tutur. Ümumiyyətlə, Metropolitendə qət edilən məsafədən asılı olaraq, qatarlar müxtəlif təmir mərhələlərindən keçirilir. Vaqonların əsaslı təmiri sexi inşa olunub və yerli şəraitdə ən səmərəli, keyfiyyətli şəkildə təmirinə də artıq başlanılıb. Bu tədbirlər sayəsində 2017-ci ilin sonlarından Metropolitendə cari təmir müddəti ötmüş qatar da qalmayıb. Metropolitendə istismar müddətini başa vurmuş qatarların xəttə çıxarılması mümkün deyil. Vaqonların istismar müddəti 31 ildir. Bu müddəti başa vuran vaqonlar xətdən mütləq çıxarılır.
- Bu il, yaxud gələn il üçün yeni qatarların alınması planlaşdırılırmı?
- Yeni qatarların alınması yalnız iki halda mümkündür: istismar müddətini başa vurması və Metropoliten xətlərinin lazım olan qatar tərkibi ölçüləri həddinə qədər böyüməsi. Metropolitendə bu qaydaya əməl olunur. Qatarlar istismar müddətini başa vurduqca yenisi alınır və 2015-ci ildən bu yana yalnız texniki innovasiyalar baxımından 4-cü nəslə mənsub, “kondisionerli” adlandırdığımız vaqonlar alınır. Hazırda xətdə 5 belə qatar var və 2-si bu il alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət