Qasım bəy Zakir - Xəbər alsan bu vilanın əhvalın
Xəbər alsan bu vilanın əhvalın,
Bir özgədir keyfiyyəti-Qarabağ.
Həqdi, bundan əqdəm görübsən səndə,
Hanı o qaidə, o qanunsəyaq?
Qüttəüttəriqin vüfuru vardir,
Yaylaqda, aranda qatar-qatardir,
Yenə ötür-ötür, apar-apardir;
Bizim başımızda çatdadı çanaq.
Zərgər, Drağarda aləm-aşikar,
Bir ucdan oğurlar, biri ucdan satar,
Vay odur-sahibi at başı tutar,
Yüz yerdən tökülür üstünə çomaq.
Belə vilayəti dağıtsın Tarı,
Ziyadə məğşuşdu Ərəs kənarı,
Xurda, Parababı, Qarğabazarı,
Maralyan, Horadiz, Nüzyar, Quyucaq.
Əgər xəbər alsan Molla Səfini,
Oğru dürüst qarışdırıb kefini,
O, Qalada biçər ölü kəfəni,
Çöldə üç atını soyublar çılpaq.
Qarabağda nə day qaldı, nə dana,
Bu gün,sabah qaçar hərə bir yana;
Tənbeh etmək ilə Xındırıstana,
Xub saldı nizama ölkəni qoçaq.
Ədalətdə yoxdu bir kəsrü kəmi,
Mundan sonra vilayətin nə qəmi?
Əlbət, dağıdırmış külli-aləmi
Ağzından süd iyi gələn iki uşaq.
Birindən şikayət edəsən əgər,
Danişmağa qoymaz, sözünü kəsər,
Qardaş malı kimi ortadan bölər,
Murovlar olublar oğurya ortaq!
Görsən tanımazsan Yarımsaqqalı,
Çıxıb əndazədən dövləti malı,
Xandəmirov çaldı, çapdı mahalı,
O ki tutub keçəl qurumsaq.
Üləmalar üz döndərib xudadan,
Usanmaz bir ləzhə cövrü cəfadan.
Başı əmmaməli seyid-molladan
Taətdə övladır o qatmaqurşaq.
Gərək bu aləmdən eyləmək həzər,
Öz yerində deyil çünki xeyrü şər.
Bihörmət olubdur pədərə pesər,
Yüzdə biri yaxşı olur ittifaq.
Fəraqət oturub hər kəs bir işdə,
Nə yazda yarıdırdıq,nə də ki qışda;
Ya rəb,neyləmişdik, bu dağılmışda
Haram oldu bizə bir qarış torpaq?
Çəkilib köksümə dağlar,düyünlər,
Kafirə olmasın nəsib bu günlər.
Qınamasın məni könlübütünlər,
Fikrim dağınıqdır, xatirim övraq.
Gərçi vilayətdə çox idi əhval,
Müyəssər olmadı şərh edəm əhlal,
Bir parasın yazıb, eylədim irsal,
Bir şərt ilə nə diş bilsin, nə dodaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox