Slimfit
  1. ARXİTEKTURA

Qarabağlar türbə kompleksi

Qarabağlar türbə kompleksi
Sakura

Dünya əhəmiyyətli tarixi abidə

Qədim Naxçıvan çoxsaylı abidələri ilə xalqımızın milli mədəniyyətinin yaranmasına və formalaşmasına təsir edən zəngin diyardır. Bu diyarın köksündəki yüzlərlə abidə dünənimizdən bu günümüzə uzanan yolda bu zənginliyin təqdimatçılarıdır. Elə bu yazıda söhbət açacağımız dünya əhəmiyyətli Qarabağlar türbəsi də maddi-mədəni irsimizlə yanaşı, həm də dövlətçilik tariximizi özündə yaşadan abidələrdəndir.

Yenidən həyat bəxş edilən abidə

Muxtar respublikamızın tarixinə uğurlu illərdən biri kimi yazılan 2018-ci il həm də bu tarixi abidənin kompleks şəkildə bərpadan sonra istifadəyə verilməsi ili kimi daim xatırlanacaq. Qeyd etmək lazımdır ki, Qarabağlar türbəsi əsrlərdir tarixin və təbiətin ağır sınaqları ilə üz-üzə qalıb. Abidənin bəzi hissələri uçub dağılsa da, öz mövcudluğunu qoruyub saxlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq, Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar türbə kompleksində bərpa işləri iki il davam edib. Abidə üzərində bərpa işləri elmi və tarixi əsaslarla aparılıb. Ötən dövrdə muxtar respublika rəhbərinin müvafiq sərəncamına əsasən yaradılan “Qarabağlar türbə kompleksi” tədqiqat qrupu kompleksin tarixi ilə əlaqədar yeni faktlar aşkara çıxarıb, abidənin tarixi, kitabələri, memarlıq xüsusiyyətləri, etnoqrafiyası, “Qarabağlar” sözünün mənşəyi və etimologiyası, türbə və onun ətrafındakı epiqrafik, arxeoloji və tarix-memarlıq abidələri, keramikası haqqında məlumatlar toplayıb. Həmin məlumatlar əsasında türbə kompleksi və ətraf ərazilərlə əlaqədar yeni elmi nəticələr əldə olunub.

Naxçıvan memarlıq sənətinin tarixi nümunəsi

Onu da xatırladaq ki, Qarabağlar türbə kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən ibarətdir. Kompleksin əsasını türbə təşkil edir. Bu türbə qülləvarı xatirə tikintilərinə aiddir və on iki yarımsilindrin birləşməsindən ibarətdir. Diametri 10 metrə yaxın olan, hazırkı vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı vardır. Baştağlarının dördünün də baş tərəfində müqəddəs “Qurani-Kərim”in “əl-Mumin” surəsindən 16-cı ayənin son hissəsi yazılıb.

Türbənin memarlıq quruluşu, tikilişi zamanı tətbiq edilən dəqiq həndəsi ölçmələr, üzərində əsrlərdir, təbii təsirlərdən solmayan boyalı naxışlar abidənin möhtəşəmliyindən xəbər verir. Eyni zamanda, bu tikili Naxçıvan memarlıq sənətinin, mədəniyyətimizin inkişafının da bir göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri deyib: “Hər bir xalqın mədəniyyətinin inkişafı onun dövlətçilik tarixi ilə bağlıdır. O xalq zəngin mədəniyyətə sahibdir ki, onun böyük dövlətçilik tarixi vardır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Dünyada böyük dövlətlər var, amma böyük abidələr yarada bilmirlər. Çünki abidələrin memarlıq qiyməti ilə bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

Eksponatlarla zəngin xanəgah

Bu gün türbə kompleksinə gələn ziyarətçilərin ən çox diqqətini çəkən məqamlardan biri də onun xanəgah hissəsində sərgilənən eksponatlardır. Burada məişətimizə aid müxtəlif əşyalar, o cümlədən ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri qoyulub. Eksponatlar içərisində saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, həmçinin toxuculuq nümunələri Qarabağların zəngin mədəni irsə malik yurd yeri olduğunu göstərir. Eyni zamanda, buradakı ekspozisiyada Qarabağlar türbə kompleksinin bərpadan əvvəl və sonra çəkilmiş fotoşəkilləri, kətan üzərində yağlı boya ilə işlənmiş Qarabağlar türbəsi rəsmləri, Naxçıvanın tarixi və kompleks haqqında məlumatları özündə əks etdirən kitablar nümayiş etdirilir.

Qarabağlar türbə kompleksi Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, görkəmli memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi, dövlətçilik irsimiz və mədəni sərvətimizdir. Sevindirici haldır ki, muxtar respublikada ənənəvi olaraq təşkil edilən “Muzey günləri”nə bu abidənin də adı əlavə olunub. İndi müxtəlif dövlət orqanlarının kollektivləri ilə yanaşı, kompleksi məktəblilər, tələbələr, həmçinin buraya yolu düşən qonaqlar da ziyarət edirlər.

 

Mənbə: Azərtac

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR