Qarabağla bağlı yeni məruzə - BMT Təhlükəsizlik Şurasının sənədi kimi dərc edildi
“Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində hərbi cinayətlər və Ermənistanın məsuliyyətinə dair” məruzə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu barədə Oxu.Az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Məruzə məşhur beynəlxalq hüquqşünaslar Malkolm Şou və Naomi Hart tərəfindən hazırlanıb.
Məruzə Azərbaycanın BMT yanında Daimi Nümayəndəsinin BMT Baş Katibinə müşayiət məktubu ilə birgə bu ilin fevralın 7-də BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc edilib.
Məruzədə Azərbaycanın hazırda işğal altında olan ərazilərində Ermənistanın törətdiyi müharibə cinayətləri və bununla bağlı işğalçı ölkənin üzərinə düşən öhdəliklər araşdırılır.
Bu xüsusda müvafiq hüquq normalarının nəzəri təhlili ilə yanaşı, həmin normaların Ermənistan tərəfindən pozulmasını sübut edən faktoloji məlumatlar əks olunur.
Məruzədə beynəlxalq təşkilatların sənədləri, Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin qərarları, qeyri-hökumət təşkilatlarının araşdırmaları, kütləvi informasiya vasitələrinin açıqlamaları, fərdi müəlliflərin yazıları kimi müstəqil mənbələrdən, eləcə də Azərbaycanın müvafiq dövlət qurumlarının sənəd və materiallarından istifadə olunub.
Məruzə iki hissədən ibarətdir.
Sənədin birinci hissəsi münaqişənin faktoloji, tarixi kökləri, beynəlxalq humanitar hüququn ümumi izahı, bu xüsusda Ermənistanın üzərinə düşən öhdəliklərin təhlilinə həsr edilib. Məruzənin ikinci hissəsi isə ardıcıl qaydada təhlil edilmiş müharibə cinayətlərindən bəhs edir.
Burada ilk növbədə, mülki şəxslərin öldürülməsi və yaralanması ilə bağlı müharibə cinayətlərinə dair, daha sonra isə etnik təmizləmə, işğal altında olan ərazilərdən məcburi köçürülmə və bu ərazilərin xüsusiyyətinin məqsədyönlü şəkildə dəyişdirilməsi, eləcə də mədəni irsin dağıdılması və ətraf mühitə zərər vurulması kimi məsələlərin təhlili yer alıb.
Məruzədə BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinə istinad edilib.
Həmçinin, məruzədə Ermənistanın bu tələblərə məhəl qoymayaraq, Azərbaycanın ərazilərini nəinki işğal altında saxlamağa davam etdiyi, hətta bütün beynəlxalq hüquq normalarına zidd olaraq, orada müxtəlif növ qeyri-qanuni fəaliyyət apardığı qeyd olunur.
Belə ki, sənəddə Ermənistan Respublikasının Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində beynəlxalq hüquqa zidd qeyri-qanuni fəaliyyəti araşdırılır.
Bu xüsusda Azərbaycan XİN tərəfindən 2016-cı ildə hazırlanmış “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət” adlı hesabatdan bəhs edilib.
Eləcə də XİN və “Azərkosmos”un 2019-cu ildə birgə dərc etdiyi “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın BMT çərçivəsində yayıldığı qeyd edilir.
Məruzədə eləcə də Ermənistanın işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi, digər fəaliyyətləri, işğalçı ölkənin əməllərinin qeyri-qanuniliyinin hüquqi əsaslandırılması və Ermənistanın beynəlxalq məsuliyyətinə dair hüquqi rəy təmin edilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət