“Qarabağ” və “Neftçi”ni gözləyən çətin görüşlər
Bu gün Azərbaycan Premyer Liqasında XXI turun oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, millimizin Xorvatiya ilə martın 21-dəki oyununa görə tez başlayacaq turun bütün görüşləri eyni gündə başlayacaq. Bununla da çempionatda üçüncü dövrəyə yekun vurulacaq.
İlk olaraq autsayderlər zonasında qərarlaşan komandalar üz-üzə gələcək. Bu matçlar Masazır və Zirədə keçiriləcək.
Turnir cədvəlinin sonuncusu “Sumqayıt” yeddi oyundur ki, qələbə üzünə həsrətdir. Elə onların rəqibi olan “Sabah” da beş oyundur ki, qalibiyyət nə olduğunu bilmir.
Eyni xala malik “Zirə” ilə “Keşlə” birincilərin meydanında qarşılaşacaq. Hər iki komanda “Sabah”ın xal itirəcəyi halda beşinci pilləyə yüksəlmək şansı əldə edəcək. Həmçinin “Sumqayıt” qalib gələcəyi halda, bu komandalardan biri sonuncu yerə yuvarlana bilər.
Çempionluq titulunu qorumaq əzmində olan “Qarabağ” bürünc medala iddia edən “Səbail”lə səfərdə münasibətlərinə aydınlıq gətirəcək. Ötən tur xal itirmiş Ağdam təmsilçisi yenə bu halı təkrarlasa, çempionluq şanslarını təhlükəyə ata bilər. Turnir cədvəlindəki mövqeyə görə bəlkə də mərkəzi görüş kimi “Səbail” – “Qarabağ” matçını göstərmək olar.
Amma komandaların adları baxımından turun son matçı olan “Neftçi” – “Qəbələ” görüşü daha çox maraq kəsb edir. “Qəbələ” “Səbail”in uduzması fonunda bu komanda ilə xallarını bərabərləşdirib üçüncü yerə şərik ola bilər. Amma “Neftçi”nin öz meydanında uduzması müşkül görünür. Çünki flaqman liderliyini qorumaq üçün bu matçda qələbə qazanmağa borcludur.
16:00 “Sabah” – “Sumqayıt”
“Əlincə Arena". Baş hakim: Orxan Məmmədov
16:00 “Zirə” – “Keşlə”
Zirə İdman Kompleksinin stadionu. Baş hakim: Rəvan Həmzəzadə
16:45 “Səbail” – “Qarabağ”
“Bayıl Arena”. Baş hakim: Əliyar Ağayev
19:00 “Neftçi” – “Qəbələ”
“Bakcell Arena”. Baş hakim: Səbuhi Bayramov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət