AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.
Oxu.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XI turunun “Neftçi” – “Zirə” matçının 85-ci dəqiqəsində qonaq komandanın məşqçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün bir oyunluq cəzalanıb, klub 800 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçının 47-ci dəqiqəsində Ağdam komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə ödəməli olacaq.
“Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Qarabağ” klubu tərəfindən ödəniləcək.
I Divizionun X turunun “Keşlə-2” – MOİK matçının 41-ci dəqiqəsində “hərbçilər”in inzibatçısı Hüseyn Həsənov hakimlər briqadasını təhqir etdiyinə görə beş oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Oyunun 73-cü dəqiqəsində MOİK-in baş məşqçisi Azər Bağırov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün bir oyunluq cəza alıb, klub 80 manat cərimə edilib.
I Divizionun XI turunun “Qaradağ Lökbatan” – “Səbail-2” matçı təyin olunduğu vaxtdan yeddi dəqiqə gec başladığına görə hər iki klub 240 manat cərimə olunub.
I Divizionun “Turan Tovuz” – “Zirə-2” matçında Bakı komandasının heyətində üç futbolçunun lisenziyası oyundan əvvəl hakimə təqdim olunmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 80 manat cərimə ödəməli olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət