"Qarabağ" "Qəbələ"ni məğlub edərək, "Neftçi" ilə yenidən şərikli lider olub
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, turun mərkəzi görüşündə "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 3-cü dəqiqədə "Qarabağ"ın müdafiəçisi Donald Gerrye açıb. 23-cü dəqiqədə Rauf Əliyev bərabərlik qolunu vurub. 79-cu dəqiqədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Dani Kintananın əvəzinə Araz Abdullayevi meydana buraxıb. Abdullayev oyuna daxil olduqdan 3 dəqiqə sonra qələbə topuna imza atıb.
Bu qələbə sayəsində "Qarabağ" xallarını 51-ə çatdırıb və "Neftçi" ilə yenidən şərikli lider olub. "Qəbələ" isə 30 xalla 4-cü pillədə qalıb.
Qeyd edək ki, turun ilk oyun günündə "Sumqayıt" "Keşlə"ni 2:1, "Neftçi" "Zirə"ni 4:2 hesabı ilə məğlub edib. Tura saat 16:30-da başlanacaq "Sabah" - "Səbail" matçı ilə yekun vurulacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət