'Qarabağ igidləri' muzeyi: Şəhidlərin 3000-ə yaxın şəxsi əşyaları
Gəncə şəhər sakini öz evini şəhid və qazilərimizin xatirəsini daşıyan müzeyə çevirib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, Elnarə Tağı qızı Tağıyeva şəhərin Sevil Qazıyeva küçəsində yerləş fərdi yaşayış evini Şəhidlərin və qazilərin xatirəsinə onların şəxsi əşyalarından ibarət olan muzeyə çevirib.
"Qarabağ igidləri" adlı muzeydə Şəhidlərin şəxsi əşyalarından ibarət 3 minə yaxın eksponat qorunur.
E.Tağıyeva "Report"un Qərb Mərkəzinə bildirib ki, o, 1992-ci ildə Müdafiə Nazirliyinin nəzdində yerləşən Əşya Əmlak Xidməti kombinatının Gəncə qornizonununda işləyib və cəbhə bölgələrində xidmət edən əsgərlərə məxsus paltarların yuyulması ilə məşğul olub:
"Müharibənin ağır vaxtları idi, demək olar ki, qan su yerinə axırdı.Paltarların yuyulmağa gətirilməsi üçün əsgərlər ayırılırdı. Hər dəfə gələndə isə fərqli əsgərlər gəlirdi. Mən soruşanda ki, filankəs hanı? deyirdilər ki, həmin əsgər şəhid olub. Mən baxdım ki, baş qarışıb cəbhədəki vəziyyətə. Müharibə qurtardıqdan sonra gənc nəsil onların belə firavan yaşaması üçün kimlərin şəhid olduğundan heç xəbərləri də olmayacaq. Buna görə də gəldim evdə məsləhətləşdim və otağımızın birini boşaltdıq. Əsgərlərin üzərinə ürək sözləri yazılmış siqaretlərini alıb müzeyə qoyurdum. Gəncəyə şəhid gətirən əsgərlərin siqaret yazmağa vaxtları olmadığı üçün qollarındakı saatlarını, dırnaq tutanlarını, daraqlarını və özlərinə aid hər hansı əşyalarını verirdilər. Mən də həmin əşyaların üzərinə onların adını yazıb müzeyə qoyurdum. Beləliklə, bu müzey yaranmağa başladı".
"Report"un Qərb Mərkəzinin "Qarabağ igidləri" muzeyindən hazırladığı videoreportajı təqdim edirik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət