Slimfit
  1. BİOQRAFİYA

Qara Yusif

Qara Yusif
Sakura

Qara Yusif - Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı (1389—1420)

Qara Yusif – Qaraqoyunlu tayfa birliyinin 3-cü başçısı (1389—1420); Qaraqoyunlu tayfasından olan 2-ci sultan (1413—1420)

Qaraqoyunlu tayfa birliyinin 2-ci baçısı Qara Məhəmmədin oğlu. Qaraqoyunlu dövlətinin yaradıcısı.

Arxa plan

Qaraqoyunlu və Ağqoyunlu adlanan oğuz mənşəli tayfa birləşmələri XIII əsrdən etibarən Anadoluda yanmköçəri həyat sürürdülər. Qaraqoyunluların mərkəzi vilayəti Van gölünün şimalındakı Ərciş, Ağqoyunluların cəmləşdiyi bölgə isə Diyarbəkir idi. Hər iki tayfa birləşməsi "türkman" adlanan eyni etnik qrupa mənsub olub, ünsiyyət vasitələri Azərbaycan dilinin cənub ləhcəsi idi. Bu tayfa adlarının totem sayılan qoyunların rəngi ilə əlaqədar olduğu ehtimal edilir. Həmin tayfalara məxsus olan qoç heykəlləri şəklində məzar daşlarının zəmanəmizədək çatdığı məlumdur. Qaraqoyunluları və Ağqoyunluları təşkil edən tayfa və boyların bu əraziyə Orta Asiyadan gəlməsini Səlcuqların Yaxın Şərqə köçməsi ilə bağlayırlar. Lakin onların Azərbaycana və Qərbi İrana köçməsini daha erkən dövrə (VIII-IX əsrlər) aid etməyə müəyyən əsasımız vardır. Ehtimal etmək olar ki, həmin etnik qruplar monqol işğalı dövründə Azərbaycan və İrandan qərbə doğru hərəkət etməyə məcbur olmuş, Kiçik Asiya, İraq və Suriyada məskunlaşmışdılar. Qaraqoyunluları təşkil edən əsas tayfalar bunlardır: Baharlı, Sədli, Qaramanlı, Alpout, Duharlı, Cagirli, Hacili, Ağacəri. Bu tayfalar arasında Baharlı və Sədli oymaqlarının siyasi rolu müstəsna olmuşdur. Sədli oymağının qədim vətəni Naxçıvan və Sürməli idi. Qaraqoyunlular XIV əsrin sonlarında Şərqi Anadoluda bəylik yaratmış və onun əsasını qoyan şəxs Bayram Xocaolmuşdur. Baharlı oymağının rəisi olmuş Bayram Xoca Cəlairi Sultan Üveysin Təbriz sarayında nüfuzlu əmirlərdən biri idi. Onun oğlu Qara Məhəmməd qızını Sultan Əhmədə verərək sülalə əlaqələrini möhkəmlətmişdi. Qaraqoyunluların Azərbaycanda hakimiyyətinin möhkəmlənməsində Cəlairi əmirlərinin böyük rolu olmuşdur. Teymurun ölümündən sonra Miranşah və onun böyük oğlu Əbubəkr zahirən Ömərin hakimiyyətini qəbul etdilər. Lakin Ömər hakimiyyətinə qəsd olacağını düşündüyü üçün Sultaniyyəyə onun yanına gəlmiş Əbubəkri həbs etdirdi. Qala keşikçiləri ilə dil tapıb həbsdən azad olan Əbubəkr atası Miranşahla Xorasanda qoşun topladı. Şirvanşah I İbrahimə qarşı yürüş etmiş Ömər şəhərdə olmadığı üçün Əbubəkr Sultaniyyəni ələ keçirdi və maneəsiz Təbrizə daxil oldu. Cənubi Azərbaycan Əbubəkr və Ömərin arasında gedən qanlı toqquşmalar meydanına çevrilmişdi. Təbrizəldən-ələ keçir və şəhərin sakinləri qətl və qarətlərə məruz qalırdı. Lakin təbrizlilər işğalçılara qarşı mübarizədə böyük hünər və mətinlik göstərərək onları şəhərdən çıxmağa məcbur etdilər. Mənbələrdə Təbrizin müdafiəsinin təşkilində Qazi Qiyasəddin, Əbdül Möhsün Qəzvini, Şeyx Əxi Qəssab və Qazi İmadəddinin qeyrət və bacarığı xüsusi qeyd olunur.

Hakimiyyətə gəlməsi

Teymurilərin məğlub edilməsi

Qaraqoyunlu tayfa ittifaqının başçısı Qara Yusif ilə Əbubəkr ilk dəfə 1406-cı il oktyabrın 14-də Naxçıvanın qərbində, Araz çayının sahilində toqquşdular. Qaraqoyunluların həmləsinə davam gətirməyən Teymurilər qaçmağa üz qoydular. Qara Yusif döyüş meydanından Naxçıvana gəldi. O, burada ikən Təbrizin adlı-sanlı rəislərindən olan Xacə Seyid Məhəmməd Keçəçi Qara Yusifin hüzuruna gəldi, şəhərin Əbubəkr tərəfindən qarət olunduğunu söylədi və onu Təbrizə gəlməyə təşviq etdi. Qara Yusif isə müvəqqəti olaraq şəhəri mühafizə etmək üçün darğa göndərdi və Sultaniyyəyə yürüş etdi. Əbubəkr şəhəri tərk etdi və Reyə qaçdı. Sultaniyyəyə girmiş Qaraqoyunlular şəhəri qarət etdilər, sonra isə əhalini Təbriz, Marağa və Ərdəbilə köçürdülər. Xorasan hakimi olan qardaşı Şahruxdan yardım alan Əbubəkr Azərbaycanı ələ keçirmək üçün yeni təşəbbüs etdi. Bundan xəbər tutan Qara Yusif Təbriz ətrafında yerləşən Şənbi-Qazana gəldi. 1408-ci il aprelin 21-də Təbrizin cənubundakı Sərdrud adlı yerdə 20 minlik Qaraqoyunlu qoşunu Teymuriləri darmadağın etdi. Miranşah öldürüldü, Əbubəkr isə qaçmağa müvəffəq oldu.

Qara Yusifin Əbubəkr üzərində ikinci qələbəsinin mühüm tarixi əhəmiyyəti vardır. Bundan sonra Azərbaycanda Teymurilərin ağalığına son qoyuldu, Teymurilər imperiyasının böyük bir hissəsi metropoliyadan ayrılmış və bu ərazidə Azərbaycan Qaraqoyunlu dövləti (1410-1467) yaranmışdı. Bu qələbədən sonra, 1409-cu il payızın başlanğıcında Qara Yusif Təbrizə daxil olmuş, Şəki hakimi Seyid Əhmədə qarşı qoşun göndərmişdi. Lakin Qaraqoyunlu sərkərdələri döyüşə yaxşı hazırlaşmış Şəki hakiminin hərbi qüvvələrinə hücuma cəsarət etməmiş və Şirvanın bəzi yerlərini qarətlə kifayətlənərək geri qayıtmışlar. Qara Yusif öz siyasi məqsəd və fəaliyyətini Cənubi Azərbaycanla məhdudlaşdırmırdı. O, lap əvvəldən Azərbaycanın şimal hissəsini də özünə tabe etmək istəyirdi. Şəki və Şirvana göndərilmiş Qaraqoyunlu qoşun dəstələrinin fəaliyyəti buna sübutdur.

Cəlairilərin məğlub edilməsi

1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı. Cəlairi Sultan Əhmədi məğlub etmiş Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol çəkdirdi, Sultan Əhməd Qara Yusifin oğlu Pirbudağı öncədən oğulluğa götürmüşdü. Bu məsələni Sultan Əhmədə xatırladan Qara Yusif Azərbaycanın Pirbudağa verilməsi haqqında yarlıq yazdırdı. 1411-ci ildə Qara Yusif Təbrizdə Azərbaycan əyanları və Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı "sultan" elan etdi, lakin dövlət işlərini bütövlükdə öz əlində saxladı. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və Əcəm İraqı daxil oldu.

Qarabağın Qaramanlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində əhəmiyyətli rol oynadılar.

Hakimiyyəti

Şirvanşahların məğlub edilməsi

1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seydi Əhməd və gürcü çarı Konstantinin birləşmiş qüvvələrinə qarşı döyüşdə Yar Əhmədin rəhbərliyi altında "Qaraman əsgərləri" yaxından iştirak etmişdi. Kür çayının sahilində baş verən bu döyüşdə Qara Yusif Qarabağ dəstələrinin yardımı ilə qələbə qazandı.

Şahruxla mübarizə

Qaraqoyunlu dövlətinin ən güclü düşməni Xorasanda qərar tutmuş Teymuri hökmdarı Şahrux idi. 1419-cu ildə Qara Yusif böyük ticarət əhəmiyyəti olan Sultaniyyə və Qəzvini tutdu. Qaraqoyunluların şərqə irəliləməsi Şahruxu qəti tədbirlərə əl atmağa sövq etdi. O, 1420-ci ilin yayında 200 minlik qoşunla Azərbaycana tərəf hərəkət etdi. Lakin Qara Yusif də geniş hərbi hazırlıq görmüşdü: atlı qoşunla yanaşı burada ilk dəfə olaraq piyada döyüşçülər (Təbriz vilayətinin oturaq əhalisi, kəndlilər) ordu sıralarına cəlb edilmişdilər. Şahruxun Təbrizə göndərdiyi elçisinin Qara Yusif tərəfindən həbs edilməsi, Qara Yusifin döyüş məqsədilə paytaxtdan çıxması xəbəri Şahruxun ordusunda böyük həyəcan və təlaş doğurmuşdu. Şahrux qüdrətli sərkərdə kimi geniş şöhrət tapmış Qara Yusifdən ehtiyat edirdi. Qara Yusif yaxşı silahlanmış güclü qoşunu üçün baxış təşkil etmişdi. Teymuri tarixçiləri bu ordunun "günəşin zərrələri və buludun damlaları qədər saysız-hesabsız" olduğunu göstərirlər. Lakin əslində Qara Yusifin qoşununun sayı 50 mindən çox deyildi. Təbrizdən düşmən qarşısına çıxmış Qara Yusif yolda ikən ağır xəstələndi və qəflətən vəfat etdi.

Ölümündən sonra

Qara Yusifın ölümü Qaraqoyunlu ordugahında böyük qarışıqlığa və hərc-mərcliyə səbəb oldu. Şahzadələrdən heç biri burada deyildi; Şahməhəmməd Bağdadda, İsgəndər Kərkükdə, İspənd Adilcəvazda, Cahan şah Sultaniyyədə, Əbu Səid isə Ərzincanda idi. Yaxınlaşan Teymuri qoşunundan vahiməyə düşmüş Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Bir dəstə adam Qaraqoyunlu padşahının cəsədi olan otağa girdi, buranı qarət etdi, cəsədin əynindən paltarını çıxardı, hətta onun qulaqlarındakı qızıl sırğaları da bıçaqla kəsib götürdü. Yalnız iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və başqaları) tərəfindən götürüldü, Təbrizə, buradan da Ərcişə - ata-babasının məzarları yanına gətirildi və dəfn edildi.

1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. Aran Qarabağında qışlayan Sultan Şahruxun hüzuruna gəlmiş qonşu hakimlər arasında Qarabağ hakimi Yar Əhməd Qaramanla yanaşı qardaşı Şirzad da olmuşdu . 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. Teymuri tarixçisi Fəsih Xəvafi yazır ki, bu zaman Qaraköpəktəpədə (hazırda Füzuli şəhərinin şimal-şərqində yerləşir) olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Yar Əhmədə qarşı göndərdi .

Ailəsi

Trabzon imperatoru III Manuelin qızı ilə evlənmişdi.

  1. Pirbudaq
  2. Şahməhəmməd
  3. Qara İsgəndər
  4. Cahan şah
  5. Əbu Səid
  6. Əmir İsfahan

Məktubları

Qara Yusifin Osmanlı sultanı I Məhəmmədə məktubu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR