Qaqarinin ölümündəki sirr pərdəsi – Vedrədən tapılan xallı baş
Məşhurlar haqqında hər zaman əfsanələr yaranır və yönünü, səmtini dəyişərək “balalayır”.
Hər bir qələm sahibi oxuduğu, eşitdiyi mənbə səviyyəsində yazı qələmə alır. Çox təəssüflər olsun ki, bazar səviyyəsində yayılan dedi-qodu KİV səviyyəsində gündəmə gəlir. Bizim media da nə gəldi, necə gəldi yazmaqda birincilərə göz dağı verənlərdəndir.
aq olanda Yuri Qaqarin haqqında cürbəcür rəvayətlər eşidirdim. Bəs sən demə, Qaqarin son uçuşunu həyata keçirən zaman içkili olub. O vaxt ən qıt olan nəsnə informasiya idi. Bu kimi sərsəmləmələrə inanmaq mümkün idi. Bəs indi?!
Əliqılınclı sovet imperiyasının ən həssas nöqtəsi olan kosmonavtikada, pilot hazırlamada sərxoş birinin qiymətli təyyarədə, özü də həmkarı ilə birgə sınaq uçuşuna qalxması mümkün idimi?! Bu üzdən Yurinin də içməsində qeyri-adi bir şey görmürəm. Amma “sükan arxasına əyləşərkən sərxoş idi” yazmaq ən azından əlindəki qələmə hörmətsizlikdir. Onun haqqında atamdan öyrəndiyim və araşdırdığım bəzi şeyləri sizinlə bölüşmək istəyirəm.
Yuri Qaqarin ölümünə - həyata keçirdiyi son uçuşuna dörd gün qalmış dostu kosmonavt Alekseylə bərbərə gedib. Dostunun dediyinə görə, onun boynunda təxminən beş mm-lik məxmər xalı olub. “Mən bərbərə xəbərdarlıq etdim ki, ehtiyatlı olsun, xalı zədələməsin...” 1968-ci il martın 27-də, çərşənbə günü Qaqarin ən təcrübəli pilot-instruktor hesab edilən Vladimir Seryoginlə birgə idarə etdiyi təyyarədə yerə çırpılır. Eniş etmək üçün icazə istəyirlər, sonra isə yerlə əlaqə kəsilir və onların sonrakı taleyi haqqında məlumat olmur.
İlk olaraq digər pilotun - Vladimirin qalıqları tapılır. Batalyon bütün gecəni ara vermədən axtarış aparır. Səhəri gün Yuriyə aid olan gödəkcənin və digər əşyaların qalıqları tapılır. Aleksey Leonov çölü yaşıl, içi ağ emal vedrədə başın boğazla bir hissəsini tapır. Yuriyə aid olduğunu söyləyir. Bunu hələ təsdiqləmək lazımdır deyəndə, xalı göstərərək “Artıq təsdiqləndi” deyir.
Qəza haqqında Dövlət Komitəsinin yazdığı akt dərc olunan günün səhəri şayiələr, müxalif fikirlər dolaşmağa başlayır. Su-15 qırıcısının Qaqarinin təyyarəsi ilə toqquşduğu söylənilir. İyirmi ildən sonra qəzanın başvermə səbəbi kimi göstərilən bu hadisəyə İki dəfə Sovet İttifaqı qəhrəmanı, təyyarəçi-kosmonavt Aleksey Leonov etiraz edir. O, bu işdə məsul şəxs olan Stepan Mikoyana rəsmi sual ünvanlayır. “Əgər həmin gün orada belə bir təyyarə olubsa və bu toqquşma baş veribsə (hansı ki, bunun baş verməsi absurddur. O ərazi yalnız sınaq uçuşuna icazə verilən təyyarə üçün açıq olur), həmin təyyarəni idarə edən pilotun soyadı nədir? Nə üçün onun kimliyini açıqlamırsınız?! Sanki mən heç nə soruşmadım, sualıma cavab verən olmadı”.
Bu qəzada xarici dövlətlərin, ələlxüsus da ABŞ-ın əli olduğunu söyləməyə cəhd edənlər də oldu. Amma bu fikir “ayaq tutub yerimədi”.
Yuri Qaqarin bütün dünyanın sevimlisinə çevrilmişdi. Dəyəri milyonlarla dollarla ölçülən medal, orden, mükafatlarla təltif olunmasına baxmayaraq, heç vaxt təkəbbürlənmədi. İngiltərə kraliçası Yelizavetanın Qaqarini qucaqlayıb öpməsi, digər prezidentlərin onun şərəfinə təşkil etdikləri ziyafətlərdə deyib-gülməsi, milyonların kosmonavta ünvanladığı sevgi dolu məktublar da onu dəyişdirmədi. Hər zaman sadə qaldı.
Amma saatlarla başqalarının əhatəsində olmaq məcburiyyəti, rəsmi görüşlər, şəxsi həyatını yaşaya bilməməsi onu dəyişir və əsəbiləşdirirdi... Digər həmkarları isə, demək olar ki, torpağa ayaqlarını basdıqları andan ulduz xəstəliyinə tutulurdular.
Yuri “Xoşbəxt bir an məni xilas etdi – yoxsa uşaqkən acından öləcəkdim” deyirdi. Hər zaman əlaçı olması və möhkəm fiziki hazırlığına görə dünyanın ilk kosmonavtı adını qazandı. Bir də boyu 1,65 metr idi, kosmik gəminin ölçüsünə görə ucaboylu kişilər bu işə cəlb olunmurdular.
Martda dünyaya gələn Yuri elə martda da dünyadan getdi. Dünyanın sevimlisi Qaqarin bütün sirləri də özü ilə apardı.
Moskvada, Kremlin divarında dəfn olundu.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət