Qanunsuz kəsim məntəqələrində reyd keçirilib
Qida Təhlükəsizliyi Agentliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Struktur bölmələrinin əməkdaşları ilə birlikdə paytaxtın Yasamal rayonunda və Sumqayıt şəhərində qeyri-qanuni heyvan kəsimi məntəqələrində reyd keçirilib. Agentlikdən SİA-ya verilən məlumata görə, reyd zamanı qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlər görülüb. Eyni zamanda və yol kənarlarında qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Qida Təhlükəsizliyi Agentliyi bir daha qeyri-qanuni heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və bu sahədə qanunsuz fəaliyyət göstərməməyə çağırır. Əgər sahibkarlar standartlara uyğun, müasir heyvan kəsimi və ət satışı məntəqələri yaratmaq istəyirlərsə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Eyni zamanda, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etmək tövsiyə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət