Slimfit
  1. CƏMİYYƏT

Qanun qadağan etmir, amma icazəni ayrı-seçkiliklə verir

Qanun qadağan etmir, amma icazəni ayrı-seçkiliklə verir
Sakura

Qanun qadağan etmir, amma icazəni ayrı-seçkiliklə verir

İşığın düzgün bucaq altında düşməsi, sağa, sola doğru səpələnməsi, önə hansı dərəcə işıq salması, qarşıdan gələn nəqliyyat vasitələrinin sürüclərinə nə qədər maneə törətməsi mütləq nəzərə alınmalıdır
Azərbaycanda bəzi sürücülərin avtomobillərə əlavə avadanlıqlar quraşdırması praktikası hələ sovetlər dövründə də mövcud olub. Vaxtilə müxtəlif mahnıların, əcaib səslərin avtomobillərin səs siqnalları vastəsilə qulağımızı yağır etməsi adi hala çevrilmişdi. Yol polisinin ciddi tədbirləri nəticəsində bu cür halların qarşısı böyük ölçüdə alınıb. Amma hələ də müxtəlif əcaib səs siqnallarını eşidirik.

Səs siqnalları ilə yanaşı sürücülərin led və ksenon işıqları maşınlara quraşdırması halları mövcuddur. Yol polisi bu cür halları müəyyən etdikdə, inzibati qaydada tədbirlər görür. Dövlət Yol Polisinin əməkdaşları yaxınlaşan zaman vəziyyət dəqqiləşdirilir, qanun tələb edərsə, protokol tərtib edilir.

Maraqlıdır ki, bəzi avtomobillərdə belə avadanlıq zavod istehsalı olur. Yəni avtomobillər istehsal edildiyi zaman bu avadanlıqlarla təmin edilmiş olur və bu barədə avtomobilin kitabçasında qeyd edilir.

Bəs hansı səbəbdən zavod istehsalı olan avtomobillərdə buna qadağa qoyulmur, yerli ustaların “sənət əsərləri” isə polisin qəzəbinə tuş gəlir?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, Azərbaycan "Təkərli nəqliyyat vasitələri, təkərli nəqliyyat vasitələrində quraşdırılan və ya istifadə olunan avadanlıq və hissələr üçün vahid texniki qaydaların və bu qaydalar əsasında verilən razılıqların qarşılıqlı şəkildə tanınma şərtlərinin qəbul edilməsi haqqında" beynəlxalq Müqaviləyə qoşulub: "Həmin müqaviləyə qoşulan dövlətlər BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) tərəfindən avtomobillərə, onların avadanlıq və hissələrinə dair işlənib hazırlanan razılaşdırılmış qaydaları (yəni avtomobillərə aid texniki şərtləri və standartları) tanımalı və tətbiq etməlidirlər. Avtomobillərdə işıq cihazlarına dair standartlar isə AİK-in 48 saylı qaydalarında müəyyən edilib".

Muradlı hesab edir ki, led işıqlar qadağan olunan cihazlar kateqoriyasına daxil deyil: "Sadəcə olaraq, avtomobillərdə led işıqlardan düzgün, normaları pozmamaq şərti ilə istifadə etmək lazımdır. Məsələn, "VAZ" markalı avtomobillərdə, "Mercedes"in, "Hyundai"in, "Nissan"ın köhnə modellərində istehsalçı zavod heç vaxt led işıq və ksenon lampalar nəzərdə tutmayıb".

Onun sözlərinə görə, led işıqlar qadağan deyil. Sadəcə olaraq həmin tip işıqlar quraşdırılarkən, maşının elektrik gücü nəzərə alınmalıdır: "Həmin led lampanın avtomobilin üzərində olan sadə lampanın gücünə bərabər olub-olmaması nəzərə alınmalıdır. İşığın düzgün bucaq altında düşməsi, sağa, sola doğru səpələnməsi, önə hansı dərəcə işıq salması, qarşıdan gələn nəqliyyat vasitələrinin sürüclərinə nə qədər maneə törətməsi – bunlar hamısı mütləq nəzərə alınmalıdır".

 

Yol-nəqliyyat eksperti Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, "Yol hərəkəti haqqında" qanunun 1 saylı Əlavəsinin III hissəsinin 1-ci bəndinin tələbinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmalıdır. Eyni zamanda, qanun ön fənərlərin ağ, sarı, narıncı rənglərdən başqa digər rəngdə olmasını qadağan edir. İşıqqaytarıcılar isə mütləq ağ rəngdə olmalıdır. Arxa fənərlərdə isə geriyə hərəkət fənəri və qeydiyyat nişanı işığı yalnız ağ, arxa "stop"lar yalnız qırmızı, dönmə və duman fənərləri narıncı və sarı rəngdə olmalıdır.

A.Allahverənov qeyd edib ki, avtomobillərdə quraşdırılan led işıqlar zavod istehsalı olub-olmamasını sübut etmək o qədər də çətin deyil:

"Avtomobillər mütəmadi olaraq texniki baxışdan keçirilir. Texniki baxış zamanı avtomobillərin elektrik sistemi də müayinədən keçirilir. Texniki baxış zamanı bu aşkar edilərsə, sürücülərə növbəti texniki baxışa qədər müəyyən edilmiş qüsurların aradan qaldırılması tövsiyə edilir. Əgər günün qaranlıq vaxtında polis əməkdaşları belə qüsurları aşkarlayarsa, inzibati protokol tərtib edilə bilər. Ancaq qeyd edilən detallar zavod istehsalıdırsa, bu barədə avtomobilin kitabçasında qeyd edilir. Yəni bunu asanlıqla sübut etmək mümkündür".

Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinin 342.2 maddəsinə əsasən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə sürücülər 20 manatdan 30 manatadək cərimə edilir.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR