“Qanlı kaha”: Dörd ay kahaya sığınan Kəlbəcər sakinlərinin həyatı
Qarabağ müharibəsi veteran, tanınmış jurnalist, Elxan Salahovun yenicə çapdan çıxmış “Qanlı kaha” kitabının təqdimat mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, tədbiri giriş sözü ilə “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov açıb. O bildirib ki, “Qanlı kaha” kitabı 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində kahalara sığınmış 76 dinc sakinin mühasirə həyatından bəhs edir.
“Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyinin gənclərin vətənpərvər ruhda tərbiyə olunması sahəsində müxtəlif layihələr həyata keçirdiyini deyən Həbib Misirov deyib ki, “Qanlı kaha” kitabında haqqında danışılan hadisələr ilk dəfə tam və dolğun şəkildə geniş ictimaiyyətə təqdim olunur.
Onun sözlərinə görə, sənədli-publisistik povestdə Kəlbəcərin işğalı Başlıbel kəndində kahalara sığınan dinc sakinlərin məşəqqətli mühasirə həyatı, erməni quldurlarının törətdiyi dəhşətli qətliamlar şahidlərin xatirələri əsasında qələmə alınıb.
Daha sonra söz kitabın müəllifi Elxan Salahova verilib. O, müəllifi olduğu kitabda Ermənistan silahlı qüvvələrinin Başlıbel kəndində törətdiyi kütləvi qətliamlar, vandalizm hərəkətləri barədə danışıb.
O bildirib ki, Başlıbel kəndində 113 gün davam edən mühasirə zamanı dəfələrlə erməni silahlıların hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib.
“Qanlı kaha” kitabında mühasirə zamanı işğalçı Ermənistanın Başlıbel kəndində köməksiz vəziyyətdə kahalara sığınmış əliyalın insanlara qarşı törətdiyi vəhşiliklər, evlərin yandırılması və talan edilməsi, bir gecədə 4 ailənin bütün üzvlərinin qətlə yetirilməsi konkret faktlar əsasında təfsilatı ilə oxucuların diqqətinə çatdırılır.
“Ümumilikdə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 36 sakini amansızcasına qətlə yetirilib, 19 nəfər girov götürülüb, 1 nəfər (İkinci Dünya müharibəsi əlili, 75 yaşlı Kazımov Ələsgər Ələsgər oğlu) itkin düşüb.
Qətlə yetirilən sakinlərin 27 nəfəri, girov götürülənlərin isə hamısı mülki vətəndaşlardır. Qətlə yetirilənlərin 14-ü qadın, 1-i azyaşlı uşaq, 7 nəfəri yaşı 70-dən yuxarı qoca, o cümlədən 3 nəfəri yaşı 100-ü keçmiş şəxsdir. Girov götürülənlərin isə 9-u qadın, 3 nəfəri uşaq olub. Ermənilərin Başlıbel kəndində girov götürdüyü ən yaşlı qadının 93, ən kiçik uşağın 2 yaşı vardı”.
Xalq yazıçısı Sabir Rüstəmxanlı isə Kəlbəcərin işğalı zamanı Başlıbel kəndində 100-dək dinc sakinin mühasirədə qalmasını, 62 nəfərin 4 aya qədər kahalara sığınaraq düşmənə dirəniş göstərməsi hərb tarixində nadir hadisələrdən biri kimi dəyərləndirib.
O, həmçinin bu hadisənin indiyədək film və ya kitab halında dünya ictimaiyyətinə çatdırılmamasına görə təəssüf və təəccübünü gizlətməyib:
“Bu hadisə əslində Başlıbel kəndində mühasirədə qalan əliyalın dinc sakinlərin düşmənə qarşı dirəniş göstərməsinin, yurda bağlılığının, Kəlbəcərin ermənilərə təslim edilməsi ilə barışmaq istəmədiyinin göstəricisidir.
“Qanlı kaha” kitabını həyəcansız oxumaq mümkün deyil, bu doğrudan da qəhrəmanlıq salnaməsidir ki, burada yazılanlar mənim özüm üçün də yeni hadisələrdir. Silah-sursatı, ərzağı, hətta əynində isti geyimi olmayan 62 nəfərin hər bir çətinliyə tab gətirib 4 aya qədər kahalarda yaşaması möcüzədir”.
Sabir Rüstəmxanlı Mədəniyyət Nazirliyinə çağırış edərək “Qanlı kaha” kitabı əsasında film çəkilməsini təklif edib. Onun fikrincə, nazirlik Başlıbel kəndində mühasirədə qalmış insanların başına gətirilən hadisələri film şəklində dünya ictimaiyyətinə çatdırılmasını təmin etməlidir. Başlıbel kəndində kahalara sığınmış dinc sakinlərin mühasirə həyatından belə bir əsər yaratdığına görə müəllifə təşəkkür edən Xalq yazıçısı nəşrin Qarabağ həqiqətlərininnin geniş ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını deyib.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov isə ziyalılara, dövlət hakimiyyəti orqanlarının rəhbərlərinə müraciət edərək onları yenicə nəşr olunmuş “Qanlı kaha” kitabına laqeyd qalmamağa çağırıb. O qeyd edib ki, bu kitab tezliklə rus və ingilis dillərinə tərcümə olunaraq Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslara, səfirliklərə, diaspor təşkilatlarına çatdırılmalıdır.
Tanınmış ziyalılar - Əlövsət Ağalarov, Qulu Məhərrəmli, Hüseyn Şahbəndəyev, Həqiqət Şükürova, iqtisadçı alim Ənvər Salahov, İlham Məmmədli, Xalid Kazımov və digərləri çıxışlarında “Qanlı kaha” kitabını Qarabağ həqiqətlərinin tanıdılması üçün gələcəkdə tutarlı mənbə kimi dəyərləndiriblər.
Xatırladaq ki, “Qanlı kaha”da 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər, məşhur “Murovdağ əməliyyatı” və onun nəticələri barədə də geniş məlumat verilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət