Qana ehtiyac duyanlar - Xəstələr onu pulsuz ala bilirmi?..
2005-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Assambleyasında könüllü qan donorluğunu dəstəkləyən bəyanat qəbul edilib. ÜST və digər beynəlxalq qurumların təkidlərindən sonra əksər ölkələrdə qan donorlardan pulsuz, könüllülük əsasında alınır. ÜST hesab edir ki, könüllü donorların qanı daha təhlükəsizdir.
ÜST-nin müraciətindən sonra Azərbaycanda donorlara qan müqabilində pul vermək qadağan olunub. Amma təəssüflər olsun ki, donorlardan pulsuz alınan qan bəzən qana ehtiyacı olanlara ya pulla satılır, ya da ümumiyyətlə, xəstəxanalarda xəstələrə qanın olmadığı deyilir.
B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlmirzəyeva isə Modern.az-a bildirib ki, Azərbaycanda qan pulla satılmır.
“Qan yalnız tibb müəssisəsində köçürülə bilər”
Z.Əlimirzəyevanın sözlərinə görə, bu günədək Mərkəzi Qan Bankına pulla qan verən olmayıb:
“Şəxsə qan lazım olduğunu həkim müəyyən edir və qanköçürmə yalnız tibb müəssisində həyata keçirilməlidir. Qan köçürülüməsi üçün göstəriş olmalıdır. Bunun üçün xəstənin müalicə aldığı xəstəxananın baş həkimi tələbnamə yazmalıdır. Həmin tələbnamə ilə Qan Bankına müraciət olunur. Çox vaxt xəstə üçün donorlar gəlib qan verir. Qan yoxlanılır, tədarük olunur, komponentlərə ayrılır. Daha sonra ehtiyacı olan adama verilir. Bütün bunlar sırf həkim və tibb işçilərinin iştirakı ilə olur. Tələbnamə, sənəd olmadan Qan Bankından heç bir adama qan verilmir. Çox vaxt xəstə üçün donor yaxınları, dost, tanışları olur. Qan daim yenilənir və saxlama müddəti 30-42 gündür. Ona görə də qan vermək üçün canlı insan lazımdır”.
Talessimiyaları uşaqların ümidi...
Direktor qeyd edib ki, qana ehtiyacı olan xəstələr üçün mütəmadi olaraq, qanvermə aksiyaları təşkil olunur:
“Bizim briqadalarımız bölgələrə gedir. Ötən həftə Dövlət Dəniz Agentliyində, Sabirabad Mərkəzi Xəstəxanasında, “Baktelecom”da, “SOCAR”da qanvermə aksiyları keçirilib. Bildiyiniz kimi, talessimiyalı uşaqlara ayda 2-3 dəfə qan vurulur. Briqadalarımız qanı həmin uşaqlar üçün təmənnasız verir”.
“Donor qanı təmənnasız verir”
Z.Əlmirzəyeva bildirib ki, qan verən donor da bunu təmənnasız edir:
“Əgər əksi baş verirsə belə, bu, dövlət xəstəxanalarında ola bilməz. Ola bilər hansısa özəl xəstəxanada bunu edirlər. Hətta mümkündür ki, kimsə kənarda razılaşdırılmış şəkildə pulla qan verməyə gəlsin. Biz bütün bunlara cavabdeh deyilik”.
Bu insanlar donor ola bilməz
Onun sözlərinə görə, donor sağlam insan olmalıdır:
“Anemiyalı xəstələr, şəkərli diabet xəstələri, pirsinq, tatu, yaxud xırda əməliyyat keçirən şəxslər, hətta bir neçə ay əvvəl xaricdə olan şəxslər belə donor ola bilməz. Bütün dünyada olduğu kimi, qanın tərkibi qəbul olunmuş standartlara görə yoxlanılır. Bunun üçün ilk növbədə hemoqlabin yoxlanılır. Əgər hemoqlabinin səviyyəsi aşağıdırsa, həmin şəxsdən qan götürülmür.
Bundan başqa, qanında hansısa xəstəlik çıxan insanın adı “qara siyahı”ya salınır və həmin şəxs heç vaxt donor ola bilməz. Ümumiyyətlə, hər donordan maksimum 400 ml qan götürülə bilər. Götürülən qan səkkiz saatdan sonra, qan kürəciklərinin hamısı isə bir aydan sonra bərpa olunur. Qadınlar il ərzində 4 dəfə, kişilər isə 5 dəfə donor ola bilər. Mütəmadi şəkildə donorluq edən şəxslərdə ürək qan-damar xəstəlikləri, hipertoniya və digər xəstəliklərin rast gəlmə riskləri digərlərinə nisbətən 5-10 dəfə aşağı olur”.
“Bu il Aşurada qan verənlərin sayı 5 mindən çox olub”
Direktor qeyd edib ki, hazırda Mərkəzi Qan Bankında kifayət qədər qan ehtiyatı var:
“Rəqəmlər ildən-ilə artır. Keçən il ilin sonunda 85 min donor idisə, bu il 90 minə yaxın olacağı gözlənilir. Çünki bu il Aşurada da qan verənlər çox idi. Ötən il 3400 nəfər qan vermişdisə, builki Aşurada donorların sayı 5 mini ötmüşdü”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət