Slimfit
  1. MARAQLI

Qan Turalı yazır: Mxitaryan kimin üçün oynayır?

Qan Turalı yazır: Mxitaryan kimin üçün oynayır?
Sakura

Qan Turalı yazır: Mxitaryan kimin üçün oynayır?

Bilirsiniz ki, 29 mayda “Çelsi” ilə “Arsenal” Bakıda final oyununa çıxacaq. Lakin biz bu möhtəşəm finaldan qabaq Henrix Mxitaryanın Bakıya gəlməməsini müzakirə edirik.

Əlbəttə, erməni idmançıları çox vaxt Bakıya gəliblər. İstər Avropa Oyunlarında, istərsə də digər yarışlarda... Onlara qarşı hər hansı bir təzyiq olubmu?

Əsla...

Bəli, uzağı ola bilər ki, Mxitaryanın ayağı topa dəyən kimi stadion onu fitə basa. Amma bu, o qədər adi bir şeydir ki...

Luis Fiqo “Barselona”dan “Real”a keçdikdə məşqçilər ona künc zərbələrini vurmağı qadağan etmişdilər. Bildiyiniz kimi, künc zərbələri yerinə yetirilən yerlər azarkeşlərə yaxın olur. Amma o, künc zərbəsini yerinə yetirirdi. Və üstünə, idman jurnalistləri demiş, nə qədər yad cisim atılırdı. İnanmıram ki, Mxitaryanı belə bir aqibət gözləsin.

Bizim azarkeşlər nəzakətlidir. Həm Mxitaryan da “Arsenal”ın futbolçusudur. Bu komandanın ölkəmizdə nə qədər azarkeşi var. Dövlət rəsmi şəkildə zəmanət verir. Səfirlik zəmanət verir. Lakin Mxitaryan gəlməməkdə israr edir.

Bu, onun ilk əməli deyil. 2015-сi ildə “Qəbələ” “Borussiya” ilə oynayanda Mxitaryan gəlməmişdi. “Qarabağ” “Arsenal”la bir qrupa düşəndə də Mxitaryan Bakıya gəlmədi. 

Artıq üçüncü dəfədir. Və futbol kimi bəşəriyyəti birləşdirən, hər cür siyasətin fövqündə dayanan və az qala din statusuna yiyələnən bir dəyərin daşıyıcısının bu cür münasibəti, sadəcə, cılızlıqdır. Çünki futbol siyasətdən də üstündür.

Siz Almaniyanın siyasətini sevməzsiniz, Merkelə nifrət edərsiniz, amma bu sizin Almaniya milli yığma komandasına, ya da onun hansısa klubuna azarkeşlik etməyinizə mane ola bilməz. Çünki futbol sevdası və ehtirası və əlbəttə ki, peşəkarlıq hər şeydən uca olmalıdır.

Biz, bəlkə, Argentinanın prezidentinin kim olduğunu bilmirik, amma Maradonanı tanıyırıq, sevirik. Argentina İngiltərə ilə Folklend adaları üstündə böhran yaşayanda bu, milyonlarla ingilis azarkeşinin ürəyində Maradonaya nifrət oyatdımı?

Əsla...

Çünki futbol hər şeydən ucadır, futbol az qala müqəddəsdir. Əlbəttə, daima Mxitaryan kimi futboldan öz cılız məqsədləri üçün istifadə edənlər olub və olacaq. Yadıma elə İngiltərə mətbuatının “Euro-96”da Almaniya yığma komandası üçün yazdıqları düşür.

Biri eynən belə yazmışdı:

“Hər almanın ürəyində İngiltərəni işğal etmək arzusu yatır”.

Bu qədər irqçi, bu qədər ksenofob bir yanaşma... Amma nə oldu? Yarımfinalda Almaniya İngiltərəyə qalib gəldi və finalda da Çexiyaya qalib gələrək kuboku aldı. O sözləri yazanlara nə oldu bəs?

Mxitaryan bu cür gedişlə siyasi xal toplamaq istəyir. Lakin əsl futbolçunun belə şeylərə ehtiyacı yoxdur. O, öz xalqının gözündə qəhrəman olmaq istəyir. Lakin belə qəhrəmanlıq da olmur. Bu fərarilikdir, o mənada ki, öz klubunu belə bir mötəbər və çətin oyunda tək buraxırsan. Və heç bir doğru-dürüst izahat vermirsən. Verə bilmirsən.

Azərbaycan azarkeşlərinin Mxitaryanla bağlı nə problemi ola bilər ki? Ermənidir, düzdür, amma “Arsenal”ın formasını geyinir. Qarabağ müharibəsində 3-4 yaşı vardı. Onun Azərbaycan xalqına nə pisliyi keçmişdi ki, indi xalq ondan intiqam almaq istəyə?!

Bu mənada, ermənilərin də iştirak etdiyi onlarla yarışa ev sahibliyi etmiş Azərbaycan üçün Mxitaryanın bu hərəkəti də heç bir neqativ nəticə vəd etmir. Görünən odur ki, Mxitaryan futbol topu ilə yox, siyasət topu ilə oynamaq istəyir və “Çelsi”nin qapısına vurmalı olduğu topu siyasət meydanında öz qapısına göndərir.

İdmanın fəlsəfəsinə bu cür xor baxan bir insan isə heç zaman futbol tarixində qala bilməz, çünki futbol təkcə oyun deyil, həm də dəyərdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR