Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Qan tökülərək alınan torpağı canı bahasına geri alan – Aprel şəhidi Mirsalam Cəfərov

Qan tökülərək alınan torpağı canı bahasına geri alan – Aprel şəhidi Mirsalam Cəfərov
Sakura

Qan tökülərək alınan torpağı canı bahasına geri alan – Aprel şəhidi Mirsalam Cəfərov

Hörmətli izləyicilərimiz, sizi bu dəfə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş gizir Cəfərov Mirsalam Təvəkkül oğlunun keçdiyi döyüş yolu ilə tanış edəcəyik. 
 
Əvvəlcə şəhidimiz barədə qısa məlumat verək: Mirsalam Təvəkkül oğlu Cəfərov 1994-cü il aprelin 7-də Tovuz rayonunun Bayramlı kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirdikdən sonra Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olur. Burada həkim, feldşer fakültəsini gizirlik kursunda bitirib. 2016-cı ilin aprel ayında isə Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mirsalam Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. 


Şəhid hərbçimizin atası Təvəkkül Cəfərovun sözlərinə görə, Mirsalamın hərbçi olmaq arzusu hələ uşaq yaşlarından olub. Gənclərin çağırışaqədərki hazırlıq fənnindən isə həmişə əla qiymət alıb. Rayonlararası keçirilən “Şahin” hərb oyunlarında məktəbini, komandasını qalib edən gizirin hələ məktəbdə olan zaman sərrast atıcılıq, yaralı təxliyyəsi, şərti düşmən arxasında gizli tapşırıqlar yerinə yetirmək qabiliyyəti onu hərbçi olmağa həvəsləndirib. 

“Mirsalam mənim kiçik oğlumdur. Həmişə deyirdi ki, ata sən niyə hərbçi olmadın? Hərbçi olmaqdan şərəfli nə var ki? O, uşaq vaxtı qohumlardan, qonşulardan kim hərbi xidmətdən gəlirdisə, tez onun formasını alıb geyinirdi. Necə deyərlər, niyyətin hara, mənzilin də ora... Hərbi məktəbi tibb sahəsi üzrə gizir kimi bitirəndən sonra dedi ki, ata mən Bakıda işləmək istəmirəm, cəbhə bölgəsində işləyəcəm. Elə oldu ki, sonradan onu təhsilini təkmilləşdirmək üçün Türkiyəyə apardılar. Həmin vaxt o, Xüsusi Təyinatlı Qüvvələrdə işləyirdi. Getdi orada da fərqləndi. Türkiyədə də yarışlarda qrup birincisi olub, gələndən 8 ay sonra da arzusuna çatdı - cəbhəyə göndərdilər…”, - deyə T. Cəfərov qeyd edib. 


Şəhidin anası Qızxanım Cəfərova isə, Mirsalamın ən böyük arzusunun hərbçi olmaqla yanaşı, həm də şərəfli ölüm olduğunu bildirib: “Elə hey deyirdi ki, ana mən küçəmizin yollarını düzəltdirəcəm. Elə bir şəkildə öləcəm ki, dillərə dastan olacam. Elə də oldu… Sonbeşiyim, gözümün nuru, dizimin taqəti balam hər istəyinə olduğu kimi, bu arzusuna da çatdı. 

Bala, Mirsalamın döyüş yoldaşları dedi ki, ay ana oğlunuzu necə vətənpərvər böyütmüsünüz. Demək Mirsalam özü hərbi həkim olub. Vəzifəsi yaralıları döyüş meydanından təxliyyə etmək olub. Görəndə ki, yoldaşları qeyri-bərabər döyüşə girir, onda o da silahını işə salıb. Pəncəli Teymurovla birlikdə də aprelin ikisindən üçünə keçən gecə şəhid olub. Bu gün də balamın üçüncü doğum günüdür ki, məzarı başında qeyd edirəm. Üzülürəm ki, canımdan can itirmişəm. Amma daha çox qürur duyuram, bu gün mənim yüzlərlə Mirsalam kimi balalarım var, Allah hamısını qorusun. Mənim üçün Mirsalam da, o biri şəhid balalarım da ölməyiblər, sadəcə vətənini qorudular. Bircə arzum var ki, torpaqlarımız sülh yolu ilə qaytarılsın. Daha şəhid istəmirəm”.


Mirsalamın qardaşı Mirhəşim Cəfərov, şəhidliyin şərəfli olduğunu, vətən uğrunda canından keçməyin, tanrı dərgahında da ən yüksək pillərdən biri hesab olunduğunu vurğulayıb. 

“Tanrı Vətən və torpaq uğrunda şəhid olanları, dərgahına sorğusuz-sualsız aparır. Mirsalamın da bütün şəhid qardaşlarımın da qisasını almağı Allah mənə də nəsib etsin. Qardaşım məndən üç yaş balaca idi. Həmişə mənimlə dalaşanda çalışırdı ki, mənə özündən kəşf etdiyi fəndlərlə qalib gəlsin. Çox bacarıqlı idi. Hərbi məktəbə qəbul olanda hər ay evə xidmətdə, təlim-tərbiyədə fərqlənməyə görə təşəkkür məktubu gəlirdi. Biz hər sirrimizi bir-birimizlə bölürdük. İndi də sözüm olanda gəlirəm məzarının başına dərdləşirəm. Bircə Allahdan şəhidlərimizin qisasını almağı mənə nəsib etməyi istəyirəm. Nə bilim qismət olacaqmı. Qardaşım belə özü öz qisasını alıb. Düşmənin iki yüksək rütbəli zabitini və 10 hərbçisini məhv edib. O, eyni zamanda yaralı yoldaşlarının da köməyinə çataraq onları xilas edib”, - deyə gözü dolmuş halda, baxışlarından qisas hiss edilən şəhidin qardaşı bildirib. 

Mirsalam Cəfərov Talış istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhidimizin nəşi 2016-cı il aprelin 11-də doğulub boya-başa çatdığı Tovuz rayonu Bayramlı kəndində torpağa tapşırılıb. Allah rəhmət eləsin. 






























 
Cümşüd Məmmədov
 
Mənbə: Ordu.az
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR