Slimfit
  1. MARAQLI

Qadınlarla kişilər nə dərəcədə fərqlidir?

Qadınlarla kişilər nə dərəcədə fərqlidir?
Sakura

Qadınlarla kişilər nə dərəcədə fərqlidir?

Şəxsiyyət profilləri qadınlarla kişilər arasında tutarlı (hiss olunmasa da) fərqləri ortaya qoyur. Bəs bu nə məna daşıyır?

Christian Jarrett bu dolaşıq və mübahisəli suala aydınlıq gətirir.

Deyirlər ki, kişilərlə qadınlar bir-birilərindən çox fərqlənir. Sanki başqa-başqa planetlərdəndirlər.

Bu iddia əyləncəli səsləndiyi qədər də qıcıqlandırıcıdır. John Gray-in 1990-cı illərin əvvlərində çap olunmuş satış rekordları qıran Kişilər Marsdan, Qadınlar Veneradandır kitabı milyon tirajlarla satılıb, əsasında bir sıra parodiyalar yaranıb və hətta Kişilər Marsdan, Qadınlar Veneradandır, Canlı! Adlı komediya tamaşasının səhnələşdirilməsinə səbəb olub.

Ölçülərimiz və anatomiyamızın fiziki fərqləri kifayət qədər aydın görünsə də, cinslər arasındakı psixoloji fərqlər daha qəliz və mübahisəlidir.

Fərqləri dəqiq ölçmək barəsində də problemlər mövcuddur. Və psixoloqlar bunu aşkarlayan zaman səbəblərin fitri və bioloji və ya sosial və mədəni olması ilə bağlı arqumentlər ortaya çıxır.

Kişilərlə qadınlar görəsən doğuşdan fərqlidirlər, yoxsa onları bu cür formalaşdıran cəmiyyətdir?

Fərqlər fərd əsasında nəzərə alınarsa, bu sualları cavablandırmaq qəlizləşir. Bir çox araşdırmalar göstərib ki, kişilərlə qadınlar bəzi mühüm xarakterlərə görə həqiqətən fərqlənirlər.

Bəs bu fərqlər bioloji, yaxud mədəni təzyiqlərdənmi doğur? Real həyatda onlar hər hansı bir əhəmiyyət kəsb edirmi?

Əksər fərqlərin ölçüdə kiçik, ümumilikdə mühüm nəticələrə səbəb olması ilə bağlı ehtimal da mövcuddur.

Mövzu üzrə aparılan ən təsirli tədqiqatlardan biri şəxsiyyət üzrə aparıcı tədqiqatçılar Paul Costa, Robert McCrae və Antonio Terracciano tərəfindən 2001-ci ildə nəşr olunub və buraya 26 mədəniyyəti təmsil edən 23 000 kişi və qadın daxil olub. Onlar xasiyyət ilə bağlı anketlər doldurublar.

Honkonq, ABŞ, Hindistan və Rusiya da daxil olmaqla cürbəcür mədəniyyətlərin nümayəndələri içində qadınlar özlərini kişilərdən daha istiqanlı, dostcanlı və hisslərinə qarşı daha narahat və həssas təsvir ediblər.

Kişilər isə özlərini daha iddialı və yeni ideyalara açıq kimi təcəssüm etdiriblər.

Şəxsiyyət psixologiyasının jarqonunda qadınlar Münasiblik və Nevrotiklik və Təcrübəyə Açıqlıq üzrə bir növdə yüksək nəticə göstərdikləri halda, kişilər Ekstraversiyanın bir növü və Təcrübəyə Açıqlığın başqa növü üzrə daha yuxarı xal toplayıblar.

Eyni nəticə 2008-ci ildə aparılan başqa bir araşdırmada da qarşımıza çıxıb. Araşdırma komandası 5 mədəniyyət üzrə 17 000 insandan xasiyyət ilə bağlı suallara cavab vermələrini xahiş edib.

Yenə də qadınlar Münasiblik və Nevrotiklik üzrə və bu dəfə Şüurluluq və Ekstraversiyanın istilik və xeyirxahlıq növlərində yuxarı nəticə göstəriblər.

Bir aşkar tənqid o idi, iştirakçılar öz şəxsiyyətlərini qiymətləndirirdilər. Bəlkə də qadınlar və kişilər cəmiyyətin onları görmək istədiyi şəkildə təsvir edirdilər. Amma bu heç də belə deyil.

McCrae və əməkdaşları tərəfindən 55 müxtəlif mədəniyyət üzrə 12 000 insanla aparılan və iştirakçılardan yaxşı tanıdıqları bir kişi və ya qadının şəxsiyyətini qiymətləndirmələri istənilən başqa bir araşdırmada da son dərəcə oxşar nəticələr əldə olunub.

Digər araşdırmalar da cinsi fərqlərin özünü çox erkən yaşlarda büruzə verdiyini göstərir.

Misal üçün 2013-cü ildə dərc olunan bir tədqiqat 357 cüt əkizin üç yaşı olarkən temperament fərqi göstəriciləri əsasında həyata keçirilib.

Ümumilikdə oğlanlar qızlardan daha aktiv olduqları halda, qızlar daha utancaq və diqqət və davranışını nisbətən çox idarə edən kimi qiymətləndiriliblər.

Şəxsiyyətin cinsi fərqləri aktuallığını yaşlandıqdan sonra belə qoruyur. Başqa bir araşdırma 65 və 98 yaş arasındakı qadın və kişilərin fərqinə nəzər salıb.

Yetkin yaşlı daha gənc qadınlar kimi yaşlı qadınlar da yaşlı kişilərə nisbətən Nevrotiklik və Münasiblik üzrə yüksək nəticə göstəriblər.

Bu nəticələr təkamül psixoloqlarına görə, ağlabatan səslənir. Çünki onlar deyirlər ki, bu günün psixoloji göstəriciləri bizim uzaq əcdadlarımızın yaşadığı sağ qalmaq tələblərini əks etdirir və bu tələblər kişi və qadınlar üçün fərqli olub.

Məsələn, daha çox tərbiyə (böyütmə bacarıqlı) xarakterli qadınların zəif körpəni böyütmək şansı yüksək olduğu kimi, həmcinsləri ilə mübarizədə daha cəsarətli kişilər qalib çıxa biliblər. Bu xarakterlər də öz növbəsində gələcək nəsillərə ötürülüb.

Costa, McCrae və digərləri tərəfindən aparılan bu üç genişmiqyaslı araşdırmanın hər biri, qadın və kişilər arasındakı fərqin Asiya və Afrikaya nisbətən Avropa və Amerika kimi daha çox inkişaf etmiş və gender bərabərliyinin (qadınların savadlılıq və uzunömürlülüyü kimi şeylər nəzərə alınaraq) daha güclü olduğu mədəniyyətlərdə üzə çıxdığını göstərib.

Bunun bir izahı o ola bilər ki, kişi və qadınlar arasındakı şəxsiyyət fərqlərinə səbəb olan anadangəlmə və bioloji faktorlar cinsi bərabərliyin daha yaxşı təmin olunduğu mədəniyyətlərdə daha dominantdır.

Bənzəri ssenari genlər və mühitin digər psixoloji xasiyyətlərə nisbi təsiri ilə üst-üstə düşə bilər. Misal üçün, təhsilin hər kəs üçün əlçatan olması, akademik nəticələrdə irsi zəkanın təsirini artırar.

Məsələyə başqa bir baxış tərzi isə şəxsiyyətin qeyd-şərtsiz müqayisəsidir. Bura, klavyaturadan istifadə etməklə insanların özlərinə aid sözlərlə başqalarına xas sözləri əlaqələndirməyə nə qədər hazır olduqlarını sınaqdan keçirmək də daxildir.

İdeya ondan ibarətdir ki, iştirakçılar özlərinə xas hesab etdikləri cəhətləri üzə çıxardıqlarını anlamırlar.

İtaliyanın Padua Universitetindən Michelangelo Vianello-nun rəhbərlik etdiyi tədqiqat qrupu 2013-cü ildə 14 000 insanın iştirakı ilə keçirdiyi araşdırmada bu metoddan istifadə edib.

Qeyd-şərtsiz müqayisələr zamanı şəxsiyyətdə cinsi bərabərsizlik hissi, standart sorğulara nisbətən üç dəfə az olub. Bu onu göstərir ki, standart sorğuların ortaya çıxardığı fərqliliklər şüurlu ayrı seçkiliyin təsiri ilə yaranır.

Qeyd-şərtsiz müqayisə kişi və qadın arasındakı statistik əhəmiyyətli fərqi ortaya çıxarıb, xüsusilə də qadının narahatlıq (Nevrotiklik) və münasiblikdə yüksək bal toplaması ilə.

Qısası bu araşdırma onu göstərir ki, cinsi bərabərsizlik təhtəlşüur səviyyəsində özünü göstərir.

Bəlkə də ona görə ki, insanlar mədəni gözləntiləri doğrultmaq istəyirlər.

Cinsi bərabərsizliyin ölçüsü ilə bağlı müzakirələr burada yekunlaşmır. Bəzi alimlər hesab edir ki, təfərrüatları getdikcə daha geniş fərqləri ortaya çıxarmaq mümkündür.

Linfield kollecindən Yanna Weisberg və onun həmkarları bu nəzəriyyəni 2011-ci ildə sınaqdan keçiriblər. Onlar bunu beş böyük xüsusiyyətin iki "aspektini" müqayisə etməklə həyata keçiriblər.

Misal üçün, Ekstraversiya xüsusiyyəti iki aspektdən ibarətdir: həvəs və özünə inam. Nevrotiklik isə dəyişkənlik və imtinadan ibarətdir.

Tədqiqatçılar müəyyən ediblər ki, qadınlar həvəs, mərhəmət, nəzakət, nizam-intizam, dəyişkənlik, imtina və açıqlıqla bağlı daha yüksək nəticələr qazanıblar.

Kişilər isə özünə inam, çalışqanlıq və intellektdə daha üstün olublar.

Lakin Weisberg və həmkarları onu da bildiriblər ki, fərqlər "elə də böyük deyil".

Biz populyar psixoloqlardan və şərhçilərdən tez-tez eşidirik ki, qadınlar və kişilər sanki tamamilə ayrı məxluqlardır.

Weisberg və komandası bu nəticəyə gəlib ki, şəxsiyyətdəki cinsi bərabərsizlik "insan mədəniyyətinin formalaşmasında əhəmiyyətli olsa da, bu, kişi və qadın arasında effektiv münasibətlərə mane olmur".

Lakin Turin Universitetindən Marco Del Giudice-in tədqiqat komandası bununla razı deyil.

2012-ci ildə dərc edilmiş yazıda onlar bildirirlər ki, əvvəlki araşdırmalar cinsi fərqlilikləri düzgün qiymətləndirməyib.

Mənə yazdığı email vasitəsilə Del Giudice öz yanaşmasını izah etməyə çalışıb.

"Şəxsiyyətdəki cinsi fərqlər simalardakı fərq qədərdir", o bildirib.

"İnsan üzündəki hər bir orqan (burnun uzunluğu, gözün ölçüsü və s) ayrılıqda qadın və kişi arasında fərqin az olduğunu göstərsə də, onları bir yerə qoyanda qadın və kişi görünüşü arasındakı fərq tamamilə aydın olur".

Bu yanaşma ilə 10 000-dən çox kişi və qadın arasında araşdırma edən Del Giudice və həmkarları şəxsiyyətdəki cinsi əsaslı fərqlilikləri sənədələşdiriblər.

Onlar deyir ki, bu fərqlər "psixoloji standartlara görə çox böyükdür."

"Şəxsiyyətdə cinsi fərqliliklərin əhəmiyyəti diqqətdən kənarda qalıb," onlar əlavə ediblər.

Şəxsiyyətdə cinsi fərqliliklərin ölçüsü və nəticələri ilə bağlı müzakirələrin hələ uzun illər davam edəcəyi gözlənilsə də, belə qənaətə gəlmək olar ki, səbəbindən asılı olmayaraq orta qadın və kişi şəxsiyyəti arasında müəyyən fərqlər mövcuddur.

Lakin burada "orta" sözü çox əhəmiyyətlidir. Hansı araşdırmaya inanmağımızdan asılı olmayaraq, cinslər arasında oxşarlıqlar çoxdur.

Onu da nəzərə almaq lazımdır ki, bu, şəxsiyyətlə bağlıdır, davranışın bütün aspektləri ilə deyil.

Kişi və qadının bir-birindən necə və nə üçün fərqləndiyini anlamaq hər kəs üçün bərabər imkanların yaradılmasına kömək ola bilər. Bu, eyni zamanda psixi sağlamlıqla balı problemlərin həllinə də təsir edə bilər. Nəzərə alsaq ki, qadınlarda depressiya kişilərə nisbətən daha yüksək olur.

"Cinsi fərqlilikləri olduğundan daha az kimi qiymətləndirmək insanları özləri və başqaları barədə çox əhəmiyyətli məlumatdan məhrum edir," Marco Giudice belə düşünür.

"Nəsillər boyu qadınlar kişilər, kişilər isə qadınlarla münasibətdə formalaşıblar. Biz isə çox mükəmməl və mürəkkəb bir tarixin nəticəsiyik. Bunu anlamaqla səthilikdən yayına bilərik".

 

Mənbə: BBC.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR