Slimfit
  1. MARAQLI

Qadınların iş dünyasına, kişilərin ev həyatına can atmasının görünməyən tərəfləri

Qadınların iş dünyasına, kişilərin ev həyatına can atmasının görünməyən tərəfləri
Sakura

Qadınların iş dünyasına, kişilərin ev həyatına can atmasının görünməyən tərəfləri

Artıq ailələrdə çalışan fərdlərin cinsiyyət ayrımı məsələsi tənzimlənməyə başlayır. Son illər bu tendensiya vüsət alır. İllər öncə ailənin əsas gəlir qaynağı kişilər sayılırdısa, indi qadınlar da iş dünyasında bərabərliyə çalışır. İş elanlarına diqqət edəndə də görürük ki, qadınlar üçün təklif edilən və yetərincə də yüksək şərtlər təklif edən işlər daha çoxdur. Seçimlər zərif cinsin xeyrinə olsa da, bu, bir çox hallarda ailənin yükünün də onun üzərinə düşməsi ilə nəticələnir.

Evdar qadına məvacib təyin edilsə…

Son nəticədə isə dünyada və ölkəmizdə evdar qadınların sayında bir azalma, işsiz kişilərin sayında isə bir artım özünü göstərir. Əslində isə cəmiyyətimizdə “evdar qadın” söz birləşməsi hər nə qədər qadının istədiyi kimi yaşaması, istirahət etməsi kimi yanlış anlaşılsa da, mənzərə fərqlidir. Qadın gün ərzində bir çox peşələri icra edir – aşpaz, sahə həkimi, psixoloq, xadimə, müəllimə… Uşaqlı anaların işi isə daha çətindir. Onlar eyni zamanda övladlarını öncə məktəbə, məktəbdən sonra isə məşğələlərə aparıb-gətirirlər. Bununla da bütün günləri məşğul olur və özlərinə vaxt ayıra bilmirlər.

Aparılan araşdırmalar sübut edib ki, əgər evdar qadınların əməyi pulla ödənilsəydi, o zaman onların maaşı səylə çalışan ərlərinin əmək haqqından xeyli yüksək olardı. Çünki işgüzar-evdar qadın həftənin 91 saatını işləyir və eyni vaxtda müxtəlif işlər görür – ev yığışdırır, xörək bişirir, uşaqların dərsləri, tərbiyəsi ilə məşğul olur və s. Amerikalı ekspertlər evdar qadının gördüyü 10 peşənin maaşını hesablayıblar və maraqlı qənaətə gəliblər. Onlar dəqiqləşdiriblər ki, ev qulluqçusu, aşpaz, uşaq tərbiyəçisi, paltaryuyan, sürücü, texniki assistent, süpürgəçi, kompüter operatoru, baş direktor və psixoloq peşəsinin öhdəsindən gələn qadınlar bunun müqabilində ildə 138 mimin 95 dollar maaş ala bilərlər. Bu göstərici ötən illə müqayisədə 3 faiz artıb…

İş həyatından uzaqlaşıb, evdar olan kişilər

Britaniya alimləri müəyyən ediblər ki, son illər Avropa ölkələrində ev təsərrüfatı ilə məşğul olan güclü cinsin nümayəndələrinin sayı artıb. Mütəxəssislər 1961-ci ildən 2011-ci ilədək olan dövrdə Avropa ölkələrində kişi və qadınların ev işinə sərf etdikləri ümumi vaxtı təhlil ediblər. Məlum olub ki, İspaniya və İtaliyada yaşayan qadınlar digər dövlətlərdə yaşayan zərif cinsin nümayəndələri ilə müqayisədə ev işlərinə daha çox vaxt ayırıblar. Bununla yanaşı, 36 il əvvəl italyan xanımlar ev işlərinə öz ərləri ilə müqayisədə 200 dəqiqə daha çox vaxt ayırıblar. Oxşar vəziyyət Avropanın digər ölkələrində də müşahidə edilir. Məsələn, 1961-ci ildən 2005-ci ilədək olan dövrdə Böyük Britaniyada qadınlar ev işlərinə 121 dəqiqə az vaxt ayırmağa başlayıblar. Eyni zamanda, kişilər 50 il ərzində ev işlərinə daha çox vaxt sərf etməyə başlayıblar. Qeyd edilir ki, Norveçdə və Finlandiyada kişilər arasında “evdarların” sayı digər ölkələrlə müqayisədə daha çox artıb.

Araşdırmanın nəticələri göstərib ki, sosial-siyasi islahatların aparılmaması və işəgötürənlərin müəyyən münasibəti nəticəsində cəmiyyətdə kişilərin və qadınların rolları dəyişə bilər.

Britaniyada uşaqlarına qulluq edən “evdar atalar”ın sayı yüksələrək rekord həddə çatıb. Böyük Britaniya Milli Statistika İdarəsinin məlumatına görə, hazırda İngiltərədə evdə oturub uşaqlarına qulluq edən ataların sayı 229 min nəfər təşkil edir.  Halbuki, 1993-cü ildə bu rəqəm 111 min idi. Bununla yanaşı, evdar xanımların sayı əvvəlki illərlə müqayisədə 45 min nəfər azalıb. Hazırda Britaniyada evdar xanımların sayı 2,04 milyona yaxındır. İngiltərədəki Atalıq İnstitutunun direktoru Adrian Berdjesin sözlərinə görə indi ailədə xanımların kişilərlə müqayisədə bəzən onlardan da artıq qazancı olur. Buna görə də ailə büdcəsinə qənaət etmək nöqteyi-nəzərindən kişilərin ev işləri ilə məşğul olması daha sərfəlidir.

 Mağara dövründə də kişilər evdar olublar

“Mağara adamı” kimi tanınan neandertal kişilərin evdar olduğu üzə çıxıb. Bu qənaətə İngiltərənin Kembric Universitetinin alimləri aparılan elmi araşdırmaların nəticəsində gəliblər. Açıqlamalara görə, neandertal kişilər mahir ovçu olmaqla yanaşı, həm də saatlarla evdə oturub, heyvan dərisini aşılayıb tikiş tikirlərmiş. Araşdırmalar Afrikadan Avropaya köç edən və 30 min il əvvəl nəsli tükənən neandertalların skeletleri üzərində aparılıb. Onların sağ qolunun soldan 50 faiz güclü olduğu məlum olub. Müasir insanda isə bu rəqəm 15 faizdir. Tədqiqatların nəticəsinə görə, mizraq atmaqla sol qolda daha çox əzələ gücü yaranır, dəri yontanların isə sağ qolu güclü olur.

1960-cı illərin sonlarında “evi dolandıran” qadınlar cəmi 4% idisə, 2000-ci ildə bu rəqəm 19%-ə yüksəlib. Tədqiqatçılar hesab edirlər ki, belə qadınların sayı bundan sonra da artacaq. Çünki hazırda 25% xanım əri ilə eyni qazanca malikdir və qarşıdakı dövrdə onların daha da “irəli getmələri” mümkündür.

Kişilərə gəlincə, son 15 ildə işsiz ataların sayı çoxalıb. 1994-cü ildə 120 min britaniyalı kişi evdə uşaqları ilə otururdusa, hazırda onların sayı 214 mindir. Mütəxəssislər hesab edirlər ki, bu, 70-ci illərdən etibarən kişilərin qadınlarla hüquqların bərabərliyinə daha loyal yanaşmasının nəticəsidir.

 

Ailə bazarlığını kim edir, etməlidir?

İngiltərədə bir ailə jurnalının apardığı araşdırmaya görə, kişilərin 28%-i ev işlərini və ailə bazarlığını həyat yoldaşı ilə birlikdə edir. Amma qadınların yalnız 14%-i bunun doğru olduğunu deyib. Sözügedən araşdırmada kişilərin 18%-i evdə yeməyi xanımı ilə birlikdə bişirdiyini deyib, amma qadınların yalnız 8%-i bunun doğru olduğunu bildirib.

Qeyd edək ki, cəmi 50 il əvvəl İngiltərədə cəmiyyətin qınağına görə, qadınlar kişilərlə birlikdə işə gedib-gəlmirdilər. Qadının işi yalnız onun evi idi. O zaman ingilis kişiləri birmənalı olaraq ev işlərinin qadın tərəfindən həll edilməsini düşünürdü.

Amma 90-cı illərdən etibarən İngiltərədə kişilər ev işlərində xanımına kömək etməli olduqlarını fikirləşirlər. Xüsusilə qadınların böyük bir əksəriyyəti həm evdə, həm də işə getdikləri zaman işlədikləri üçün kişilərin itirdiyi enerjinin 2 misli qədər enerji itirirlər. Jurnalın gəldiyi qənaətə görə, buna baxmayaraq kişilərin böyük bir qismi bu ev işlərində xanımına kömək etməkdən qaçır.

Qeyd edək ki, bu sadəcə İngiltərə cəmiyyəti üçün xarakterik deyil. Bütün Avropada son dövrlərdə həyata keçirilən gender proqramlarından sonra kişilərin hamısı ev işlərindən qaçırlar. İspaniya hakimiyyəti kişilərin ev işlərində xanımlarına kömək etmələri üçün reklama 780 min dollar xərc çəkib.

Kişi çalışmırsa, evdə bu işləri görür

Araşdırmalar isə sübut edib ki, evdar kişilər öz işlərinin öhdəsindən lazımi səviyyədə gələ bilirlər. Onların hər biri barədə ayrılıqda danışmağa ehtiyac var.

Təmizlik – kim deyir ki, kişilər qadınlardan daha az təmizkardır? Əslində təmizkarlıq bir xüsusiyyət, hətta həyat tərzidir və o, sonradan qazanılmır. Maşınını daim təmiz saxlayan, onun “naz”ı ilə oynayan güclü cinsin nümayəndələrini gözünüzün qabağına gətirin. Sizcə, onlar mebel tozunu almağa, döşəməni silməyə, çilçırağı təmizləməyə ərinə bilərmi?

Uşaqlara qayğı: Uşaqlar bir qayda olaraq evdə ataları ilə qalmağı sevir. Axı kişilər “əbədi uşaqlar”dır və onlar uşaqlarla daha çox oynayıb, vaxt keçirmələri o qədər də çətin olmamalıdır. Analar uşaqlarına münasibətdə daha sərt və tələbkardılar. Atalarsa bəzi səhvlərə göz yumur ki, bu da onları uşaqların sevimlisi edir.

Ailə büdcəsi: Əgər kişi evdarlıq yolunu seçibsə, demək ki, ailənin büdcəsini yönləndirmək, lazımi istiqamətdə xərcləmək də onun boynundadır. Bu halda nəzərə almaq lazımdır ki, qadınlar alış-verişdə daha çox başını itirən kateqoriyaya aiddir. Kişilər isə alış-veriş tələlərinə heç zaman düşmürlər, reklamlar onların gözünü örtmür və nəticədə daha hesablı, amma faydalı alış-veriş edirlər. Bu baxımdan ailə büdcəsinin idarə olunması kişinin əlində olanda bu, daha məqsədəuyğun sayıla bilər.

Aşpaz kişi: Tarix sübut edib ki, dünyanın ən yaxşı aşpazları kişilərdir. Onlar bişirməyi də, yeməyi də, ümumənsə mətbəxi çox sevirlər. Əgər daha öncələr onların mətbəxdəki bütün fəaliyyəti qayğanaq-sosiska səviyyəsində idisə, hazırda internetin, televerilişlərin sayəsində bu sahədə də peşəkarlaşmaq da mümkündür. Qadınlar birdəfəlik yadında saxlamalıdır ki, kişilər heç zaman gözəl paltar ütülədiklərini, yemək bişirdiklərini nümayiş etdirmirlər. Daha doğrusu, risk etmək istəmirlər. Axı ortada belə bir təcrübə var – bir dəfə eləsən, həmişə edəcəksən. Yəni, kişilər yuxarıda sadaladığımız işləri sırf boyunlarına düşən, məcbur olduqları vaxt edirlər. Əks halda, bunun adət, qadının kaprizinin nəticəsinə çevriləcəyindən qorxurlar.

Bir-birindən fərqli araşdırmalar və gəlinən nəticə onu göstərir ki, dünyada iş həyatı ilə vidalaşıb, özünü evə qapadan, ev həyatını, ev işlərini tərcih edən kişilər heç də az deyil. Onlar məişət qayğılarını ən azı qadınlar qədər bacarıqla həll edə bilirlər. Necə ki, qadınlar maşınlarının təkərini dəyişmək lazım gələndə qollarını çırmayıb, özləri həll edir, kişilər də eləcə… Bundan başqa, artıq dünyada rol paylaşımı da yetərincə fərqlidir. Heç bir peşə cinsiyyət ayrımına məruz qalmır. Əksinə, qadınlar həvəslə kişilərin uğurla icra etdiyi peşələrə yiyələnirlər. Eləcə də kişilər qadınların uğur qazandıqları məsləklərə…

Mənbə: Gencaile.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR